"Gördüm, çox danışırlar, mən də söydüm" - Mirbağır İsayev

"Gördüm, çox danışırlar, mən də söydüm" -<b style="color:red"> Mirbağır İsayev</b>
MÜSAHİBƏ 4 Aprel 2019 / 13:17 2468
-  A +

"Neftçi"nin U-16 komandasının baş məşqçisi Mirbağır İsayev Qol.az-a müsahibə verib. Hakimləri təhqir etdiyi üçün AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılan mütəxəssis həm qərara münasibət bildirib, həm də aşağı yaş qrupları üzrə liqalardakı vəziyyətə toxunub.

- AFFA İntizam Komitəsi U-16 liqasının son turunda "Gəncə" klubu ilə oyunda hakimlər briqadasını söydüyünüz üçün sizə 5 oyun cəza verib. Əvvəlcə bu qərara münasibətinizi bilmək istərdim...

- Orada elə də böyük insident olmamışdı. Heç bir problem yoxdur. Hakim protokolda belə qeyd edibsə, heç bunu müzakirə etməyə ehtiyac duymuram. Cəza verilib, 5 oyundan sonra yenə öz yerimdə dayanacağam. Əsəblərimi cilovlaya bilməmişəm. Yəqin, səhv məndə olub ki, cəzalanmışam. Bəli, etiraf edirəm ki, hakimləri söymüşəm.

- Hadisə nəyin üstündə oldu?

- Hakimə sual verirəm ki, meydançaya 4 dəfə həkim girib, 7 oyunçu dəyişikliyi olub, niyə 3 dəqiqə artırırsan. Deyir, mən belə istəyirəm. Mən də bildirdim ki, istəyirsən, əcəb edirsən. Deyir ki, U-16 liqasıdır, nə qədər vaxt artırmalıyam ki. Başa saldım ki, elə ən çox aşağı yaş qruplarında bunu nəzərə almaq lazımdır. Çünki bünövrə burada qoyulur. Biz buna barmaqarası baxsaq, gələcəyimiz necə olar?  Yenə də boynuma alıram ki, mən o hakimləri təhqir etmişəm. Özləri bilər, Allahları bilər. Oyundan sonra onlara sözümü deyəndə, gördüm ki, çox danışırlar, mən də söydüm. Oyun vaxtı heç nə olmayıb. Suallara mənəm-mənəmlə cavab vermək olmaz. Reqlament var, ona riayət etmək lazımdır. Qərara hörmətlə yanaşıram. Qoy, mənə 5 oyunluq cəza versinlər, amma mən onlara sözümü deyim.

- "Neftçi"dəki işiniz necədir? Komandanız sona 3 tur qalmış 4-cü pillədə qərarlaşıb. Düzdür, artıq "Qəbələ" çempionluğunu rəsmiləşdirib, amma sizin də gümüş medal qazanmaq şansınız var. Çıxışınızı necə qiymətləndirirsiniz?

- Şükürlər olsun, hər şey normaldır. Komandam sabit oyun nümayiş etdirir. Sevindirici haldır ki, birinci dövrənin son oyunundan sonra hələ məğlub olmamışıq. Çempionatda ən az qol buraxan komandayıq. Bizim əsas fikrimiz yer tutmaq yox, yuxarı yaş qruplarına oyunçu vermək, millilərə dəstək olmaq və sabit oyun göstərməkdir. Mənim üçün önəmli olan odur ki, uşaqlar futbol oynamağı bacarsınlar, verilən tapşırığı yerinə yetirsinlər və qol buraxmasınlar.

- Hazırda komandanızda perspektiv vəd edən uşaqlar yəqin ki, var...

- Əlbəttə, hər bir yaş qrupunda potensiallı uşaqlar var. Nəinki "Neftçi"də, ümumilikdə respublikamızda gələcək vəd edən futbolçu çoxdur. Hamısı yaxşı materialdırlar. Onları itirmək olmaz.

- Bəzi məşqçilər aşağı liqalardakı vəziyyətdən narazıdırlar. Məsələn, "Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı bir müddət öncə saytımıza müsahibəsində Azərbaycanda uşaq futbolunun yaxşı vəziyyətdə olmadığını söyləmişdi. Doğrudanmı aşağı yaş qrupları üzrə liqalarda durum acınacaqlıdır, rəqabət yoxdur?

- Bəli, razıyam. Rəqabət yoxdur. Biz hər zaman deyirik ki, gələcək yaxşı olacaq. Bunun üçün aşağı yaş qruplarına önəm verməliyik. Mən bu ildən "Neftçi"nin akademiyasında çalışıram. Nə birinci divizionu seçdim, nə də digər variantları. Çünki bu uşaqlar bizim gələcəyimizdir. Oyun xatirinə oyun olmaz. Hər məşqçi öz komandasını düzəltməli, rəqabətə hazır etməlidir. Eyni zamanda, bununla paralel olaraq, uşaqların savadını artırmaq lazımdır. Bir də hakimlər... O vaxt biz 16 yaşda şəhər birinciliyində oynayanda hakimlər də bizə futbolu öyrədirdilər. Rüstəm Rəhimov gəlib idarəçilik edirdi. Premyer Liqaya təyinat alan hakimlər bizim oyunlarımıza da gəlirdilər. Amma bu gün aşağı liqalara gələn hakimlər mənəm-mənəm deyirlər, özlərindən razı hərəkətlər edirlər.

- Belə çıxır ki, hardasa təşkilatçılıqda da problem var?

- Əlbəttə, var. Hər şey buradan başlayır. Diqqətli olmaq lazımdır.

- Siz aşağı yaş qrupları üzrə yığma komandalarda da çalışmısınız, təcrübəniz var. Bu ilin əvvəlində həm əsas milliyə, həm də aşağı yaş qrupları üzrə yığmalara əcnəbi mütəxəssislər təyin olundu. İstər Milan Obradoviçin U-21-ə, Miloş Velebitin isə U-15 və U-16-ə təyinatını necə qarşıladınız?

- Bu suala mənim cavab verməyim düzgün çıxmaz. Çünki özüm də aşağı yaş qrupları üzrə yığmalarda işləmişəm. Məni düzgün başa düşməzlər. Qərar veriblərsə, fərqi yoxdur, millidə Əli işlədi, ya Vəli işlədi. Onlar qarşılarına məqsəd qoymalıdırlar ki, bu komanda ilə Avropa çempionatına vəsiqə qazansınlar. Uğur qazansalar, əla olar. Azərbaycanın adıdır.

- U-19-un elit-raund mərhələsindəki çıxışı barədə nə deyə bilərsiniz?

- Birinci mərhələni keçmələri müsbət hal idi. Mən özüm də elit-raund təcrübəsi yaşamışam. Bizim qrupumuzda Xorvatiya, Portuqaliya və Serbiya kimi yığmalar olub. Biz o qrupda heç qol vura bilməmişdik. U-19-un Rusiya ilə oyununa baxdım. Bizimkilər rusları udmalı idi. Oyun da onu göstərdi. Bilirsiniz ki, elit-raundda olan komandalar çox fərqlənirlər. Onların 19 yaşlı uşaqları hamısı aparıcı ölkələrin çempionatlarında çıxış edirlər. Bizimkilər isə hələ ölkəmizin U-19 liqasında oynayırlar. Başlıca fərq bundadır. Bütün bunları nəzərə alanda fikirləşirsən ki, milli bacardığını etdi. Amma final mərhələsinə vəsiqə qazansaydıq, bunu lap qənaətbəxş saymaq olardı. Bunu indiyə kimi Azərbaycanda heç kim etməyib. Məqsəd o olmalıdır ki, indiyə qədər edə bilmədiklərimizi bundan sonra etsinlər.

Elnur SALAHOV

 

Daha çox


Son xəbərlər
20.08.19  17:15

Messinin son durumu

20.08.19  14:14

Poqba təhqir olundu