"Tər-təmiz qolumuzu saymadılar" - Asif Məmmədov

"Tər-təmiz qolumuzu saymadılar" - Asif Məmmədov
MÜSAHİBƏ 25 Fevral 2019 / 17:19 2869
-  A +

"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Qol.az-a müsahibə verib. Topaz Premyer Liqanın son turunda "Keşlə" ilə xal itirdikləri oyundan danışan futbolçu digər məqamlara da toxunub.

- Son turda evdə autsayder "Keşlə"nin müqavimətini qıra bilmədiniz. Buna nə səbəb oldu?

- "Keşlə" axırıncı yerdə getsə də, bu gün çempionat elə vəziyyətdədir ki, hamı rahat şəkildə bir-birindən xal ala bilir. Ona görə də rəqibin autsayder olmasına fikir vermirdik. Bilirdik ki, istənilən halda çətin olacaq. Oyunumuz istədiyimiz kimi alınmadı. Bu səbəbdən qələbə qazana bilmədik. Amma səhvləri analiz edib, qarşıdakı matçlarda daha diqqətli olmağa çalışacağıq. Qol imkanlarımız oldu, istifadə edə bilmədik.

- Görüşün 76-cı dəqiqəsində Stiven Jozef-Monroz topu rəqib qapısından keçirsə də, baş hakim Rəşad Əhmədov qolu qeydə almadı. Səncə, referi düzgün qərar verdi?

- Təbii ki, tər-təmiz qol idi, saymadılar. Epizodun təkrarına da baxanda görünürdü ki, orada oyundankənar vəziyyət yoxdur. Bunu bəhanə gətirmirəm. Daha yaxşı oynaya bilərdik.

- Bəs niyə oynamadınız? "Qəbələ"nin futbolçuları meydanda çox istəksiz görünürdü...

- İstəksizlik ola bilməz. Sadəcə, həmin gün hava şəraiti əlverişli deyildi. Bir az boğunuq idi. Nəfəs almaqda çətinlik çəkirdik. Sürətli oynamaq olmurdu. Adam boğulurdu. Qəbələdə hərdən bu cür hava şəraiti olur. Amma hər şeyi sırf hava ilə əlaqələndirməyək. Çünki rəqib də eyni şəraitdə oynayırdı. Belə deyim, oyunumuz istədiyimiz kimi alınmadı. Potensialımız bundan da yaxşı oynamağa imkan verir.

- Bu mövsüm çempionatda əsas hədəfinizin ən pis halda 3-cü yeri tutub, Avroliqaya vəsiqə qazanmaq olduğu məlumdur. Necə düşünürsən, "Keşlə" ilə oyundakı xal itkisi mövsümün sonunda sizə başağrı ola bilərmi?

- Tək bu yox, itirdiyimiz bütün xallar sonda mənfi təsir göstərə bilər. Mövsümün ilk hissəsində öz meydanımızda "Sumqayıt"ı udurduq,  son dəqiqədə qol buraxıb, 3 xaldan olduq. Bu cür xal itkiləri acı nəticə verə bilər. Amma bunları unudub, qarşıdakı oyunlara köklənməliyik. Bir az da artırsaq, düşünürəm ki, hədəfimizə çatacağıq.

- Komandanız 1-2 oyun udur, özünə gəlir, sonra yenə xal itirir, qısamüddətli eniş yaşayır. Bu qeyri-sabitliyin səbəbini nədə görürsən?

- Yayda komandada bəzi dəyişikliklər oldu. Bu da öz sözünü deyir. Yeni baş məşqçimiz var, yeni qurulmuş komandayıq. Heyətdə gənc oyunçular var. Məncə, adaptasiya bir qədər gec keçdi. İlk iki dövrədə müəyyən çatışmazlıqlar olsa da, mövsümün ikinci hissəsində qeyri-sabit oynadığımızı deyə bilmərəm. Çünki 4 oyundan yalnız birində uduzmuşuq, o da "Qarabağ"a qarşı olub. Halbuki həmin matçda ən yaxşı oyunlarımızdan birini sərgiləmişik. Qeyri-sabit oynayıb-oynamadığımızı mövsümün sonunda görəcəyik.

- Üçüncü yer uğrunda əsas rəqibiniz "Səbail" dünən "Neftçi"yə qalib gələrək, "Qəbələ" ilə xal fərqini yenidən 6-ya yüksəltdi. Ümumiyyətlə, onların səfərdə lideri uda biləcəyini gözləyirdiniz?

- Əlbəttə, gözləyirdik. 3-cü dövrədə qazandıqları nəticələrdən də görünür ki, yaxşı futbol oynayırlar. Amma biz "Səbail"in yox, "Qəbələ"nin oyunlarına fikir verməliyik. Qarşıda bu komanda ilə 2 matçımız var. Əsas odur ki, öz oyunlarımızı udaq. Qarşıdakı 10 turda qalib gəlsək, istədiyimiz yerdə olacağıq.

- Növbəti tur səfərdə "Zirə"nin qonağı olacaqsınız. Samir Abasovun komandası son vaxtlar yüksəlişdədir. Həmin qarşılaşmadan nə gözləyirsən?

- Doğrudan da "Zirə" son turlarda qalib gəlir. Ardıcıl qələbələrdən sonra istər-istəməz komandada inam artır. "Zirə" ilə oyunlarımız hər zaman çətin olub. Düşünürəm ki, bizi yenə də ağır oyun gözləyir. Buna baxmayaraq, səfərə qələbə üçün çıxacağıq.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın