"Xorvatiyadan qorxmuruq" - Ramil Şeydayev

"Xorvatiyadan qorxmuruq" -  Ramil Şeydayev
MÜSAHİBƏ 13 Fevral 2019 / 15:15 4136
-  A +

Milli komandamızın hücumçusu, hazırda Rusiya Premyer Liqa təmsilçisi “Krılya Sovetov”da çıxış edən Ramil Şeydayev Qol.az-a müsahibə verib. Nikola Yurçeviçin yığmaya baş məşqçi təyinatı haqda danışan futbolçu Avro-2020-nin seçmə mərhələsindəki şanslarımızı da dəyərləndirib.

- Əvvəlcə yığmanın yeni baş məşçqçisi Nikola Yurçeviçlə bağlı fikirlərini bilmək maraqlı olardı. Xorvatiyalı məşqçini tanıyırsan?

- Xeyr, Yurçeviçi tanımıram. Ona görə də hələlik baş məşqçi haqqında heç nə deyə bilmərəm.

- Yurçeviçlə bağlı qısaca onu deyim ki, baş məşqçi kimi heç bir uğuru yoxdur və daha çox köməkçi məşqçi kimi fəaliyyət göstərib. Səncə, milli onun başçılığı altında uğur qazana bilər?

- Futboldur, hər şey ola bilər. Millinin uğur qazanması həm ondan, həm də komandadan asılıdır.

- Yeni çalışdırıcıdan dəvət gözləyirsən?

- Əlbəttə, gözləyirəm. Ən əsası da inanıram ki, millidən kənarda qalmayacağam.

- “Krılya Sovetov”dakı vəziyyətin necədir? Hazırkı durum səni qane edir?

- Hər şey əladır. Təlim-məşq toplanışındayıq. Məşq edirik, çempionata hazırlaşırıq. Qarşıda daha bir toplanışımız olacaq.

- Yoxlama oyunlarında meydana çıxsan da, hələ ki, qol vura bilməmisən. Niyə alınmır?

- Açığı, bu suala cavab verə bilməyəcəyəm. Çünki səbəbini özüm də bilmirəm.

- Gələcəkdə səni yenidən Azərbaycan çempionatında görə bilərik?

- Azərbaycanı, Bakını çox sevirəm. Vətənim üçün darıxıram. Ancaq yenidən orada oynayıb-oynamayacağımı dəqiq deyə bilmərəm. Bunu zaman göstərəcək.

- Bir müddət öncə Rusiya mətbuatına müsahibəndə Azərbaycanda futbolun səviyyəsinin yüksək olmadığını, oyun sayının azlığına görə ölkəmizdə çıxış etməyin düzgün olmadığını vurğulamışdın. Ölkəmizdə futbolun səviyyəsini qaldırmaq üçün nə etmək lazımdır?

- Hər şeyə uşaq futbolundan başlamaq lazımdır. Qısa vaxt ərzində nəyisə dəyişmək  çox çətindir. Futbolun səviyyəsini yüksəltmək üçün uzun zamana ehtiyac var.

- 1 il “Qarabağ”da oynadın. Milli komandanın üzvüsən, demək olar ki, bütün toplanışlara dəvət alırsan. Burada olduğun müddətdə Azərbaycan futbolunda hansı problemləri gördün?

- Bu, artıq başqa söhbətin mövzusudur. İndi bu haqda fikir bildirmək istəmirəm.

- Yaxşı, millidən danışaq. Qarşıda Avro-2020-nin seçmə mərhələsinin oyunları gəlir. Qrupumuzdakı komandalar isə Xorvatiya, Uels, Slovakiya və Macarıstandır. Rəqibləri necə dəyərləndirirsən?

- Əlbəttə, hamısı güclü yığmalardır. Çətin rəqiblərlə qarşılaşacağıq. Ancaq əlimizdən gələni edib, ölkə üçün oynayacağıq. Qrupda yaxşı yer tutmağa çalışacağıq.

- Səncə, milli komandamız qrupda neçənci yeri tuta bilər?

- Düşünürəm ki, 2-ci yeri tuta bilərik.

- Nəyə əsasən belə fikirləşirsən?

- Çünki bizim yaxşı komandamız var. Mən yığmaya inanıram. Ona görə də 2-ci yeri tuta biləcəyimizi fikirləşirəm.

- Ancaq komanda Millətlər Liqasında qrupdan çıxa bilmədi...

- Bu, bizim üçün bir dərs oldu. Bundan sonra daha inamlı çıxış etməli və yaxşı nəticələr qazanmalıyıq.

- Qrupda ilk oyununuz səfərdə Xorvatiyaya qarşı olacaq. Son dünya çempionatının gümüş medalçısı ilə oynamaq sizi qorxutmur?

- Xeyr, qorxutmur. Onlar da meydana 11 nəfərlə çıxacaqlar.

- Həmin oyun haqda nə deyə bilərsən?

- İndiki məqamda heç nə demək istəmirəm. Çünki mən hələ heç baş məşqçini də tanımıram.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər