"Biz futbolçular çörəyi ayağımızla qazanırıq" - Təmkin Xəlilzadə

"Biz futbolçular çörəyi ayağımızla qazanırıq" - Təmkin Xəlilzadə
MÜSAHİBƏ 7 Fevral 2019 / 13:48 2293
-  A +

"Sabah"ın müdafiəçisi Təmkin Xəlilzadə Qol.az-a müsahibə verib. Cəza səbəbindən Topaz Premyer Liqanın 16-cı turunun "Qəbələ" ilə oyununu buraxmalı olacaq futbolçu sabiq komandasına qarşı oynamayacağı üçün təəssüfləndiyini bildirib.

- Əvvəlcə 15-ci turda "Zirə"ni səfərdə 2:0 hesabı ilə udduğunuz oyundan başlayaq. Matçın 25-ci dəqiqəsindən etibarən meydanda azlıqda qalsanız da, 3 xal qazana bildiniz. Həmin qarşılaşma ilə bağlı fikirlərini bildirərdin.

- Oyuna çox ciddi hazırlaşmaqla yanaşı, həm də yaxşı köklənmişdik. Matçın mahiyyətini, ağırlığını başa düşürdük. "Zirə" son pillədə getməsinə baxmayaraq, ora layiq deyil. Həm Samir Abasov güclü məşqçidir, həm də "Zirə" yaxşı komandadır. Səfərdə oynayırdıq, üstəlik, 25-ci dəqiqədə azlıqda qaldıq. Amma qırmızı vərəqədən sonra sanki komandaya əlavə güc gəldi. Fasilədə paltardəyişmə otağında hamımız sözü bir yerə qoyduq ki, bu oyundan yaxşı nəticə ilə ayrılmalıyıq. Şükürlər olsun ki, ikinci hissə başlayan kimi lazım olan qolu vurduq. Rəqib azlıqda qaldıqdan sonra isə daha rahat oynamağa başladıq. Daha sonra 2-ci qolu vurduq. Matçın sonlarında fərqi daha da artıra bilərdik, ancaq fürsətdən istifadə edə bilmədik. Əsas odur ki, lazım olan nəticəni qazandıq.

- Türkiyədə "Sabah"la hazırlıq keçdin və ötən tur yeni komandanın heyətində ilk rəsmi oyununa çıxdın. Kollektivə tam uyğunlaşa bilmisən?

- Məndə hansısa komandaya uyğunlaşmaqda heç vaxt problem olmayıb. "Sabah"da da belə bir çətinlik yaşamadım. Çoxu tanıdığım uşaqlardır. Elşad Əhmədovla bir yerdə işləməsəm də, işinə yaxından bələd olduğum məşqçidir. 3-5 gün mənə bəs etdi ki, tam istədiyim oyunu ortaya qoya bilim. Düzdür, hələ özüm özümdən tam razı deyiləm. Amma vaxt keçdikcə bu komanda üçün yaxşı işlər görəcəyimə inanıram və bunun üzərində işləməyə davam edirəm.

- Əvvəl çıxış etdiyin klublarda həm müdafiədə, həm də yarımmüdafiədə oynadığını dəfələrlə görmüşük. "Sabah"da ilk oyununa isə müdafiəçi kimi çıxdın.

- Hə, Elşad müəllim ilk oyunda məni müdafiənin solunda oynatdı. Hər iki mövqe mənim üçün tanışdır. Ona görə də elə bir problemlə üzləşmədim. Müdafiədə olanda daha diqqətli oynamağa çalışıram. Yarımmüdafiçi kimi isə özümü daha rahat hiss edirəm. Hücumameylli oynamaq daha yaxşıdır. Ancaq yenə deyirəm, mənim üçün problem deyil. Məşqçi qərar verir, mən də buna uyğun meydançada öz işimi görürəm.

- Necə düşünürsən, komandaya müdafiəçi kimi daha çox xeyir verə bilərsən, yoxsa yarımmüdafiəçi kimi?

- Müdəfiədə çıxış edəndə istər-istəməz sadə oynamağa məcbursan. Çalışırsan ki, qapında top görməyəsən, müdafiəyə daha yaxın olursan. Yarımmüdafiədə oynayanda isə rəqib qapısına yaxın olursan. Orada oynayanda hər istədiyini edə, rəqibi keçə bilirsən. Bir sözlə, hücumçu kimi oynayırsan. Həmişə öz oyunlarıma baxıb, analiz edirəm. Yarımmüdafiədə daha yaxşı oluram. Fikir vermişəm, müdafiədə elə çıxış edə bilmirəm. Ancaq, bunda problem görmürəm. Elə də böyüdüləcək bir şey deyil.

- Növbəti oyun qış fasiləsində ayrıldığın "Qəbələ"yə qarşı olacaq. Ancaq cəzalı olduğun üçün bu matçda iştirak edə bilməyəcəksən. Buna təəssüflənirsən, yoxsa sevinirsən?

- (Gülür). Əslində təəssüflənirəm. Oynasaydım, daha yaxşı olardı. "Qəbələ" mənə doğma klubdur. Oradakı uşaqlarla münasibətim nə qədər yaxşı olsa da, meydanda bir-birimizə rəqibik. Ona görə də bu oyunda oynamaq istərdim. Təəssüflər olsun ki, sarı vərəqə limitini doldurduğum üçün oyuna kənardan baxmalı olacağam. Bir tərəfdən də sevinirəm ki, "sarı" aldım, bu cəzadan canım qurtardı. Çünki 3 sarı vərəqəm olanda, rahat oynaya bilmirəm. Hardasa qırılmalı idi.

- "Qəbələ"yə qarşı oynamaq istədiyini dedi. Bəs qol vurmaq necə, onu da istəyərdin?

- Nə bilim. Əlbəttə, istərdim.

- "Sabah" kimi "Qəbələ" də fasilədən sonra keçirdiyi ilk oyununu qələbə ilə başa vurdu...

- Hə, oyuna televiziya vasitəsilə baxdım. Doğrudan da əla təsir bağışladılar. Onu deyə bilərəm, bizi çox çətin oyun gözləyir. Debütantın "Qəbələ" kimi komandaya qarşı oynaması asan deyil. Ancaq bizdə də keyfiyyətli futbolçular var. Düşünürəm ki, çox maraqlı oyun olacaq. Ümid edirəm ki, istədiyimiz nəticəni qazanarıq.

- Təmkin, bu mövsüm meydanda çox intizamsızlıq edirsən. Qışa qədər "Qəbələ"nin heyətində 2 dəfə qırmızı vərəqə almısan, indi isə 4 "sarı"ya görə cəzalı duruma düşmüsən. Bu aqressiyanın səbəbi nədir?

- Düzdür, meydanda çox aqressiv oluram. Özümdən asılı deyil. Ümumiyyətlə, son vaxtlar özümə qarşı çox kobudluq hiss edirəm. Ayağıma çox vururlar. "Zirə" ilə son oyunda da belə oldu. Hətta ilk hissədən sonra ağrılarım o qədər çox idi ki, əvəzləmək istəyirdilər. Çox pis vurmuşdular. Biz futbolçular çörəyi ayağımızla qazanırıq. Biz də insanıq, ayağımıza vururlar, vururlar, axırda hardasa partlayırıq. Mənə əl dəyməsələr, heç kimlə işim olmaz. Sakitcə başımı aşağı salıb, oyunumu oynayıram. Düzdür, əvvəllər aqressiv danışığım da olurdu. Amma son vaxtlar bir az azaltmışam.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər