“Neftçi”nin hələ də mənə borcu var” – Nikolas Kanales

“Neftçi”nin hələ də mənə borcu var” –  Nikolas Kanales
MÜSAHİBƏ 11 Fevral 2019 / 14:23 5591
-  A +

“Neftçi”nin sabiq hücumçusu Nikolas Kanales Qol.az-a müsahibə verib. 2012-2013, 2014-2015 və 2016-cı illərdə “ağ-qaralar”ın formasını geyinən, klub tarixinin ən yaxşı əcnəbi bombardiri olan çilili forvard həm ölkəmizdəki karyerasından danışıb, həm də digər maraqlı məqamlara toxunub.

- Hazırda karyeranızı davam etdirirsiniz, yoxsa futbolla vidalaşmısınız?

- Yox, karyeramı bitirməmişəm. Hələ oynayıram. Ötən mövsüm Çilidə “Reyncers” klubunda oynadım. İndi isə klubsuzam. Yeni təkliflər gözləyirəm.

- Hələ 33 yaşınız var. Yenidən “Neftçi”də oynamaq istərdiniz?

- “Neftçi” böyük klubdur. Ancaq onların hər zaman mənə ödəniş etməklə bağlı problemləri olurdu. Klubun hələ də mənə borcu var. Onlar mənə müəyyən məbləğdə ödəniş etməlidirlər. Klubun indiki vəziyyətini bilmirəm. Ancaq “Neftçi”dən gələ biləcək istənilən təklifə hər zaman açığam. Bu komandanı çox sevirəm.

- Sirr deyilsə, “Neftçi”nin sizə nə qədər borcu olduğunu açıqlaya bilərsiniz?

- Konkret rəqəmlərlə danışmaq istəmirəm. Ancaq elə də böyük məbləğ deyil. Maaşımın müəyyən bir hissəsidir.

- Bu cür hallarda adətən futbolçular FİFA-ya şikayət edirlər. Siz hansı addımı atmısınız və ya atmağı düşünürsünüz?

- Heç vaxt bunu etməmişəm. Çünki hər zaman onların vədlərinə inanmışam. Düşünürəm ki, heç bundan sonra da FİFA-ya müraciət etməyəcəyəm. Bu məsələ mənim üçün artıq bağlanıb.

- Borc məsələsini bir kənara qoysaq, “Neftçi”dəki karyeranızı necə xatırlayırsınız?

- “Neftçi”də keçirdiyim illər karyeramın vacib hissələrindən biridir. Mən bu komandanın heyətində UEFA Avropa Liqasında oynamaq şansı qazandım ki, bu da mənim üçün yaxşı təcrübə oldu. Həmçinin Azərbaycan futbolunda ilk dəfə qrup mərhələsinə vəsiqə qazanan klubun bir parçası oldum.

- Legionerlər Bakını görəndən sonra buradan getmək istəmirlər. Getsələr də, yenə qayıtmağa can atırlar. Xüsusilə də cənubi amerikalılar. Siz necə, paytaxtımız üçün darıxırsınız?

- Əlbəttə. Bakı ildən-ilə gözəlləşən möhtəşəm şəhərdir. Təkcə Bakı üçün deyil, oradakı dostlarım üçün də darıxıram.

- Keçmiş komandanızın oyunlarını izləyirsiniz?

- Yalnız vacib oyunları olanda baxıram. “Neftçi”nin hazırda Premyer Liqada lider olmasından xəbərim var. Ümid edirəm ki, onlar yenidən çempion olub, öz azarkeşlərini sevindirərlər.

- Sonuncu dəfə “Neftçi”nin hansı oyununu izləmisiniz?

- Səhv etmirəmsə, doğma meydanda “Qarabağ”la oyunlarına baxdım. Hesab da 3:1 olmuşdu.

- Bir vaxtlar rəqib olduğunuz Reynaldo Silva yenidən Azərbaycan çempionatında çıxış edir. Onunla çox qarşılaşmısınız, oyununa bələdsiniz. Sizcə, braziliyalı hücumçu “Qarabağ”a əvvəlki kimi xeyir verə bilər?

- Reynaldo hər zaman “Qarabağ”a kömək edə bilər. Çünki o, inanılmaz futbolçudur. Özünü Bakıda çox yaxşı hiss edir. Sanki ikinci evidir.

- “Neftçi”dəki ilk mövsümünüzdə 31 oyuna 26 qol vuraraq bombardir olmuşdunuz. Son illərdə isə Azərbaycanda ən sərrast oyunçular 10 qol səddini çətinliklə aşır. Həmin hücumçulara nə məsləhət görərdiniz?

- Bilirsiniz, həmin 26 qol tək mənim yox, bütün komanda yoldaşlarımın uğuru idi. Yaxşı futbolçulardan ibarət komandamız var idi. Bilmirəm, onlar olmadan da mən o qədər qol vura bilərdimmi.

- Sözlərinizdən belə anlaşılır ki, indi Azərbaycanda yaxşı futbolçular olmadığı üçün hücumçular qol vurmaqda çətinlik çəkirlər?

- Xeyr, Azərbaycanda indi də yaxşı futbolçular çoxdur. Mən yerli oyunçuları nəzərdə tuturam. Son vaxtlar futbolunuzda yaxşı azərbaycanlı oyunçular üzə çıxıb.

- “Neftçi” azarkeşləri sizi çox sevir. Sonda onlara nə demək istərdiniz?

- Mən də onları sevirəm və azarkeşlər üçün darıxıram. Onların arasında hələ də əlaqə saxladığım dostlar var. Ümumiyyətlə, “Neftçi” ilə bağlı demək olar ki, ancaq yaxşı xatirələrim var.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər