"Neftçi"yə qarşı hücum silahlarımızla oynamalıyıq" - Stiven Monroz

"Neftçi"yə qarşı hücum silahlarımızla oynamalıyıq" - Stiven Monroz
MÜSAHİBƏ 15 Mart 2019 / 11:11 2647
-  A +

"Qəbələ"nin hücumçusu Stiven Monroz Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın 21-ci turunda "Neftçi" ilə keçiriləcək oyun haqda fikirlərini açıqlayan fransalı futbolçu digər məqamlara da toxunub.

- Bu gün çempionatda "Qəbələ"ni "Neftçi" ilə çətin oyun gözləyir. Liderlə matç haqda nə düşünürsünüz?

- "Neftçi" - "Qəbələ" oyunu hər iki komandanın qarşısına qoyduğu hədəflərə çatmaq baxımından vacib qarşılaşmadır. Bir tərəf liderliyini qoruyub saxlamaq, digər tərəf isə 3-cü pillədəki komanda ilə xal fərqini aradan qaldırmaq istəyir. Bu mənada deyə bilərəm ki, olduqca maraqlı və gərgin oyun olacaq.

- "Neftçi" ilə son oyunda rəqibi 3:1 hesabı ilə məğlub etmişdiniz. Necə fikirləşirsiniz, paytaxt klubunu səfərdə də büdrədə biləcəksiniz?

- Hər oyun eyni olmur. "Neftçi"yə qarşı daha kompakt və əsasən hücum silahlarımızla oynamalıyıq. Yaxşı komanda oyunu udmaq üçün hər şeyi etməlidir.

- Hazırda 3-cü pillədəki "Səbail"dən 3 xal geridəsiniz. Əsas rəqibiniz bu gün evdə "Qarabağ"la qarşılaşır. Yəqin ki, bu oyunda Ağdam klubuna azarkeşlik edəcəksiniz...

- Doğrudan da həm "Səbail" - "Qarabağ", həm də "Neftçi" - "Qəbələ" oyunları olduqca vacib matçlardır. Bu iki qarşılaşmanın nəticəsindən asılı olaraq, turnir cədvəlində vəziyyət dəyişə bilər. Həqiqətən çox maraqlı olacaq.

- Sabah "Neftçi"nin əsas qol silahı Baqali Dabo cəzalı olduğu üçün "Qəbələ"yə qarşı oynaya bilməyəcək. Sabiq komanda yoldaşınızın çempionatın bombardiri olduğunu nəzərə alsaq, onun meydanda olmamasını sizin üçün üstünlük saymaq olar?

- Dabo həqiqətən yaxşı hücumçudur. Meydanda öz oyunu ilə fərqlənməyi bacarır. Onun oynamaması bizim üçün üstünlükdürmü? Məncə, yox. Çünki bizdə də əsas müdafiəçilərimizdən Voislav Stankoviç zədə səbəbindən meydanda olmayacaq. Məncə, nə "Neftçi", nə də "Qəbələ" 1-2 futbolçudan asılı komanda deyil. Ümumiyyətlə, hər iki komandada diqqət mərkəzində olan kifayət qədər yaxşı futbolçular var.

- Dabodan söz düşmüşkən, o, mövsümün əvvəlində "Neftçi"yə keçərkən sizin də paytaxt klubuna gedəcəyiniz gözlənilirdi. Transfer niyə alınmadı? Deyəsən, siz "Qəbələ"ni puldan üstün tutdunuz...

- Əslində bunun səbəbi çox sadədir: mənim "Qəbələ" ilə müqaviləm var. Mövsümü ən yaxşı pillədə başa vurmaqda komanda yoldaşlarıma kömək etmək üçün burada qaldım. Bunu pula görə edib-etməməyim isə tamamilə şəxsi məsələdir və öz seçimimdir.

- "Qəbələ" ilə müqaviləniz bu mövsümün sonunda başa çatacaq. Gələcəyinizlə bağlı qərar vermisiniz?

- Hələlik bu barədə düşünməmişəm, heç bir fikrim yoxdur. "Qəbələ"dən müqaviləni uzatmaqla bağlı təklif almamışam. Ona görə də nəyin necə olacağını bilmirəm. Mövsümün sonunda Azərbaycanda qalmaq və ya başqa ölkəyə getmək barədə qərar qəbul edəcəyəm. Hələlik isə nə edəcəyimi bilmirəm.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər