Almaniya və Argentina da 1/4 finala vəsiqə qazandı

DÇ-2010 28 İyun 2010 / 01:21 3571
-  A +

Bu gün dünya çempionatında 1/8 finalın növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, əsas diqqətlər öncə Bakı vaxtı ilə saat 19:00-da başlanan Almaniya - İngiltərə matçına yönəlib. Hər iki komanda mundialın erkən finalı da adlandırılan bu oyunda qələbə qazanmaq iddiasında idi. Maraq üçün qeyd edək ki, İngiltərə tarixində birinci və hələlik son çempionluğunu məhz almanlar üzərindəki qələbə sayəsində əldə edib. 1966-cı ildə Londonda keçirilmiş final matçında ingilislər rəqibini 4:2 hesabı ilə məğlubiyyətə uğratmışdı. Həmin oyunda həmyerlimiz Tofiq Bəhramovun verdiyi məşhur qərar isə bu gün də müzakirə olunmaqdadır. Üstündən 44 il ötməsinə baxmayaraq, almanlar bugünkü qarşılaşmada həm də qisas eşqiylə alışıb-yanırdı ki, onlar nəhayət bu istəklərinə çatıblar. Onlar iki ardıcıl qolla hesabda öndə olsalar da, 37-ci dəqiqədə fərq azalıb. Bundan cəmi bir dəqiqə sonra ingilislər elə Bəhramovun qeydə aldığı qol kimi mübahisəli top vursalar da, hakim bunu hesaba almayıb. Halbuki qol tam qaydalar çərçivəsində vurulmuşdu. Belədə ruhdan düşən ingilislər fasilədən sonra buraxdığı növbəti iki qolla mundialla vidalaşmaq məcburiyyətində qalıblar. Almanlar isə adını 1/4 finala yazdırıb. Günün ikinci oyununda isə Argentina Meksikayla qarşılaşıb. Bu matça da hakimlər öz damğasını vurub. Maradonanın komandasının vurduğu ilk qolda Teves ofsayddan fərqlənsə də, hakimlər buna göz yumub. Nəticədə daha iki qol buraxan meksikalılar DÇ-ki mübarizəni dayandırmalı olub. Argentina isə 1/4 finalda Almaniya ilə qarşılaşmaq hüququ qazanıb.

23:30. Argentina - Meksika 3:1
 
QOL: Teves, 26 (1:0). İquayn, 33 (2:0). Teves, 52 (3:0). Ernandes, 71 (3:1)
Yohannesburq. Sokker Siti stadionu.
Baş hakim: Roberto Rozetti (İtaliya)
ARGENTİNA: Romero, Demişelis, Burdisso, Hayntse, De Mariya (Qutyerres, 79), İquayn, Messi, Teves (Veron, 69), Maskerano, Otamendi, Rodriqes (Pastore, 87).
MEKSİKA: Peres, F.Rodriqes, Salsido, Markes, Osorio, Torrado, Ernandes, Xuares, C.Dos Santos, Quardado, Bautista (Barrera, 46).

19:00. Almaniya - İngiltərə 4:1

QOLLAR: Kloze, 20 (1:0). Podolski, 32 (2:0). Apson, 37 (2:1). Müller, 67 (3:1). Müller, 70 (4:1).
Blumfonteyn. Fri Steyt stadionu.
Baş hakim: Xorxe Larrionda (Uruqvay)
ALMANİYA: Noyer, Fridrix, Xedira, Şvaynştayger, Özil (Kislinq, 83), Podolski, Kloze (Qomes, 72), Müller (Troxovski, 72), Lam, Mertezaker (k), Boatenq.
İNGİLTƏRƏ: Ceyms, Conson (Rayt-Filips, 87), E.Koul, Cerrard (k), Terri, Lempard, Runi, Berri, Apson, Milner (C.Koul, 64), Defo (Heski, 71).


 


Son xəbərlər