"1500 abunəçi belə kifayət etmir" – "Futbol+"in redaktoru

"1500 abunəçi belə kifayət etmir" – "Futbol+"in redaktoru
XƏBƏR 12 Fevral 2019 / 12:31 2099
-  A +

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən qəzetlərə maliyyə yardımı ilə bağlı yeni qərara əsasən, 2019-cu ilin ikinci rübündən etibarən yalnız ictimai-siyasi qəzetlər maliyyələşdiriləcək. Bu səbəbdən ölkənin yeganə gündəlik idman nəşri olan “Futbol+” müsabiqədən kənarda qalacaq. Bu isə qəzetin gələcək fəaliyyətini sual altına salır. “Futbol+”la bağlı son vəziyyəti öyrənmək məqsədilə qəzetin baş redaktoru Mahir Rüstəmli ilə əlaqə saxladıq. O, Qol.az-ın müxbiri ilə söhbətə qəzetdəki real durumdan başladı:

"Qəzetimizdə yaradıcı və texniki heyətlə birlikdə 16 nəfər çalışır. Hazırda mənzərə belədir ki, biz onsuz da Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun layihə qaliblərindən biri kimi martın sonuna qədər müsabiqənin iştirakçısıyıq. Təbii ki, buna görə pul ödəniləcək və o vaxta qədər heç bir problem olmayacaq. Ancaq əgər vəziyyət indiki kimi qalsa, yəni qərar dəyişməsə, təbii ki, martdan sonra fəaliyyətimiz xeyli çətinləşəcək".

Vəziyyətdən çıxış yolu axtaran qəzetin kollektivi bir neçə gün öncə abunə kampaniyasına start verib. Həmin prosesə də toxunan M. Rüstəmli durumun ürəkaçan olmadığını bildirib: "Gerçəklik budur ki, hətta 1500 abunəçi yığsaq belə, bu, qəzetin özünü dolandırması üçün kifayət etmir. Normal qəzetçiliklə məşğul olan hər kəs gözəl anlayır ki, qəzet bu gün 7-8 min tirajla çıxmalıdır. Onun da ən azı 5-6 mini satılmalıdır ki, indiki reklam bazarının olmadığı şəraitdə gündəlik qəzet özünü dolandırsın və normal şəkildə fəaliyyət göstərsin".

Sözügedən qadağanın aradan götürülməsi üçün artıq ölkə başçısına müraciət ünvanlanıb. M.Rüstəmli deyir: “Azərbaycan idman ölkəsinə çevrilib, paytaxtımız son illərdə bir çox mötəbər idman yarışlarına ev sahibliyi edib, ümumiyyətlə, regionda bu mənada seçilir. Ölkədə bu nəhənglikdə idman infrastrukturu qurulubsa, qlobal yarışlar keçirilirsə, heç şübhəsiz, onların işıqlandırılması lazımdır. Məncə, ölkədə idman qəzetinin olması bir az da strateji məsələdir. Qarşıdan Avroliqanın finalı gəlir, bundan sonra Bakıda 2020-ci ildə Avropa çempionatının final mərhələsinin 4 oyunu keçiriləcək. Mən təsəvvür edə bilmirəm ki, belə bir ölkədə gündəlik idman qəzeti necə olmaya bilər? Çox ümid edirəm ki, rasional, məntiqli qərar qəbul olunacaq və bizim müsabiqədə iştirakımıza icazə veriləcək".

"Futbol+"un baş redaktoru hazırda ilk növbədə hazırkı kollektivi qorumağa çalışdıqlarını deyib: “İstərdim ki, bu kollektiv dağılmasın, fəaliyyət göstərsin. Ancaq sabah qəzet sayt variantına keçəcəksə, təbii ki, bu qədər işçini saxlamağın artıq bir mənası yoxdur. Saytlarda da o qədər maliyyə yoxdur ki, 15-16 nəfər işçi saxlayasan. Ona görə də burada ixtisarlar da, maaş azalması da ola bilər. Müxtəlif pis variantlar reallaşa bilər".

Baş redaktor "Demək olarmı ki, istənilən vəziyyətdə, məsələn, gündəlikdən həftəliyə keçsə belə, qəzet yaşayacaq?" sualına isə bu cür cavab verib: "Mən həftəlik məsələsini ən son variant kimi görürəm. Özünüz də bilirsiniz ki, həftəlik qəzet bugünkü gündə oxucu tələbətını heç vaxt ödəyə bilməz. Sadəcə, qəzetin adının, mövcduluğunun qorunması naminə bəlkə də son addım kimi buna əl atmaq olar. Amma düzünə qalsa, bir ölkənin həyatında hər gün yeni nələrsə yaşanırsa, onda qəzet gündəlik olmalı, hər gün oxucuların görüşünə gəlməli, hadisələri işıqlandırmalıdır".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı