Azərbaycan - Albaniya matçının fasiləsində baş verən qalmaqalın təfərrüatları

XƏBƏR 20 Noyabr 2008 / 13:41 3949
-  A +

“Albaniya ilə qarşılaşma yoldaşlıq görüşü olduğundan əsasən gənclərin oynamalarına şans yaradılmışdı. Baş məşqçi Berti Foqts da, biz də nəticədən razı qaldıq”. Bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Onun sözlərinə görə, noyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Albaniya yığmaları arasında keçirilmiş yoldaşlıq matçında (1:1) yığmamızın qələbə qazanmaq şansı yüksək olub: “Biz 2:1 hesabı ilə qalib gələ bilərdik. Təəssüf ki, əlverişli imkanları əldən verdik. Futbolçularımız son 6 ayda fiziki hazırlıqlarını qat-qat artırdıqlarını bir daha sübuta yetirdilər. Sevindirici haldır ki, onlar sonadək mübarizə aparır, vaxtı uzatmırdılar. Əksinə, vaxtı albaniyalılar bilərəkdən uzadıb, görüşün tez başa çatmasını istəyirdilər”.

Məmmədov fasilədə yaşanan xoşagəlməz olaya da aydınlıq gətirib. Baş katib vurğulayıb ki, oyunun fasiləsində Albaniya Futbol Federasiyasının prezidenti Armand Duka zorla hakimlər otağına girib: “O, hakimlərin qərarlarından narazı idi. Mən federasiya prezidentinə hakimlər otağına girməyin qadağan olduğunu desəm də, o, buna məhəl qoymadı. İzah etdim ki, əgər şikayətiniz varsa, FİFA-ya müraciət edə bilərsiniz. Çünki görüşü FİFA hakimləri idarə edirdilər. Buna baxmayaraq, Armand Duka hakimlər otağına girdi. Onun hakimlərlə mübahisə etməsi, təbii ki, xoşumuza gəlmədi”.

Müxtəlif matçlarda hakimlərin qeyri-obyektivliyi ilə rastlaşdıqlarını söyləyən Məmmədov heç vaxt belə etiraz üsuluna əl atmadıqlarını bildirib: “İranla oyunumuz iranlıya, Bəhreynlə qarşılaşma isə ərəb hakimə tapşırılmışdı. Biz də bu oyuna azərbaycanlı hakim təyin edə bilərdik. Ancaq etik prinsipləri nəzər alaraq, gürcüstanlı FİFA hakimlərinə dəvət göndərdik. Bəzən əleyhimizə penalti qərarı çıxarılır, futbolçumuza qırmızı vərəqə göstərilir. Məgər, biz də hər oyunun fasiləsində görüşü davam etdirməmək fikrinə düşməliyik?”

AFFA rəsmisi deyib ki, albaniyalılar məğlubiyyətdən qorxduqları üçün ikinci hissəyə çıxmamaq istəyiblər: “Mənə elə gəlir ki, Albaniya yığması bu addımı atmaqla hakimlərə təzyiqi göstərmək niyyəti güdürdü. Rəqibin sonradan nəyə görə fikrini dəyişdiyini bilmədim. Açığı, ikinci hissədən imtinanın nədən qaynaqlandığını anlamadım. Yəqin ki, onlar uduzmaqdan qorxurlarmış”.

Qeyd edək ki, Albaniya Futbol Federasiyası qalmaqallar ucbatından bir neçə dəfə FİFA rəhbərliyinin qəzəbinə tuş gəlib. Dünyanın ən ali futbol qurumu axırıncı dəfə albaniyalıları bu il martın 14-də diskvalifikasiya edib. Onlar düz 45 gün - aprelin 29-dək bütün yarışlardan kənarda qalıblar.

Mənbə: APA-Sport


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı