“AFFA-da həm massajçı, həm inzibatçı, həm tərcüməçi, həm də videooperator idim”

“AFFA-da həm massajçı, həm inzibatçı, həm tərcüməçi, həm də videooperator idim”
MÜSAHİBƏ 6 Mart 2019 / 18:33 5664
-  A +

Bu gün vaxtı ilə milli komandamızda, "Neftçi" və "Qarabağ"da massajçı işləmiş, hazırda isə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" klubunda çalışan Faiq Hüseynovun doğum günüdür. Azərbaycanlı mütəxəssisin 54 yaşı tamam olur. BƏƏ karyerasına 1998-ci ildə "Dubay" klubu ilə başlayan Hüseynov 13 ildən çoxdur ki, ölkənin ən titullu komandasında işləyir. Doğum günü münasibətilə Hüseynova bir neçə sual ünvanladıq. AFFA-nın yerli mütəxəssislərə biganə münasibətindən gileylənən mütəxəssis digər məsələlər haqda da maraqlı fikirlər səsləndirdi.


- Artıq 20 ildən artıqdır Birləşmiş Ərəb Əmirliklərində işləyirsiniz. Yenidən Azərbaycanda çalışmaq istərdiniz?

- Hə, artıq 21 ildir burada işləyirəm. Vaxt çox tez gedir. Mən həmişə öz bilik və təcrübəmi vətənim üçün istifadə etmək istəmişəm. Hətta AFFA-ya özüm haqda məlumatlar da göndərmişdim. Mənə bildirdilər ki, indi boş yer yoxdur. Nə vaxt olacağını isə demədilər. Görünür, hələ çox gözləməli olacağam.

- Axırıncı dəfə Bakıda nə vaxt olmusunuz?

- Hər yay Bakıya tətilə gəlirəm. İlin digər aylarında isə Dubayda işdə oluram. Açığı, insanın sevimli və maraqlı işi olanda heç darıxmağa vaxt da qalmır.

- Azərbaycandan getdikdən sonra nə vaxtsa yerli klublarımızdan iş təklifi almısınız?

- Bəli, bir dəfə belə bir variant yaranmışdı. Onda Ramin Musayev "Neftçi"nin prezidenti idi. Məni öz klubuna dəvət etdi. Amma həmin vaxt burada çalışdığım klubla müqaviləm davam edirdi. Bu səbəbdən "Neftçi"yə gedə bilmədim. Sonra isə eşitdim ki, Ramin Musayev artıq AFFA-da çalışır.

- Altı il Azərbaycan millisində massajçı işləmisiniz. Həmin vaxtları necə xatırlayırsınız?

- Milli komandanın ilk massajçısı mən olmuşam. 1992-1998-ci illərdə yığmada çalışmışam. Həmin vaxt maliyyə şərtləri indiki kimi deyildi. Boris Xetaqurovla hər şeyə sıfırdan başlamışdıq. Mən həm massajçı, həm adminstrator, həm tərcüməçi, həm də videooperator idim. Dörd işi birdən görürdüm. Futbolda çox çətin vaxtlar idi. İndi isə hər şey yaxşıdır. Milli komanda üçün ideal şərait yaratdığına görə prezident İlham Əliyevə çox sağ ol demək lazımdır.

- Son illər AFFA milli komandalarda istər məşqçilər, istər həkimlər, istərsə də massajçılar olsun, daha çox əcnəbilərə üstünlük verir. Necə düşünürsünüz, niyə öz mütəxəssislərimizə güvənmirlər?

- Fuad Musayevin dövründə AFFA-nın Foqts kimi əcnəbi mütəxəssislər dəvət etmək imkanı yox idi. Həmin vaxt Kazbek Tuayev, Ağasəlim Mircavadov və Vaqif Sadıqov kimi məşqçilər işləyirdi. Əlbəttə ki, tibbi personal da yerlilərdən ibarət idi. Milliyə əcnəbi mütəxəssislər gəldikdən sonra onlar köməkçiləri, həkimləri, massajçıları də özləri ilə birlikdə gətirməyə başladılar. Amma bildiyimə görə, indi Nikola Yurçeviçin köməkçilərindən biri Arif Əsədov, digəri Dmitri Kramarenkodur. Məncə, həkim də yerli olmalıdır. Mən əcnəbilərin əleyhinə deyiləm. Əgər bizə nə isə öyrədəcəklərsə, buyurub gəlsinlər. Amma Azərbaycanın Əməkdar həkimi, demək olar ki, bütün futbolçularla işləmiş böyük təcrübəyə sahib Boris Xetaqurov kimi mütəxəssis necə kənarda qala bilər, bunu anlamıram. Baxın, bütün əcnəbilər nə vaxtsa geri qayıdırlar. Amma mən 21 ildir burada işləyirəm və hamı işimdən razıdır. Nəyə görə biz Foqts kimi əcnəbiləri və onların gətirdiyi tibbi personalı bəyənirik, özümüzünküləri isə bəyənmirik? Yenə deyirəm, biz o vaxt olduqca çətin şəraitdə çalışmışıq. Hətta bunu təsəvvür belə edə bilməzsiniz. Heç bir şərait yox idi. İndi isə vəziyyət dəyişib. Tərcüməçi var, inzibatçı var, videooperator var, massajçı var. O vaxt isə bu işlərin hamısını mən görürdüm. Hətta formaları da yuyurdum. Əgər bu gün AFFA rəhbərliyi hesab edirsə ki, bizə Nikola Yurçeviç kömək edəcək, ona uğurlar arzu edirəm. Görünür federasiya əcnəbilərə daha çox inanır.

- Yurçeviçdən söz düşmüşkən, qısaca olaraq, onun təyinatı haqda nə deyə bilərsiniz?

- Əvvəlcə onu deyim ki, Qurban Qurbanovun göndərilməsi səhv addım idi. Qurbanov yığmanın sükanı arxasında Millətlər Liqasında cəmi 1 oyunda uduzmasına baxmayaraq, AFFA dərhal onu Azərbaycanda heç kimin tanımadığı Yurçeviçlə əvəzlədi. Əminəm ki, Qurban Nikoladan daha güclü məşqçidir. Ona çox vaxt vermək lazım idi. Çünki milli komandanı formalaşdırmaq daha çətin prosesdir.

- Vaxtı ilə yığmamızla yanaşı, "Neftçi" və "Qarabağ"da da çalışmısınız. Yəqin ki, Premyer Liqamızı izləyirsiniz. Hazırda çempionluq mübarizəsi məhz "Qarabağ"la "Neftçi" arasında gedir. Hansı komandanın çempion olmasını istərdiniz?

- Bəli, 1987-ci ildə "Neftçi"yə dəvət almışam və bir neçə il orada çalışmışam. Bir müddət "Qarabağ"da da işləmişəm. Hər iki klub mənə doğmadır. Düzdür, "Neftçi"yə azarkeşlik edirəm, ancaq mənə elə gəlir ki, çempion "Qarabağ" olacaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər