"Qərarı AFFA verdi, biz öz işimizi görməliyik" - millimizin baş məşqçisi

"Qərarı AFFA verdi, biz öz işimizi görməliyik" - millimizin baş məşqçisi
MÜSAHİBƏ 3 Aprel 2019 / 18:53 4269
-  A +

17 yaşadək futbolçulardan ibarət yığmamızın yeni baş məşqçisi Vüqar Məmməd Qol.az-a müsahibə verib. U-19-dan ayrılmasının səbəblərini açıqlayan gənc mütəxəssis digər məqamlara da toxunub.

- Əvvəlcə U-19 millimizdən U-17-yə təyinatınıza münasibətinizi bilmək istərdim...

- Əvvəla mənə və məşqçi heyətimə güvəndikləri üçün rəhbərliyə və Məşqçilər Komitəsinə təşəkkürümü bildirmək istəyirəm. Biz də uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Bu, ölkə yığmasıdır. Çox məsuliyyətli işdir. Onlar məsləhətləşərək, bu qərara gəliblər. Bizə ancaq bu işdə səylə çalışmaq qalır.

- Adətən aşağı yaş qruplarında məşqçi təyinatı zamanı bəzi məqamlar nəzərə alınır. Məsələn, bu gün U-19-u çalışdıran məşqçi növbəti il U-20 və ya U-21-ə başçılıq edir ki, tanıdığı uşaqlarla işləsin. Ancaq bizdə isə əksinədir. U-19-da işləyən baş məşqçini U-17-yə göndərirlər. Bu barədə nə deyə bilərsiniz?

- Dünya təcrübəsində müxtəlif variantlara rast gəlmək olar. Bəli, bəzi ölkələrdə siz dediyiniz kimidir. Ancaq elə ölkələr də var ki, məşqçilər yuxarı yaş kateqoriyasından aşağıya təyin olunurlar. Əlavə olaraq onu deyə bilərəm ki, bu gün milli komandalarda belə bir sistem qurulub: bütün məşqçilər hər bir yaş kateqoriyasına kömək edəcəklər. Misal üçün, 2-7 mart tarixləri arasında U17 (2003) millisinin təlim-məşq toplanışına bütün məşqçilər cəlb olunmuşdu. Həmin toplanışda biz birlikdə çalışdıq.

- Hələ Samir Əliyevin təyinatı zamanı sizin elit-raunddan sonra U-19-dan gedəcəyiniz bilinirdi. Ümumiyyətlə, belə bir yarış öncəsi bu təyinat nə dərəcədə düzgün idi və sizin motivasiyanıza necə təsir etdi?

- Əvvəla Samir müəllim 2001-ci il təvəllüdlü futbolçularla çalışmaq üçün təyin olunmuşdu. Mən isə 2000-ci il təvəllüdlü uşaqlarla işləyirdim. Bu, normaldır. Yəni, həmin yaş kateqoriyası boşda qalmamalı idi. Rəhbərlik də həmin komandanı Samir müəllimə həvalə etdi. Ondan öncə isə 2001 təvəllüdlü futbolçularla Zaur müəllim işləyirdi. O ki qaldı mənim və məşqçi heyətimin motivasiyasına, biz hər zaman motivasiyalıyıq. Qarşıdakı işimizə köklənməliyik. Dünən və ya bu gün rəhbərliyin bizə göstərdiyi etimadı doğrultmaq üçün əlimizdən gələni etməliyik.

- U-19-u elit-raunda çıxardınız. Bu mənada işinizi qənaətbəxş saymaq olar. AFFA-nın sizi Samir Əliyevlə əvəzləməsinin səbəbi ilə maraqlandınızmı?

- Bir az öncə də qeyd etdiyim kimi, rəhbərlik belə qərar verdi. Bir çox ölkələr müxtəlif variantlarla çalışırlar. Bəzən aşağı, bəzən də yuxarı yaş kateqoriyasına təyinat ala bilərsən. Biz məşqçilər peşəkarcasına böyük səylə öz işimizi yerinə yetirməliyik.

- Yığma elit-raunda pis başlamadı. Rusiya ilə heç-heçədən sonra çoxları ümid edirdi ki, bu qrupdan çıxmaq olar. Sonra nə baş verdi, niyə alınmadı?

- Elit-raunda yüksələn komandaların səviyyəsi çox yüksəkdir. Oradakı yığmaların heyətində səviyyəli klublarda oynayan futbolçular var. Belədə rəqiblər istər fiziki, istərsə də taktiki baxımdan çox güclü olurlar. Bundan başqa, komandalar hər şeyi edirlər ki, final mərhələsinə yüksəlsinlər. Sizə bir misal çəkim, təsəvvür edin ki, İrlandiya millisinin heyətində 4-5 ölkədən (Nigeriya, Əlcəzair, İngiltərə, ABŞ və s.) milliləşdirilmiş 9 futbolçu var idi. Bu gün də deyirəm ki, çox yaxşı və maraqlı komandamız var. Yığmanın heyətində müxtəlif stildə oynayan futbolçular çıxış edir. Onlara çox güvənirəm. Son 2 ildə bu yaş kateqoriyası üzrə futbolçular çox inkişaf ediblər və dayanmadan öz üzərilərində işləyirlər. Daha yüksək yerlər üçün qarşılarına məqsəd qoymalıdırlar. 2 il öncə ölkənin ən zəif yaş kateqoriyası hesab olunurdular. İndi isə onlar haqda bunu demək olmaz. Hər birinə uğurlar arzu edirəm. "Niyə alınmadı" sualına cavab olaraq, onu deyə bilərəm ki, elit-raundda tez-tez iştirak etməliyik. İstər U-17, istərsə də U-19 səviyyəsində. Ardıcıl 3-4 dəfə ora düşdükdən sonra hansındasa finala vəsiqə qazana bilərik. Səviyyəmizi yüksəltmək istəyiriksə, dediyim kimi, müntəzəm olaraq elit-raundda mübarizə aparmalıyıq. Birdən-birə heç nə olmayacaq. Elit mərhələ bü gün bu yaşda olan futbolçulara böyük təcrübə qazandırdı. Onlar artıq hiss etdilər ki, Avropada oynamaları üçün hansı səviyyədə olmalıdılar və hansı işləri görməlidilər.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər