Mircavadov: Foqts hesabat versin!

XƏBƏR 20 Noyabr 2008 / 13:37 4171
-  A +

“Albanlarla yoldaşlıq görüşü FİFA-nın reytinqinə düşdüyü üçün qalib gəlməyimiz lazım idi. Rəqibin aparıcı futbolçularından biri saytınıza müsahibəsində demişdi ki, Bakıya uduzmağa yox, qələbə qazanıb, reytinqlərini qaldırmağa gəlirlər. Bu, oyunun böyük önəm kəsb etməsindən xəbər verirdi”. Bunu Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Oyuna yaxşı başlayaraq hesabı açdığımızı vurğulayan 61 yaşlı mütəxəssis tezliklə buraxdığımız qolu müdafiədə yol verilən səhvlə əlaqələndirib: “Həmişə demişəm ki, komandanın oyunu orta xətdən asılıdır. Yığmada yaradıcılıq çox aşağı səviyyədədir. Gənclərə şans verilməsi yaxşı hal olsa da, onları püxtələşdirmək lazımdır. Millidə yaşından asılı olmayaraq, hazır futbolçular oynamalıdır. Sabit heyət yaratmaq lazımdır ki, alman baş məşqçi Berti Foqts hələ buna nail olmayıb. Əlbəttə, həm reytinqi, həm oyunu evdə, azlıqda qalan rəqiblə keçirdiyimiz nəzərə alsaq, qalib gəlməli idik”.

Mircavadovun fikrincə, AFFA rəhbərliyi futbolun inkişafı üçün hər şərait yaradıb: “Milli komandada istər təşkilati, istərsə də mükafat baxımından yaxşılığa doğru çox şey dəyişib. Ancaq belə qənaətə gəlmək olar ki, hələlik məşqçi və futbolçular göstərilən qayğının əvəzini verə bilmirlər”.

Mircavadov, həmçinin bildirib ki, Foqts AFFA rəhbərliyinə hesabat verməlidir: “Foqts görülən işlərlə bağlı hesabat verməlidir. Onun klublarımızı çalışdıran həmkarları ilə görüş keçirib, futbolçuların hazırlıq durumu, qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparması yaxşı olardı”.

Mənbə: APA-Sport


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi