"300 minlik futbolçunu oynatmadan göndərənlər məsuliyyət daşıyır, yoxsa biz?"

"300 minlik futbolçunu oynatmadan göndərənlər məsuliyyət daşıyır, yoxsa biz?"
MÜSAHİBƏ 11 Aprel 2019 / 12:06 4848
-  A +

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Qol.az-a müsahibə verib. Ötən tur "Keşlə" üzərində qazanılan qələbənin əhəmiyyətindən danışan mütəxəssis digər məsələlərə də toxunub.

- Son turda "Keşlə" üzərində qazandığınız vacib qələbədən sonra komandada vəziyyət necədir?

- Bu qələbəni çoxdan gözləyirdik, ehtiyacımız var idi. Futbolçular həm uduzduğumuz, həm də bərabərə qaldığımız oyunlarda da çox çalışıblar. Amma xal itirmək, qələbə qazana bilməmək komanda üçün psixoloji zərbədir. Bura qədər dözmüşdük. Sevindirici haldır ki, komanda dağılmadı, toparlandı. Ancaq bu, o demək deyil ki, hər bir işin öhdəsindən gəlmişik. Hələ qarşıda çox oyun var. Mübarizə davam edir.

- Bu qələbəni "Suqmayıt" üçün dönüş nöqtəsi saymaq olarmı?

- Əlbəttə. Bilirsiniz ki, "Keşlə" bizdən 2 xal öndə idi. Məğlub olsaydıq, durumumuz daha da çətinləşə bilərdi. Bu qələbə qarşıdakı oyunlar üçün daha iddialı olmağa kömək edəcək və komandada ruh düşkünlüyünü aradan qaldıracaq.

- Qarşıda "Sumqayıt"ı daha bir vacib oyun, "Zirə" ilə matç gözləyir. Həmin qarşılaşma ilə bağlı nə düşünürsünüz?

- "Zirə"dən 2 xal geri qalırıq. Çətin səfərə yollanacağıq. Hər iki komanda üçün önəmli oyundur. Ümumiyyətlə, son turlar kritik olacaq. Bütün matçlara psixoloji baxımdan hazır olmaq lazımdır. Futbolçulara da demişəm ki, bu qarşılaşmalarda əzmkar komanda görmək istəyirəm.

- Bir az geriyə qayıdaq. "Keşlə" ilə oyundan öncə komandanız "Qarabağ"a 0:6 hesabı ilə uduzmuşdu. Sözügedən görüşdən sonra istefa barədə düşünmüşdünüz? Çünki hələ matçdan öncə söz-söhbət gəzirdi ki, məğlubiyyət olsa, Ayxan Abbasov "Sumqayıt"dan ayrılacaq...

- Yox, istefa barədə fikirləşməmişəm. İndiki məqamda bu komandanı bizdən yaxşı tanıyan olmaz. Hər dəfə deyirəm ki, bu duruma özümüz düşmüşük, özümüz də çıxa bilərik. Düzdür, acı məğlubiyyət idi. Oyuna baxsaq, bəlkə də o hesabı haqq etmirdik. Ancaq "Qarabağ" səhvləri bağışlamır. İstifadə etdi və böyükhesablı qələbə qazandı. Həmin oyundan sonra futbolçuları toparlamaq çətin oldu. Bununla belə, komanda şəklində birləşib, vəziyyətdən çıxdıq. "Sumqayıt"a gələndən istefa vermək fikrində olmamışam. İnanırıq ki, sona qədər mübarizə aparıb istəyimizə çatacağıq.

- "Qarabağ"la oyunda müdafiənin mərkəzində Şəhriyar Əliyevlə Elvin Bədəlova şans vermişdiniz. Ancaq "Keşlə"yə qarşı həmin mövqedə Rail Məlikov və Vurğun Hüseynov oynadı. Bu yerdəyişmə böyükhesablı məğlubiyyətə görə idi?

- Düzdür, Raillə Vurğun ən güvəndiyim, komandanın ən önəmli futbolçularıdır. Bura gələndən həmin futbolçuların özlərini yaxşı tərəfdən göstərmələri mənim üçün həmişə önəmli olub. Dəyişiklik sırf məğlubiyyətlə bağlı deyildi. Həm də qarşıdan gələn oyunları düşünürük. Bilirisiniz ki, Şəhriyar zədəli idi, formaya düşməlidir. Əslində elə böyük dəyişiklik olmamışdı. Yalnız Elvin Bədəlov yeni idi. Digərləri əvvəllər meydana çıxıblar. Düzdür, uduzanda hansısa nüansları tapırıq. Düzdür, səhvlər oldu. Bu da hər bir futbolçunun başın gələ bilər. Digər tərəfdən, unutmayaq ki, rəqib "Qarabağ" idi.

- Əvəzedici heyətə göndərdiyiniz Atilla Yıldırımı yenidən əsas komandaya qaytaracaqsınız, yoxsa?..

- Atillanın forması bizi qane etmədiyi üçün bu addımı atdıq. Ancaq daim izləyirik, söhbət edirik. Bu gün əvəzedici heyətdə daha yaxşı formada olan futbolçuları əsas komandaya cəlb etmişik. Məsələn, son oyunlarda İbrahim Əliyev bizimlədir. Kim yaxşı vəziyyətdədirsə, o da oynayacaq. Məsələyə bu cür yanaşırıq.

- Atillanın müqaviləsi mövsümün sonunda başa çatır. Göndərilmə ehtimalı var?

- Bir çox futbolçunun müqaviləsi bitir. Mövsümün sonunda oturub, klub rəhbərliyi ilə müzakirə edəcəyik.

- Ümumiyyətlə, qış fasiləsində heyətə cəlb olunan futbolçuların transferi zamanı sizinlə məsələhətləşiblər? Həmin oyunçuların birbaşa klub prezidenti Riad Rəfiyevin istəyilə milli komandamızda oynamaq üçün transfer olunduğu deyilir...

- Söz-söhbətlərin nədən qaynaqlandığını bilmirəm. "Sumqayıt" yarımfinalda "Neftçi" kimi komandanı keçəndə heç kim demədi ki, bu klubda prezident Riad Rəfiyev, baş məşqçi Ayxan Abbasovdur. Hansı ki, mən bura gələndə komanda ardıcıl 5 oyunda uduzmuşdu, psixoloji durum yaxşı deyildi. Vaxtımız da az idi. Əlimizdə olan futbolçularla növbəti mərhələyə çıxa bildik. Bu, həmin komandadır. Əlbəttə, transferlərlə bağlı qərarı özüm vermişəm. Amma qışdan sonra bizim böyük seçimimiz yox idi. Qapıçı problemimiz var idi. İstədiyimiz oyunçuların hamısını klubları ilə müqaviləsi var idi. Legioner gətirə bilmirik. Məcburuq ki, komandanı gücləndirmək üçün haradansa oyunçular tapaq. Gənclərə də güvənirik. Bu gün ən çox cavan oyunçu bizdədir. Klublar var ki, 300-400 minlik futbolçular alırlar və bir oyun oynatmadan göndərirlər. İndi onlar çox məsuliyyət daşıyırlar, yoxsa biz? Futbolda ən çətin şey transfer məsələsidir. Çünki bilmək olmur ki, kənardan gələn futbolçu bizim çempionatda yaxşı çıxış edəcək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər