"Qələbəni bizə hədiyyə etmədilər, özümüz qazandıq"

"Qələbəni bizə hədiyyə etmədilər, özümüz qazandıq"
MÜSAHİBƏ 5 Fevral 2019 / 12:50 1212
-  A +

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Qol.az-a müsahibə verib. Topaz premyer Liqanın son turunda "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri səfər oyunundan danışan gənc mütəxəssis transfer məsələsinə də toxunub.

- Fasilədən sonra ölkə çempionatında keçirdiyiniz ilk oyunda səfərdə "Keşlə"ni 3:0 hesabı ilə məğlub etdiniz. Qarşılaşmadan əvvəl bu cür böyükhesablı qələbə qazanacağınızı gözləyirdiniz?

- Fasilədən sonra ilk oyunlar hər zaman çətin keçir. Bilirdik ki, "Keşlə" ilə matç da belə olacaq. Bu baxımdan oyuna ciddi hazırlaşmışdıq. Açığı, bu cür böyük hesabla qalib gələcəyimizi gözləmirdim. Ancaq futbolçularımız meydanda rəqibdən daha istəkli idilər. Bu amil həlledici oldu.

- Vurulan qollarda "Keşlə"nin müdafiəçiləri kobud səhvlərə yol verdilər. Bu mənada düşünmək olarmı ki, hardasa bəxtiniz də gətirdi?

- Futbolda səhvlər hər zaman olur. İki komandadan biri səhvə yol verir, digəri isə bundan yararlanır. Bizdə də belə oldu. Ancaq düşünürəm ki, "Keşlə"ni buna biz məcbur etdik. Yəni, qələbəni onlar hədiyyə etmədilər. Futbolçularımız meydanda daim hərəkətli idilər. Bunun nəticəsi olaraq da 3:0 hesablı qalibiyyət əldə etdik. Yenə deyirəm, bu qələbə bizə hədiyyə olunmadı, özümüz qazandıq.

- Yeni qapıçınız Oleksandr Rıbka debüt oyununda çərçivəni toxunulmaz saxlaya bildi. Ukraynalının çıxışı xoşunuza gəldimi?

- Hələ ilk oyunu idi. Özünü pis tərəfdən göstərmədi. Rıbka təcrübəli qapıçıdır. Onun haqda əlavə söz deməyə ehtiyac yoxdur. Karyerasına baxanda, kifayət qədər yaxşı klublarda oynadığını görürük. Onun komandamıza nə dərəcədə faydalı olacağını qarşıdakı oyunlar göstərəcək. Bu mövsümün ilk hissəsini Türkiyənin birinci liqa klubunda keçirib. Hətta "Karabükspor"la Superliqada da oynayıb.

- Premyer Liqada növbəti oyununuz "Zirə"ya qarşı olacaq. Samir Abasovun komandası mövsümün ikinci hissəsinə yaxşı başlamadı. 15-ci turda doğma meydanda "Sabah"a 0:2 hesabı ilə uduzduqlarını nəzərə alsaq, sizinlə matça aqressiv çıxacaqlarını düşünmək olar. Qarşıdakı görüşdən siz nə gözləyirsiniz?

- Əlbəttə, "Zirə" ilə oyunumuz asan keçməyəcək. Ötən turdakı məğlubiyyətə baxmayaraq, yaxşı komandadır. Qış fasiləsində heyəti yeni transferlərlə gücləndirdilər. Bu mövsüm hər iki oyunda onlara uduzmuşuq. Çalışacağıq ki, bu dəfə sindromu qıraq.

- "Səbail" qış fasiləsində cəmi 2 transfer edib. Hələlik yalnız Elvin Yunuszadə və Oleksandr Rıbkanı heyətə qata bilmisiniz. Yeni oyunçuların gəlişi niyə ləngiyir?

- Bizdə müəyyən qaydalar var ki, ondan kənara çıxa bilmirik. Transferləri də buna uyğun edirik. Hazırda danışıq apardığımız bir neçə futbolçu var. Bu həftə ən azı onlardan birinin keçidini həll edəcəyik. Danışıqlar davam edir.

- Konkret olaraq, bundan sonra neçə oyunçu alacaqsınız?

- İki futbolçu transfer etmək istəyirik. Hər ikisi hücum xəttində çıxış edən oyunçulardır.

- Yəqin ki, onlardan biri vaxtı ilə "Rəvan"da oynamış hücumçu Oke Akpovetadır...

- Bəli, bayaq elə onu nəzərdə tuturdum. Artıq transfer yekunlaşmaq üzrədir. Sabah Bakıya gəlməlidir, gözləyirik.

Elnur SALAHOV

 

Daha çox


Son xəbərlər
15.02.19  11:40

"Sabah"da iki itki