“Mahirin top itirməsinə əsəbiləşirdik” – Maksim Medvedev

“Mahirin top itirməsinə əsəbiləşirdik” –  Maksim Medvedev
MÜSAHİBƏ 17 Fevral 2019 / 20:28 5813
-  A +

“Qarabağ”ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqanın 17-ci turunda “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, təcrübəli futbolçu əvvəlcə qələbəni şərh edib.

- Əvvəlcədən bilirdik ki, “Qəbələ” yaxşı oyun nümayiş etdirir. Bizim üçün çətin rəqibdir. Yaxşı hücum xətti var. Buna görə də ciddi hazırlaşmışdıq. Biz də onları analiz etmişdik. Açığı, bu gün bizdə çox şey alınmadı. Ehtiyatlı oynayırdıq. Vəziyyət elədir ki, xal itirmək istəmirsən. Ona görə də diqqəli olmalı idik. Əsas odur ki, sonda arzumuza çata bildik.

- Demək olarmı ki, ikinci hissədə daha çox çətinlik çəkdiniz. Çünki “Qəbələ” təzyiqi artırmışdı...

- Hesabda öndəydik, bunu qorumaq lazım idi. Çox risk etmirdik, daha çox əks-hücumlarda oynamağa çalışırdıq. Məncə, “Qəbələ”yə futbol göstərməyə yetərincə imkan verdik.

- Mahir bu oyunda da yaxşı təsir bağışlamadı. Tez-tez topları itirirdi. Bu amil komanda yoldaşı kimi səni əsəbiləşdirirmi? Səncə, niyə bu qədər geriləyib?

- Birincisi, gənc futbolçudur. İkincisi, meydana sonradan daxil olub, oyuna qoşulmaq bir az çətindir. İstər-istəməz topu, rəqibin təzyiqini hiss etməlisən. Bir az vaxta ehtiyac olur. Bir-iki epizodda topu itirəndən sonra oyunun alınmır. Düzdür, əsəbiləşirdik. Amma belədə də öz gücümüz gedir. Həm də ona dəstək olmağa çalışırdıq. Ola bilər ki, istədiyin alınmasın. Ən azından şablon oyununu qoruyub-saxlamalısan. Deyirdik ki, əsas rəqib oyunçuları bağla, səndən çox şey istəmirik.

- Bu qələbədən sonra “Neftçi” ilə xal fərqi minimuma endi...

- “Neftçi” neçə aydır liderdir. Əlbəttə, birinci pillədə olmaq istəyirik. Amma qarşıda hələ çox oyun var. Bəlkə biz də xal itirdik. Hər şeyi zaman göstərəcək. Həm də son oyunumuz “Neftçi”ylədir. Ola biləcək hər şeyə hazırıq. Bu gün aramızda 1 xallıq fərq olsa belə, bu, bizi razı salmır. Hər zaman lider olmaq istəyirik.

- Son illər Premyer Liqada rəqabət az idi. Ancaq bu mövsüm “Neftçi” öz iddiasını ortaya qoyub. Demək olarmı ki, indi çempionat sizin üçün daha maraqlıdır?

- Əlbəttə, rəqabət olanda çempionat da maraqlı keçir. Əvvəlki illərdə çempionluq uğrunda “Qəbələ” ilə mübarizə aparırdıq. Ancaq sonda çempion olurduq. Çünki sabitliyimizi qoruya bilirdik. Ancaq bu mövsüm Avroliqada bir az çox güc sərf etdik. Potensialımızı tam ortaya qoya bilmirdik. Ona görə də tez-tez xal itirirdik. İndi isə avrokuboklar yoxdur. Bütün diqqətimizi çempionata yönəltməliyik.

- Milli komandaya yeni baş məşqçi – Nikola Yurçeviç gətirildi. Yığmanın təcrübəli üzvü kimi bu təyinatdan nə gözləyirsən?

- Düzünü desəm, mən bu məşqçi haqda çox şey bilmirəm. İnsan olaraq da tanımıram. Ona görə də analiz edə bilmərəm. Milli üzvlərində heç kim oturub onunla söhbət etməyib. Qarşıda vaxt var. Ya əvvəlcədən uşaqlarla təkbətək görüşəcək, ya da toplanışda danışacaq. Bundan sonra nə cür məşqçi olduğunu, futbolçulardan nə tələb etdiyini, hansı oyun üslubunu xoşladığını biləcəyik.

- Avro-2020-nin seçmə mərhələsində ilk oyunumuz Xorvatiya seçməsinə qarşı olacaq. Bu matç üçün təxminən 1 aydan bir az çox zamanımız var. Səncə, indiki vaxtda çempionata 5-6 gün fasilə verib, futbolçularla tanışlıq üçün toplanış etmək yaxşı olmazmı?

- Bilirsiniz, bir tərəfdən bu yaxşı olar. Ancaq digər tərəfdən də bunu etsələr, çempionatın qrafikində dəyişiklik olacaq. Bunu isə heç bir futbolçu istəmir. Çünki hamı bilir ki, oyunu nə vaxtdır. Planları da buna görə qurur. 5 gündə çox şey dəyişə bilər. Ona görə də kimsə bunu istəmir.

Daha çox


Son xəbərlər