"Məğlub psixologiyasını futbolçuların başından çıxara bilmirik" - Tərlan Əhmədov

"Məğlub psixologiyasını futbolçuların başından çıxara bilmirik" - <b style="color:red"> Tərlan Əhmədov</b>
ÖLKƏ FUTBOLU 10 Fevral 2019 / 16:44 1826
-  A +

"Maraqlı oyun gördük. Matça əks-hücum taktikası ilə başlamışdıq, sonradan oyun bərabərləşdi".

Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 16-cı turunda səfərdə "Neftçi"yə uduzduqları oyundan (0:2) sonra keçirilən mətbuat konfransında deyib.

- Uşaq səhvlərindən qollar buraxırıq. Futbolçuların zəhmətinə heyfim gəlir. Qalib də gələ bilərdik, ancaq şanslardan yararlana bilmədik. Bilmirəm, həmin epizodda penalti var idi, ya yox. Deyilənə görə, birinci hissədə də Klennona qarşı kobudluq edilmişdi. Hər halda bugünkü matç göstərdi ki, komandanın potensialı var. Qarşıdakı turlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq. Rəqibi təbrik edirəm.

- Komandanın heyətində dəyişiklik çox olur. Gediş-gəliş bitib, yoxsa...

- Nə gələn olacaq, nə də gedən. Bundan sonra kimisə gətirməyə lüzum görmürük. Komandanın oyun baxımından geri qalmadığı matçda məğlub olduq. Bəlkə də, futbolçuların özünə inamının olmaması amilini aradan qaldıra bilmirik. Gələndən bunun üzərində işləyirik. Təlim-məşq toplanışında da bunu görmüşdük. Keçən matç, ümumiyyətlə, komandanı tanıya bilmədim. Heç vaxt müdafiə futbolu oynatmamışam. Ancaq bu gün məcburiyyətdən belə çıxış etməli olduq. Çünki “Neftçi”nin hücum xətti çox güclüdür.

- Komandanın istədiyiniz oyunu göstərməsi üçün nə qədər vaxta ehtiyacınız var?

- Artıq vaxtımız yoxdur. Mayın sonuna qədər nə qədər zamanımız varsa, ondan istifadə etməyə çalışacağıq.

- Klubda maliyyə problemləri olduğu deyilir...

- Bütün ödənişlər edilib. Hər yerdə gecikmələr olur. Mətbuat da yazmaq üçündür.

- Start heyətdə 5 legioner var idi. Deyirsiz ki, futbolçularda özünəinam yoxdur. Amma bu, gənclər komandası deyil. Həmin legionerlər bura gəlirsə, hazır olmalıdır. Onları bura gətirməyin məsuliyyəti kimdədir?

- 4 futbolçu transfer etmişik. 3-ü legionerdi, biri isə Vüsal İsgəndərli. Qalanları yayda gəlib. Əvvəldə məğlubiyyətlər olub deyə, o psixologiyanı komandanın başından çıxara bilmirik. Desəm ki, fiziki və ya taktiki cəhətdən problem var, yanılmış olaram. İstər-istəməz keçmiş futbolçuların psixologiyası yeni gələnlərə də təsir edir. Oyunçuları bura kimin gətirməyinin fərqi yoxdur. Bütün məşqçilər korpusu bəyənib yeni gələnləri.

- Bir komandanın yaxşı çıxış etməsi üçün 3 amil lazımdır: hazırlıq, maliyyə və psixologiya. Əsas problem nədir?

- Dedik ki, maliyyə barədə problem yoxdur, hazırlıq da normaldır. Sadəcə, psixoloji cəhətdən çətnlik var. Məğlubiyyətə öyrəşən komandanı bu vəziyyətdən birdən-birə çıxarmaq olmur. Çünki futbolçular həmin qorxu ilə oynayırlar.

- Kubok qazanmış komandada niyə belə ardıcıl məğlubiyyətlər oldu?

- O komandadan neçə futbolçu qalıb? Yayda xeyli oyunçu komandanı tərk edib. Bəlkə də, onlar qalsaydı, tamamilə fərqli ab-hava olardı. Həmişə eyni nəticəni qazanmaq olmur. Komanda kubokdan sonra avrokubokda ilk mərhələdə dayandı, bu da təsirsiz ötüşmədi.

- Əgər mövsümün sonuna qədər komandanın nəticələri yaxşılaşmasa, sizin şəxsi qərarınız nə olacaq?

- Məni bura gətirən klub rəhbərliyi var. Qərar onların olacaq. Qarşıdakı oyunlarda maksimum nəticə əldə etməyə çalışacağıq. Ümid sonda ölür. Çalışacağıq ki, komandanı "qara zolaq"dan çıxaraq.

- Emin Mehdiyevlə bağlı yaranan vəziyyətdə məsuliyyət kimindir?

- Mən baş məşqçi olaraq sənədləşmə işləri ilə maraqlanmıram. Belə problemlər həmişə yaşana bilir. Kimisə günahlandırmaq mənasızdır. Emin yaxşı formadadır, amma belə problem yaşadıq. Artıq bu, bizim üçün keçmişdə qalıb.

- Zaur Axundov deyib ki, əgər PFL icazə versə, texniki zonada əyləşəcək. Bu baş versə, sizə əlavə təzyiq yaratmayacaq ki?

- Mənim üçün heç bir gərginlik yoxdur. Klubun prezidentidir. Bu gün də görürsüz ki, gərginlik yoxdur. Mən heç vaxt təzyiq altına düşmürəm. PFL icazə verəcəksə, deməli, oturmalıdır.

 

Daha çox


Son xəbərlər
25.04.19  22:00

Sarri cərimələndi

25.04.19  17:29

Robben qayıtdı