"Çempionatı o qədər də izləmirəm" - Əsgər Abdullayev

"Çempionatı o qədər də izləmirəm" - Əsgər Abdullayev
MÜSAHİBƏ 4 Aprel 2019 / 17:40 4986
-  A +

"Bakı", "Neftçi" klublarının sabiq baş məşqçisi, son olaraq birinci divizionda "Turan Tovuz"u çalışdırmış Əsgər Abdullayev Qol.az-a müsahibə verib. Topaz Premyer Liqada "Neftçi" və "Qarabağ" arasında gedən çempionluq yarışını dəyərləndirən təcrübəli mütəxəssis milli komandamızın Xorvatiya və Litva ilə oyunlarına da toxunub.

- Əsgər müəllim, "Turan Tovuz"dan ayrıldıqdan sonra işsizsiniz. Təklif yoxdur?

- Açığı, elə bir təklif yoxdur. Hələ gözləyirəm ki, nə vaxtsa nəsə olacaq. Hər bir adam işləmək istəyər.

- Divizion, yoxsa Premyer Liqa klublarından təklif gözləyirsiniz?

- Hansı olur olsun, mənim üçün fərqi yoxdur. Çünki həm Premyer Liqa, həm də divizionda işləmiş adamam. İşləmək mənim üçün problem olmamalıdır.

- Sizcə, son illər ölkə futbolunda nisbətən yaşlı, təcrübəli mütəxəssislərin kənarda qalması nə ilə bağlıdır? Niyə onlara şans verilmir?

- Mən də bunun səbəbini bilmirəm. Öyrənə bilsək, bir-birimizə deyərik (gülür).

- Premyer Liqanı izləyirsiniz?

- Elə də yox. Düşəndən-düşənə baxıram. O qədər də izləmirəm.

- Niyə? Maraqsızdır?

- Yox, maraq məsələsi deyil. Vaxtla əlaqəlidir. İmkan tapdıqca, oyunlara baxıram.

- Amma yəqin ki, çempionatdakı ümumi mənzərədən, turnir cədvəlindən məlumatınız var...

- Bilirsiniz, biri var, insan özü görsün, biri də var ki, ona kimsə danışsın. Kiminsə sözünü demək istəmirəm. Özümdə dəqiq məlumat olmadığı üçün hansısa komanda haqqında danışmağım düzgün olmaz.

- Bu mövsüm çempionluq mübarizəsi "Neftçi" və "Qarabağ" arasında gedir ki, bunu istənilən futbol adamı bilir...

- Hə, bu, aydın məsələdir. Əsas mübarizə iki komanda arasında gedir. Səhv etmirəmsə, öz aralarında oyunları da var. Son matç olsa da, məncə, çempionluğa təsir edə biləcək əsas amillərdən biridir.

- Yəni, deyirsiniz ki, intriqa son tura qədər davam edə bilər?

- Məncə, qala bilər. Hər iki komanda birinciliyə layiqdir. Hələ çempionatın əvvəlindən birinci-ikinci yerdə gedirlər. Amma oyundan oyuna fərq var. Qabaqcadan nəsə demək olmaz. Fikrimcə, hər şey öz aralarındakı son matçda bilinəcək.

- Milli komandamızın oyunlarını necə, izləyə bildiniz?

- Bəli, baxdım. Xorvatiya ilə görüşdə komanda ən azından döyüşdü. Bir çoxları başqa nəticə gözləyirdi. Xorvatiya son dünya çempionatında ikinci yeri tutmuş komandadır. Deyirdilər, belə edəcəklər, elə edəcəklər. Mən isə ilk gündən inanırdım ki, böyükhesablı məğlubiyyət olmayacaq, milli komandamız layiqli oynayacaq. Elə də oldu, sona qədər mübarizə apardılar. Hətta hesabda irəlidə idik. Daha ayıq oynasaydıq, nəticə bundan da yaxşı ola bilərdi.

- Litva ilə heç-heçə etdiyimiz oyun barədə nə deyə bilərsiniz?

- Məncə, Xorvatiya ilə oyun bəzi futbolçularımızın başını gicəlləndirdi. Litvanı asanlıqla udacaqlarını düşündülər. Əslində isə asan heç nə yoxdur. Buna görə də hər bir oyunun öz hazırlığı var. Futbolçu bütün oyunlara ayrıca hazırlaşmalıdır. Həmişə deyirəm ki, rəqibi reytinqlərə bölməyin. Bu amil komandaya öz mənfi təsirini göstərir. Özünə güvənmək yaxşı şeydir, amma özündənrazılıq olmamalıdır. Bu oyun hər bir futbolçu üçün dərs olmalıdır. Arxayınlıq özünü mütləq göstərməli idi.

- AFFA isə Xorvatiyaya məğlubiyyət və Litva ilə heç-heçəyə görə futbolçulara mükafat verdi. Son olaraq, buna da münasibətinizi bilmək maraqlı olardı...

- Fikrimcə, bunun iki tərəfi var. AFFA, birincisi, futbolçularımız Xorvatiya ilə matçda bütün azarkeşləri, Avropanı stresdə saxladıqları, sonadək döyüşdükləri, ikincisi isə komandanı gələcək oyunlara motivasiya etmək üçün onları mükafatlandırdı.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın