"Milli hələlik qapalı sandıqdır, içindən nə çıxacağı bilinmir" - Şahin Diniyev

"Milli hələlik qapalı sandıqdır, içindən nə çıxacağı bilinmir" - Şahin Diniyev
MÜSAHİBƏ 19 Mart 2019 / 13:20 2844
-  A +

AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev Qol.az-a müsahibə verib. Milli komandamızın AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə keçirəcəyi oyun haqda fikirlərini açıqlayan mütəxəssis maraqlı fikirlər səsləndirib.

- Milllimiz martın 15-dən etibarən Bakıda təlim-məşq toplanışına başlayıb. Məşqçilər Komitəsinin üzvü olaraq, yığma üzvləri ilə görüşünüz olubmu? Ümumiyyətlə, düşərgədə ab-hava necədir?

- Futbolçularla görüşməmişik. Kollektivdəki atmosferlə bağlı yalnız komandanın içində olanlar nəsə deyə bilər. Kənardan baxsan belə, bunu bilə bilməzsən. Yeni baş məşqçi gəlib. Milli hələlik heç kimə aydın olmayan bir sandıq kimidir. İçindən nə çıxacaq, hələ bilinmir. Demək olmaz ki, Xorvatiya ilə oyunda Yurçeviçin bütün bacarığı, bilikləri ortaya çıxacaq.

- Nikola Yurçeviçin açıqladığı heyətdə sizi təəccübləndirən nəsə oldumu?

- Hər məşqçinin öz baxışı var. Ona görə də taktikasına uyğun gələn futbolçuları seçir. Tək bizdə yox, bütün dünyada bu baxımdan hər zaman narazılıq olub və olacaq. Bu, qaçılmazdır. Ancaq desək ki, bu gün millidəkilərdən bir baş yüksək futbolçu kənarda qalıb, düzgün olmaz. İlk 11-likdəki futbolçuların seçimi ilə bağlı anlaşmazlıq, səhv ola bilər. Əslində bu da səhv deyil. Bu gün 3-4 futbolçu var ki, onlar millidə ola bilərdilər. Amma bu o demək deyil ki, onlar olsaydı, nəyisə kökündən dəyişə bilərdi.

- Bəs Xorvatiya ilə oyundan nə gözləyirsiniz?

- İlk oyundan nəsə gözlədiyimizi demək çətindir. Hansısa sürprizlər ola bilər. Bu futbolçular bizimdir. Onların nəyə qadir olduğunu hamıdan yaxşı bilirik. Yalnız motivasiya məsələsi var. Bu, lap yüksək səviyyədə olarsa, komandadan Zaqrebdə sürpriz gözləmək olar. Aydındır ki, Azərbaycanla Xorvatiya arasında böyük fərq var. Bunu utanmadan demək lazımdır. Pafoslu sözlərə ehtiyac yoxdur. Fərq göz qabağındadır. İlk görüşdə dünya ikincisi ilə "hazırlıqsız" oynamaq çox çətindir. Bəlkə də bunun hansısa köməyi ola bilər. Amma nəzərə alaq ki, bu, Xorvatiyadır. Real olmayan şeylərin üzərində dayanmaq lazım deyil. Uğurlar arzulayıram. Ümid edək ki, millimiz martın 21-də Xorvatiya önündə o qədər aciz olmayacaq. Ən azı mübarizə aparacaq. Ustalıq səviyyəsindəki fərq ortadadır. Bunu müqayisə etmək belə gülməli çıxar.

- Bayaq qeyd etdiniz ki, Yurçeviç yeni gəlib, milli hələlik qapalı qutu kimidir, ona görə də istənilən nəticə qeydə alına bilər. Xorvatiyalı mütəxəssisin komandanı yaxşı tanımamasını, yığmanın hazırlıq səviyyəsinin istənilən formada olmamasını nəzərə alsaq, 2014-cü ildəki ağır məğlubiyyətin (0:6 - E.S) təkrarlanmaq ehtimalı varmı?

- Hər bir məşqçi hara getdiyini və kimlərlə işləyəcəyini yaxşı bilir. Bunu sabah səbəb kimi göstərmək düzgün deyil. Amma onu deyim ki, bu gün heç kim həmin nəticəni gözləmir. Bununla belə, futbolda hər şey mümkündür.Hər bir işdə minimum və maksimum nəticə olur. Futbol isə elə bir oyundur ki, burada minimum-maksimum anlayışı yoxdur. Gözəllik də ondadır ki, futbol proqnozu sevmir. Yenə deyirəm, hər bir şey ola bilər. Amma mən 0:6 hesabının təkrarlanacağına inanmıram.

- Yurçeviçin xorvatiyalı olmasının qarşıdakı matçda bizə xeyiri dəyə bilərmi?

- Burada bir məsələ var ki, Yurçeviç bir neçə il Xorvatiya millisində işləyib. Futbolçuları fərdi olaraq, yaxşı tanıma qabiliyyəti var. Həmyerlilərindən kimlərin nəyə qadir olduğunu, onların hansı üstün və mənfi cəhətlərinin olduğunu dəqiqliklə bilir. Xorvatiyaya qarşı çıxaracağı materialdan çox şey asılı olacaq. Yalnız bu sarıdan üstünlük ola bilər.

- Rəqibin heyətində zədəli futbolçuların çoxluğunu Azərbaycan üçün üstünlük saymaq olar, yoxsa xorvatlarda birinci və ikinci heyət anlayışı yoxdur?

- Mən Xorvatiya millisinin heyətindəki zədəliləri Azərbaycana qarşı elə də böyük itki saymazdım. Düzdür, İtaliya, İspaniya, Fransaya qarşı oynasaydılar, itki sayıla bilərdi. Hazırda onların ikinci heyətindəki futbolçuların durumu bizim əsas oyunçularımızın vəziyyətindən fərqlənir. Əslində xorvatların oynayan və oynamayan futbolçuları arasında elə də ciddi fərq yoxdur.

- Yurçeviç dünən ölkəsinin mətbuatına müsahibəsində iddialı fikirlər səsləndirib, Xorvatiyanı təəccübləndirməyə çalışacaqlarını bildirib. Onunla bugünə qədər görüşünüz olub? Doğrudanmı iddialı məşqçidir?

- İclas zallarında, ayaqüstü söhbətlərimiz olub. Amma geniş danışmamışıq. Çünki hələ yığmanın sükanı arxasında hər hansı oyun keçirməyib. Yəqin ki, bundan sonra olacaq. Ona görə də iddialı olub-olmaması barədə nəsə desəm, yalan olar.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord