“Şadam ki, “Neftçi”yə keçidim səs-küyə səbəb olub” - Sansone

“Şadam ki, “Neftçi”yə keçidim səs-küyə səbəb olub” -  Sansone
ÖLKƏ FUTBOLU 10 Fevral 2019 / 17:45 3773
-  A +

“Neftçi”nin yeni transferi Canluka Sansone Topaz Premyer Liqanın 16-cı turunun “Keşlə” ilə oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, “ağ-qaralar”ın heyətində ilk oyununa çıxan italiyalı hücumçu əvvəlcə debütü haqda danışıb.

- “Neftçi”yə yenicə gəlmişəm. Qısa zamanda bura uyğunlaşmağa çalışıram. Bizim yaxşı kollektivimiz, futbolçularımız var. Gözləntilərim özünü doğrultdu. Özümü “Neftçi”də yaxşı hiss edirəm. Bu komandada ilk oyunumu keçirdiyim üçün sevinirəm.

- Meydanda çox sərbəst görünürdünüz. Sanki heç birinci oyununuz deyildi. Bu inam təcrübənizdən irəli gəlir, yoxsa bura tez adaptasiya olmağınızdan?

- Düşünürəm ki, bu sual ilk növbədə baş məşqçiyə verilməlidir. Oyunçuların öz işi, vəzifəsi var. Bu isə məşq etməkdir, meydanda futbol oynamaqdır. Mənim üçün vacib olan həmişə start heyətdə meydana çıxmaq yox, komandama kömək etməyə hazır olmaqdır.

- “Sassuolo”, “Bolonya”, “Sampdoriya” kimi klublarda, İtaliya çempionatında oynadıqdan sonra Azərbaycan kimi kiçik futbol ölkəsinə gəlişinizi karyeranızda geri addım saymaq olar?

- Bu, mənim üçün yeni sınaqdır. Bunu keçid kimi də dəyərləndirmək olar. Söhbət Azərbaycan çempionatından gedirsə, deyə bilərəm ki, futbolunuz inkişafdadır. Premyer Liqanız digər çempionatlardan ancaq yaxşı şeyləri götürür. Mənim üçün burada olmaq yaxşıdır. Komandama kömək etmək istəyirəm. Azərbaycanda oynamaq mənim üçün yaxşı təcrübə olacaq.

- İtaliya mətbuatı qış fasiləsinin 3 qəribə transferindən biri kimi sizin “Neftçi”yə keçidinizi göstərib. Buna münasibətinizi bilmək maraqlı olardı.

- Mən ilk növbədə bunu qəribə transfer saymıram. Bu, sadəcə bir xəbərdir. Mən Azərbaycanda oynayan ilk italiyalı futbolçuyam. Ola bilər ki, buna əsasən belə yazıblar. Əgər hətta onlar bu keçidi qəribə adlandırırlarsa belə, özüm üçün bunun ancaq yaxşı tərəfini götürürəm. Şadam ki, “Neftçi”yə keçidim bu cür səs-küyə səbəb olub.

- Hazırda çempionluq yolunda əsas rəqibiniz “Qarabağ”dır. Sizcə, sonadək onlarla başabaş mübarizə apara biləcəksiniz?

- Çempionat hələ uzundur. Xal fərqini qorumaq üçün sonadək mübarizə aparacağıq. Hər oyun bizim üçün vacibdir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord