"Qarabağ"la heç-heçədən sonra komanda arxayınlaşdı" - Elşad Əhmədov

"Qarabağ"la heç-heçədən sonra komanda arxayınlaşdı" - Elşad Əhmədov
MÜSAHİBƏ 6 Mart 2019 / 14:50 2178
-  A +

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Qol.az-a müsahibə verib. Komandasının qış fasiləsindən sonrakı çıxışını dəyərləndirən mütəxəssis Topaz Premyer Liqanın son turunda "Neftçi"yə 0:3 hesablı məğlubiyyətə də toxunub.

- Komandanız ötən tur səfərdə "Neftçi"yə böyük hesabla uduzdu. Maraqlıdır, niyə bir tur öncə "Qarabağ"a qarşı göstərdiyiniz oyunu "ağ-qaralar"a qarşı sərgiləyə bilmədiniz?

- Bunun bir çox səbəbi var. Birincisi, "Qarabağ"a qarşı tam heyətlə oynamışdıq. "Neftçi" ilə matçda isə bəzi itkilərimiz var idi. Xüsusilə Erik Ramosun cəzalı durumda olması meydanın mərkəzində oyunumuza mənfi təsir göstərdi. İkincisi, "Neftçi" son 2 görüşdə qələbə qazana bilməmişdi. Bilirdik ki, rəqib bizə qarşı bütün gücü ilə oynayacaq ki, 3 xal götürsün. Son olaraq, bizdə belə bir şey var ki, futbolçular yaxşı oynadıqları oyundan sonra bir qədər arxayınlaşırlar. Bunu nəzərə alıb, "Qarabağ"la heç-heçədən sonra onlarla danışığımız oldu. Amma görünür, oyunçuları həmin vəziyyətdən tam çıxara bilmədik.

- "Sabah" qış fasiləsində yaxşı hazırlıq keçdi. Elə özünüz də müsahibələrinizdə toplanışdan razı qaldığınızı, komandanın çempionata hazır olduğunu bildirmişdiniz. Mövsümün ikinci yarısına yaxşı başlasanız da, sonrakı oyunlarda nəticələr uğursuz oldu. Bunun səbəbini nədə görürsünüz?

- Əvvəlcə onu deyim ki, yalnız "Zirə" və "Qarabağ"la oyunlarda tam heyətlə çıxış edə bildik. Digər matçlarda itkilərimiz oldu. Ancaq nəticələr uğursuz olsa da, komandanın oyun planında xeyli artırdığını söyləmək olar. Bunu meydandakı mübarizə də göstərir.

- Fasilədən sonra keçirdiyiniz 5 oyunun 3-də komandanız meydanda azlıqda qalıb. Ümumiyyətlə, bəzi futbolçularınız, xüsusilə Təmkin Xəlilzadə oyun vaxtı çox aqressiv olur. Bu, nədən irəli gəlir?

- Hə, Təmkinin bəzi oyunlarda aqressiv davranışını biz də müşahidə etmişik. Ancaq düşünürəm ki, bu, daha çox onun meydandakı istəyindən irəli gəlir. Məsələn, "Qarabağ"la oyunda sarı vərəqə aldığı epizodda topa gecikmişdi, ona görə də həmin vaxt qaydanı pozması normal idi. Ancaq elə vaxt da olur ki, lazımsız yerdə sarı vərəqə alır. Bu barədə onunla söhbətimiz olub. Lazımı tədbir görmüşük. Lakin bunu mətbuata açıqlamaq düzgün olmaz.

- Xal itirdiyiniz və ya məğlub olduğunuz bir çox oyundan sonra hücumçu problemini qabardırsınız. Elə kənardan baxanda da bunu görmək mümkündür ki, Marko Deviç olmayanda, "Sabah" ön xətdə dişsiz görünür. Fasilədə Deviçin yoxluğunda ona əvəzləyə biləcək hücumçu niyə alınmadı?

- Hücumçu almaq istəyirdik. Maraqlandığımız bir neçə əcnəbi var idi. Sadəcə, istədiyimiz kimi oyunçu tapa bilmədik. Baxdığımız legionerlər komandamıza uyğun gəlmədi. Bu səbəbdən də hücumçu transferi gerçəkləşmədi.

- Bir neçə gün öncə Bakıya gətirdiyiniz ekvadorlu müdafiəçi Anibal Çala ilə müqavilə nə vaxt imzalanacaq?

- Hələ ki, tibbi müayinədən keçiririk. Amma çox güman ki, yaxın günlərdə onunla 2 illik müqavilə imzalanacaq.

- Çala həm də Ekvador millisində çıxış edir. Maraqlıdır, onu hansısa menecer sizə təklif edib, yoxsa öz tapıntınızdır?

- Skaut heyətimiz Çalanın bir neçə oyununu izləmişdi. Bəyəndiyimiz oyunçudur. Ekvador millisində 2 oyun keçirib. İnanıram ki, komandamıza kömək edə biləcək.

- Məlum məsələdir ki, növbəti mövsüm hədəfləriniz böyüyəcək. Bunu nəzərə alıb, heyətə daha səviyyəli legionerlər cəlb edəcəksiniz, yoxsa yenə də yerli futbolçulara etimad göstərəcəksiniz?

- Hələ mövsüm başa çatmayıb. Qoy, bu çempionatı bitirək, sonra gələn il haqda danışarıq.

- Bu tur "Keşlə" ilə qarşılaşacaqsınız. Rəqib autsayderlər qrupunda qərarlaşdığından, onlara qələbə hava-su kimi lazımdır. Ümumiyyətlə, həmin oyun barədə nə deyə bilərsiniz?

- Tək "Keşlə"yə yox, bizə də qələbə lazımdır. Matça ciddi hazırlaşırıq. Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərib, istədiyimiz nəticəni qazanaq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər