Rəşad Sadıqov futbol ictimaiyyətini ələ salıb

XƏBƏR 22 Yanvar 2009 / 14:44 2896
-  A +

Milli komandamızın müdafiəçisi Rəşad Sadıqovun «Neftçi»dən qovulduqdan sonra xaricdə klub axtarışına çıxmasını Azərbaycan mediası bu günün özündə də gündəmdə saxlayır. Şübhəsiz ki, azərbaycanlı oyunçunun, özü də son illər üçün futbolumuzun nadir istedadlarından sayılan Rəşadın güclü futbolu olan ölkələrdə çıxış etməsi arzuolunan və sevindirici haldır. Bu mənada, Rəşadın əvvəlcə İspaniya, sonra Türkiyə klublarına baxışa getməsilə bağlı Qol.Az saytı da daxil olmaqla medianın az qala hər gün, hər saat xəbərlər yayması təbiidir. Dediyimiz kimi, Rəşad Azərbaycan üçün sıradan bir futbolçu deyil, o, son illərdə həm «Neftçi», həm də milli komandamızdakı uğurlu çıxışlarıyla özünü azarkeşlərə sevdirə bilib, onların hörmətini, rəğbətini qazanıb. Amma gəlin görək, həm azarkeşlərin, həm də medianın bu sevgisi və sayğısına Rəşad Sadıqov necə münasibət bəsləyir?
Artıq heç kimə sirr deyil ki, son vaxtlar Rəşadın transferiylə bağlı bir-biriylə ziddiyyyət təşkil edən xəbərlər yayılıb. Əvvəlcə onun «Kocaelispor»dan «Konyaspor»a getməsi və hətta bu komandayla müqavilə imzalaması barədə KİV-də və idman portallarında (içi Qol.Az da daxil olmaqla) məlumatlar verildi. Sonra «Konyaspor»un rəsmiləri bu xəbəri təkzib etdilər, Rəşad Sadıqov adında futbolçunu görmədiklərini söylədilər. Dünənsə Türkiyədən başqa bir xəbər gəldi: Rəşad Sadıqov «Konyaspor»la anlaşa bilməyib və yenidən əvvəl baxışda olduğu «Kocaelispor»a qayıdaraq bu komandayla müqavilə bağlayıb. Axşam saatlarında isə bilindi ki, Rəşad Kocaelinin düşərgəsində olsa da, bu komandayla… müqavilə imzalamayıb! Oxuculardan və bu xəbəri təmsil etdiyi mətbu orqanlarında işıqlandıran həmkarlarımızdan üzr istəyərək qeyd edirik ki, Rəşadın rəsmən «Kocaelispor»a keçməsi barədə məlumatı ilk olaraq məhz Qol.Az saytı yaymışdı. Amma onu deməyi vacib sayırıq ki, bu xəbəri mediaya ötürən başqa bir adam yox, Rəşadla «Kocaelispor»da bir yerdə məşq edən türkiyəli futbolçu Levent Kartop olub. Niyə? Kimin sifarişilə? Nə məqsədlə? Rəşadın bundan xəbəri olubmu? Əslində, bu suallara biz Rəşadın özündən cavab tapmaq istəyirdik, amma alınmadı. Kobud desək, Rəşad azərbaycanlı jurnalistlərdən qaçdı.
Maraqlıdır ki, əməkdaşımızın Rəşadın şəxsi mobil nömrəsinə etdiyi zəngə də futbolçumuz özü yox, həmin Levent Kartop cavab verdi:
- Rəşad Kocaelidə bizimlə birgə məşq edir.
- Özüylə danışmaq istəyirik.
- Məşqdən yenicə çıxıb, indi yuyunur. 15 dəqiqədən sonra zəng edin. Abi, «Neftçi» bonservis məsələsində Rəşada problem yaradır. Rəşada kömək edin…
Levent abinin dediyi kimi, 15 dəqiqə sonra yenidən zəng edirik, Rəşad nəzakət xatirinə də olsa, telefona cavab vermir. 5 dəqiqə sonra bir daha zəng edirik, bu dəfə isə telefon qapalı olur.
Bəli, Rəşad Sadıqov danışmaq istəmir, deməyə sözü var, ya yoxdu, bu artıq heç nəyi həll etmir, amma indi bu danılmaz həqiqətdir ki, ən azı Türkiyəyə budəfəki səfərindən sonra Rəşad Sadıqov həm medianı, həm də azarkeşləri ələ salmağa başlayıb. Hər gün Türkiyədən xəbərlər gəlir ki, Rəşad filan komandayla anlaşır. Bu xəbərləri mətbuata kim ötürür? Rəşad birbaşa özümü, yoxsa Rəşadın adından onun ətrafında olan adamlarmı? Bu ucuz, qeyri-ciddi, şit reklam nəyə yönəlib? Rəşadın transfer qiymətinin qaldırılmasınamı? Rəşadın transferə görə nə qədər pul alacağı, türkiyəli qardaşlarımız demişkən, bizim heç umurumuzda da deyil. Söhbət ondan gedir ki, Rəşad Sadıqov Türkiyəyə gedəndən peşəkar futbolçuya yaraşmayan hərəkətlərə yol verir: haqqında bu qədər dezinformasiyalar yayılıb, jurnalist onu dəqiqləşdirmək istəyir, amma bilə-bilə ki, mətbuatdan zəng edirlər, telefona cavab vermir. Özü də, bu ilk belə hal deyil. Türkiyədə olduğu müddətdə Qol.Az-ın əməkdaşı dəfələrlə Rəşadla danışmağa cəhd göstərib, lakin o, jurnalistlə ünsiyyətdə olmaq istəməyib. Rəşadın bu hərəkətləri isə yalnız belə izah etmək olar: görünür, o, haqqında bu qədər dedi-qodunun, şayiənin, uydurma xəbərlərin yaranmasında şəxsən özü maraqlıdır və bu ucuz reklam, həmkarlarımızın da dediyi kimi, transfer haqqının qaldırılmasına yönəlib.
Nə edirsinizsə, nə qazanırsınızsa, halal xoşunuz olsun, bəs, azarkeşi, medianı, futbol ictimaiiyyətini niyə ələ salırsınız, aldadırsınız? Budurmu, azarkeşin Rəşada olan sevgisinin əvəzi?

Qol.Az


Son xəbərlər