"Yurçeviçdən dəvət gözləyirdim" - Cavid Hüseynov

"Yurçeviçdən dəvət gözləyirdim" - Cavid Hüseynov
MÜSAHİBƏ 28 Mart 2019 / 14:14 2713
-  A +

"Qəbələ"nin kapitanı Cavid Hüseynov Qol.az-a müsahibə verib. Milli komandaya çağırılmamasından danışan təcrübəli futbolçu Topaz Premyer Liqanın 22-ci turunda "Sabah"la keçirəcəkləri oyun haqda da fikirlərini bölüşüb.

- Əvvəlcə başlayaq milli komandaya dəvət almamağından. Nikola Yurçeviçin açıqladığı siyahıda adını görməyəndə təəccübləndin?

- Əlbəttə, belə bir hiss keçirdim. Çünki dəvət gözləyirdim. Milli komandada oynamağı hər bir futbolçu istəyər. Amma baş məşqçinin qərarına da hörmətlə yanaşıram. Yəqin hələ istənilən səviyyədə oynamıram ki, dəvət göndərmədi.

- "Qəbələ"dən tək özünün yox, ümumiyyətlə, heç bir futbolçunun milliyə çağırılmamasını necə qarşıladın?

- Təbii ki, mənim üçün də təəccüblü oldu. Amma dediyim kimi, yəqin baş məşqçinin düşündüyü nəsə var ki, bizdən heç kimi çağırmadı. Qarşıda hələ çox oyun var var. Öz üzərimizdə daha yaxşı işləyəcəyik ki, Yurçeviçin diqqətini cəlb edə bilək.

- Bəs millimizin Xorvatiya ilə seçmə mərhələ və Litva ilə yoldaşlıq oyunları barədə nə deyə bilərsən? Açığı, Xorvatiyadakı matçdan sonra çoxları yığmanın Litvaya qalib gələcəyini gözləyirdi...

- Xorvatiya kifayət qədər güclü rəqibdir. Dünya reytinqində ilk sıralarda qərarlaşan komandalardandır. Buna baxmayaraq, millimiz səfərdə inamlı çıxış etdi. Heç-heçə edə bilsəydik, hər şey daha yaxşı olardı. Ancaq matçın sonlarına doğru qol buraxıb, uduzduq. Litva ilə oyuna gəlincə isə qələbə qazana bilərdik. Amma alınmadı.

- Hər iki oyunu izləmisən. Hazırkı baş məşqçi və oyunla qrupda nəyə ümid edə bilərik?

- Əvvəlcə onu deyim ki, çox çətin qrupa düşmüşük. Hamısı güclü komandalardır. Buna baxmayaraq, evdə rəqiblərdən xal və ya xallar almaq olar. Təbii ki, bu, elə də asan olmayacaq. İstənilən halda sona kimi  mübarizə aparmaq lazımdır.

- Milli komandanın oyunları ilə bağlı çempionatda 2 həftəlik fasilə yarandı. "Qəbələ" 3-cü dövrədə yaxşı sürət yığmışdı. Fasilə komandaya mənfi təsir etməyəcək?

- Xeyr, mən belə düşünmürəm. Çünki fasilə dövründə boş oturmadıq. Hətta "Sumqayıt"la yoxlama oyunu da keçirdik. Məncə, fasilənin oyunumuza heç bir mənfi təsiri olmayacaq.

- Son dövrədə ilk rəqibiniz "Sabah" olacaq. Bu komanda ilə oyun haqda nə düşünürsən?

- Hazırda 3-cü pillədəki "Səbail"dən 2 xal geridəyik. "Sabah"ı məğlub edib, mövqeyimizi yaxşılaşdırmaq istəyirik. Çünki məqsədimiz çempionatı ilk 3-lükdə bitirməkdir. Çətin oyun olacaq. Amma inanıram ki, sonda 3 xalı biz qazanacağıq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər