“Bizdə autsayder də avrokubok uğrunda oynayır” – Ayxan Abbasov

“Bizdə autsayder də avrokubok uğrunda oynayır” –  Ayxan Abbasov
MÜSAHİBƏ 13 Fevral 2019 / 18:20 2648
-  A +

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Qol.az-a müsahibə verib. Mövsümün ikinci hissəsinə uğursuz startın səbəblərindən danışan mütəxəssis milli komandamızdakı baş məşqçi təyinatına da münasibət bildirib.

- Qış fasiləsindən sonra keçirdiyiniz hər iki oyunda məğlub olmusunuz. Komandanız əvvəlcə səfərdə “Qəbələ”yə, ardınca isə evdə “Qarabağ”a uduzdu. Uğursuz startı necə şərh edərdiniz?

- Əvvəlcə onu deyim ki, mövsümün ikinci yarısına “Qəbələ” səfəri ilə başlamaq çətin idi. İstər-istəməz bunun təsiri oldu. Ancaq orada göstərdiyimiz oyun gələcək üçün bizə ümid verir. Çünki heç-heçə layiq oyun göstərdik. Ancaq yekunda məğlub olduq. İkinci görüşümüz “Qarabağ”a qarşı oldu. Onlar çempionluğa oynayan komandalardır. Məncə, “Neftçi” ilə heç-heçədən sonra Sumqayıta daha motivasiyalı gəlmişdilər. Fərqli iki hissə izlədik. Düzdür, birinci yarıda qapımız qarşısında epizod az oldu. Ancaq biz də heç nə edə bilmədik. Rəqib buna imkan vermədi. Fasilədə futbolçularımızla söhbətdən sonra ikinci yarıda istədiyimiz oyunu göstərə bildik. Ümumi götürəndə məğlub olmuşuq. Amma futbolçulara da demişəm ki, bu hələ çempionatın ortasıdır. Qarşıda çox oyunlarımız var, ruhdan düşmək olmaz. İnanıram ki, qələbələr gələcək.

- Məğlubiyyətdən əlavə, komandamız qol vurmaqda da çətinlik çəkir...

- Bu problem qış fasiləsindən öncə də var idi. Qollarımızı vuran futbolçulara baxsanız, görə bilərsiniz ki, hücum xəttində çıxış edən oyunçularımız ələ düşən fürsətlərdən yararlana bilmirlər. Bu, 1-2 günə həll olunası məsələ deyil. Üzərində işləyirik. Əsas çatışmazlığımız odur ki, rəqibin cərimə meydançasında son nöqtəni qoya bilmirik. Çox çalışmaq lazımdır.

- Komandanız artıq avrokuboklar zonasından da uzaqlaşır.

- Bizim çempionatda autsayder komanda da avrokubok uğrunda oynayır. Amma bundan sonra bizim üçün də çətin olacaq. Hər oyun finala, hər xal qızıla bərabərdir. Getdikcə yuxarı sıralardakı komandalarla xal fərqi artır. Qarşıdakı turlar bu baxımdan həlledici ola bilər.

- Hazırda “Sumqayıt” 6-cı pillədədir və autsayder komandalardan “Zirə” ilə 2, “Keşlə” ilə isə 3 xal fərqiniz var. Növbəti oyun sonunculara qarşı olacaq. Məğlub olsanız, bir az da geriləyə bilərsiniz. Bu, sizi narahat etmir?

- Mən hələ qış fasiləsindən öncə də demişdim ki, 5 xal da irəlidə olsan, bizim çempionat həqiqətən çox çətindir. 2 məğlubiyyətlə geri, 2 qələbə ilə irəli düşə bilərsən. “Keşlə” də fasilədən sonra keçirdiyi 2 oyunda məğlub olub. Ona görə oyuna ciddi yanaşırlar. Üstəgəl, evdə oynayacaqlar. Əlbəttə, bizim üçün çətin olacaq. Amma nəticə əldə etmək istəyiriksə, yaxşı hazırlaşmalıyıq.

- Qış fasiləsində alınan futbolçuların çıxışı sizi qane edirmi?

- Adillə Rəşad tanıdığımız futbolçulardır. Onlar qış toplanışının ilk günündən bizimlə hazırlıqda iştirak etdilər. Bu gün də görürük ki, bu futbolçularla bağlı problemimiz yoxdur. Uyğunlaşma gedib. Digər oyunçularımız isə toplanışa gec qoşuldular. Düzdür, Peyman Babayi Türkiyədə yoxlama oyunlarında iştirak etdi. Ancaq Əmir birbaşa Bakıya gəldi. Hamısı çalışır, istəklidir. Bəlkə də hücumçular qol vurmayanda təzyiq altına düşür. İnanıram ki, qarşıdakı oyunlarda bizə köməklik edəcəklər.

- Artıq transfer işlərini yekunlaşdırdığınızı demək olar, yoxsa yeni futbolçular gələ bilər?

- Yox, əlimizdəkilərlə kifayətlənəcəyik. Ümumi götürsək, elə böyük seçimimiz də yoxdur. Yalnız yerli futbolçular cəlb edə bilərik. Heyətdə yetərincə rəqabət var. Sonadək mübarizə aparacağıq.

- Komandada legioner futbolçunun olmaması baş məşqçi kimi sizə çətinlik yaradır?

- Mən bura gələndə bunu bilirdim. Komandadakı futbolçulara da güvənirəm. Bu gün belə bir şeyi bəhanə edə bilmərəm. Söz də vermişəm ki, heç vaxt bu barədə danışmayacağam. Klubun strategiyası belədir, buna mən qərar verməmişəm. Nə imkanımız, nə seçimimiz olubsa, hamısı komandadadır. Çalışmalıyıq ki, onları motivasiya edək, yaxşı formada olsunlar.

- Son olaraq, xorvatiyalı məşqçi Nikola Yurçeviçin milli komandamıza baş məşqçi təyin olunmasına münasibətinizi bilmək maraqlı olardı...

- Əgər ona etibar ediblərsə, deməli, maraqlanıblar. Yurçeviç haqqında elə də məlumatım yoxdur. Sadəcə, onu bilirəm ki, son 12 ildə Türkiyə, Rusiya, İngiltərədə Slaven Biliçin köməkçisi olub. Ancaq milli komanda tam başqa yerdir. Orada ab-hava fərqli olur. Seçmə mərhələdə çətin qrupa düşmüşük. Yeni baş məşqçinin vaxtı da azdır. Yəqin ki, çempionatı izləyəcək, bəlkə də milliyə yeni futbolçular cəlb edəcək. Qarşıdakı oyunlardan sonra fikir bildirə bilərəm. İndiki məqamda isə yalnız uğurlar arzulamaq olar.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər