"Qələbə istənilən halda şirindir” – Riçard Almeyda

"Qələbə istənilən halda şirindir” –  Riçard Almeyda
ÖLKƏ FUTBOLU 17 Fevral 2019 / 21:20 2928
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqanın 17-ci turunda “Qəbələ”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, braziliyalı milliləşdirilmiş futbolçu əvvəlcə qələbəni şərh edib.

- Vacib oyunda qələbə istənilən halda şirindir. Birinci hissədə rəqibdən daha yaxşı oynadıq. Amma qəbul etməliyik ki, ikinci yarıda “Qəbələ” bizdən üstün idi. Futboldur, əsas odur ki, 3 xal qazandıq.

- Bir qədər fərqli sual verəcəyəm. Adətən oyun vaxtı futbolçunun üzərində olan qızıl əşyaları hakimlər çıxartdırırlar. Qulağınızdakı sırğaya indiyə qədər nəsə deyən olub?

- (Gülür). Bu, özəl hədiyyədir. Amma təbii ki, oyun vaxtı çıxarıram.

- “Neftçi” ilə xal fərqi birə endi. Necə düşünürsünüz, “Neftçi”ni təqribən nə vaxt keçə bilərsiniz?

- “Neftçi” bu mövsüm həqiqətən çox baxımlı, yaxşı futbol sərgiləyir. Ona görə də rəqibə hörmətlə yanaşırıq. Üstəlik, lider olaraq qalırlar. Dünən “Zirə”yə qarşı çox yaxşı oyun göstərdilər, ancaq xal itirdilər. Futbol elədir ki, hər zaman qələbə qazanmaq olmur. Dünən toplantıda məşqçimiz bizə statistikanı xatırlatdı ki, “Qəbələ” ötən ildən bəri uzun müddətdir uduzmurdu. Bunu da nəzərə almaq lazımdır. Siz də gördünüz ki, bu gün nə qədər çətinlik çəkdik.

- Bu gün “Qarabağ” hansı komponentdə “Qəbələ”ni üstələdi ki, yekunda 3 xal qazandı?

- Futbolda bəzən bəxt amili də rol oynayır. Amma hər şeyi sırf buna da bağlamazdım. Xüsusilə ilk hissədə Filip, Dani ilə imkanlarımız oldu. İkinci yarıda bir az səbrsiz oynadığımızı qeyd edərdim. Ancaq meydanda əlimizdən gələni etdik.

- Bəlkə, sadəcə “Qəbələ”nin Almeydası yox idi...

- Yox, onların da Camalov, Monroz, Adeniyi, Rauf kimi yaxşı oyunçuları var. “Qəbələ” həqiqətən yaxşı komandadır.

Daha çox


Son xəbərlər