"Esyenlə eyni komandada oynamaq ayrı hissdir" – Rahid Əmirquliyev

"Esyenlə eyni komandada oynamaq ayrı hissdir" – Rahid Əmirquliyev
MÜSAHİBƏ 18 Mart 2019 / 18:23 4453
-  A +

“Səbail”in kapitanı Rahid Əmirquliyev Qol.az-a müsahibə verib. Milli komandaya dəvət almamasından danışan təcrübəli yarımmüdafiəçi dünyaca məşhur futbolçu Maykl Esyenin paytaxt klubuna keçidinə də münasibət bildirib.

- Ötən tur Topaz Premyer Liqada üçüncü dövrəyə yekun vuruldu. “Səbail”in qış fasiləsindən sonrakı çıxışını necə qiymətləndirirsən?

- Deməzdim ki, 3-cü dövrə pis keçdi. Təlim-məşq toplanışında yaxşı hazırlaşmışdıq. Ən azından 3-cü pillədəki mövqeyimizi qorumaq istəyirdik. Şükürlər olsun, hələ istədiyimiz yerdəyik. Düzdür, üçüncü dövrədə məğlubiyyətlər də oldu. Amma ümumi götürəndə, çempionatın bu hissəsi bizim üçün yaxşı keçdi.

- Bu mövsüm qarşıya Avroliqa hədəfi qoyduğunuz bəllidir. Avrokuboklara vasiqə qazanmaq üçün cəmi 1 dövrə qalıb. Necə düşünürsən, bunun öhdəsindən gələ biləcəksiniz?

- Doğrudan da Avroliqaya düşmək üçün yaxşı şansımız var. Ancaq onu da deyim ki, 3-cü yeri qorumaq bizim üçün çətin olacaq. Çünki qarşıda ağır oyunlarımız qalıb. Buna baxmayaraq, Avroliqaya getməyi çox istəyirik. Əlimizdən gələni edəcəyik ki, çempionatı ən azından elə 3-cü pillədə başa vuraq.

- İki tur bundan əvvəl vəziyyətiniz daha yaxşı idi. "Qəbələ"ni 6 xal qabaqlayırdınız. İndi isə cəmi 2 xallıq fərq var...

- Düzdür, 2 tur əvvəl xal fərqi 6 idi. Amma son 2 görüşdə məğlub olduq. Özü də ki, əsas rəqibimiz olan “Qəbələ”yə uduzduq. Bununla belə, hələ də 3-cü yerdəyik. Razıyam, 2 xallıq fərq azdır. Qabaqda bir neçə oyunumuz var. Çalışacağıq ki, xal fərqini qoruyub saxlayaq.

- Son turda “Qarabağ”a qarşı yaxşı oynasanız da, sonda uduzdunuz. Xal və ya xallar qazanmağınıza nə mane oldu?

- “Qəbələ”yə məğlubiyyətdən sonra “Qarabağ”a qarşı yaxşı oyun sərgiləyib, ən azı 1 xal götürmək istəyirdik. Təəssüf ki, alınmadı. Yaxşı oynasaq da, xal qazana bilmədik. Yaratdığımız qol epizodlarından istifadə edə bilməməyimiz sonda məğlubiyyətə gətirib çıxardı. Məncə, “Qarabağ” öz təcrübəsi hesabına qalib gəldi. Amma çempionat davam edir. Gələn oyunlarda daha yaxşı çıxış edib, istədiyimiz xalları yığmaq istəyirik.

- Son vaxtlar yaxşı formada olsan da, milli komandadan kənarda qaldın. Nikola Yurçeviçin seçimi səni təccübləndirmədi?

- Milliyə dəvət almaq, komandanın düşərgəsində olmaq hər bir futbolçunun arzusudur. Ancaq baş məşqçimiz hazırkı futbolçulara üstünlük veribsə, qərara hörmətlə yanaşmaq lazımdır. Millidən dəvət gözləmək üçün bundan sonra da yaxşı formada olmalıyam.

- Üç gün sonra millimiz AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda səfərdə Xorvatiyanın qonağı olacaq. Həmin oyundan nə gözləyirsən?

- Son səfər oyunumuzda Xorvatiyaya 0:6 hesabı ilə uduzmuşduq. Ancaq daha sonra həmin rəqiblə evdəki matçımız 0:0 başa çatmışdı. Xorvatiya çox güclü komandadır, yaxşı heyəti var. Səfərdə oynayacağıq. Ona görə də bizim üçün çox çətin qarşılaşma olacaq. Düzdür, oradan 1 xalla qayıda bilsək, bizim üçün əla nəticə olar. Ancaq bu, çox çətin məsələdir. Futbolda hər şey ola bilər. Bizə qalan odur ki, millimizə inanaq. Ümid edək ki, səfərdə yaxşı oyun göstərib, vətənə ən azı 1 xalla dönərlər.

- Son olaraq, dünyaca məşhur futbolçu, vaxtı ilə “Çelsi”, “Real”, “Milan” kimi klublarda oynamış Maykl Esyenin transferinə münasibətini bilmək istərdim. Səncə, 36 yaşlı yarımmüdafiəçi “Səbail”ə nə verə bilər?

- Hamı bilir, Esyen necə futbolçu olub, hansı klublarda çıxış edib. Onunla bir klubda oynamaq başqa hissdir. Çox təcrübəli futbolçudur. İnanıram ki, yaşının çoxluğuna baxmayaraq, təcrübəsi bizə çox kömək olacaq. Xüsusən də bizim gənc futbolçulara. Düşünürəm ki, Esyenin “Səbail”ə xeyiri dəyəcək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər