“Qarabağ”ın problemi, “Neftçi”nin dirçəlişi və AFFA-nın biganəliyi

“Qarabağ”ın problemi, “Neftçi”nin dirçəlişi və AFFA-nın biganəliyi
YAZARLAR 4 Fevral 2019 / 13:28 4607
-  A +

Məşhur türk köşə yazarı Hıncal Uluç bir yazısında qeyd etmişdi ki, qapıçının səviyyəsi onun qaytardığı toplarla deyil, buraxdığı qollarla ölçülür. Top qaytarmaq qapıçının vəzifəsidir. Buraxdığı qola baxanda isə onun əsl səviyyəsi üzə çıxır.

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev həqiqi səviyyə nədi, bax onu dünən “Neftçi” ilə mühüm Premyer Liqa matçında bir daha göstərdi. Niyə bir daha? Ona görə ki, ən son elə bu günlərdə, canlı izlədiyim komandanın Antalyadakı bir yoxlama oyununda da qola səbəb olan kobud səhv etmişdi. Buna baxmayaraq, hər nə qədər riskli olsa belə, Qurban Qurbanov Şahruddinə, yəni yerli statusu daşıyan oyunçuya güvənib ona əsas heyətdə oynamaq şansı verdi. O isə “buraxdığı ucuz qolla” (fikir “Qarabağ”ın kapitanı Rəşad Sadıqova məxsusdu) verilən bu şansı doğrultmaq bacarığında olmadığını göstərdi.

Amma “Qarabağ”ın problemi tək qapıda deyil. Ən azı yaxşı bir mərkəz hücumçusu lazımdı. Yoxsa komanda bundan sonra da hücumda Mahir Mədətovla Emeqaranın ümidinə qalsa, lazımi oyunlarda qol vurub qalib gəlməkdən də, çempionluqdan da əlini indidən üzə bilər.

Qurban Qurbanov ən çox bu mövqeyə futbolçu axtardığını özü də etiraf edir. Bildiyimə görə, bəzilərinin qiyməti Azərbaycan bazarı üçün çox yüksəkdi (qeyri-rəsmi məlumata əsasən, 1 milyon avro), bəziləri də sadəcə bizim çempionata gəlmək istəmirlər. Rəşad Sadıqovsa deyir ki, ortabab legioner Azərbaycan Premyer Liqasında oynamaqdansa, Türkiyənin superliqadan aşağı olan 1-ci liqasına getməyi üstün tutur. Bu, əlbəttə, artıq “Qarabağ”ın deyil, bizim futbolun problemidir ki, o problemin nədən və kimdən qaynaqlandığına lap sonda toxunacağıq. Amma bir fakt da var ki, istənilən halda, yaxşı hücumçunu bura istədiyi pulu verməklə gətirmək olar. Buna da “Qarabağ”ın sponsorunun gücü çatır. Əks halda - hücumdakı problem tezliklə həll olunmasa, “Qarabağ”ın nəinki çempion olması, yeni mövsümdə hətta Avroliqanın qrupuna düşməsi belə çox çətin olacaq.

Bir az da “Neftçi” və azarkeşlər haqda...

Klub axır ki, uzun fasilədən sonra dirçəlməyə başlayır. Hələlik göstərdiyi oyun və nəticələrlə doğru yolda olduğunu göstərir. Baş məşqçi Roberto Bordinin işini də, yeni transferləri də müsbət saymaq olar. Düzdür, komandanın liderliyə yüksəlməsində “Qarabağ”ın bir az zəifləməsi də rol oynayır, amma bu, qətiyyən “Neftçi”nin əziyyətinə, sabit oyununa və mübarizə əzminə kölgə sala bilməz.

Amma “Neftçi”nin görünməyən əsas problemi də var. “Qarabağ”dan fərqli olaraq, klubun rəhbərliyi tam müstəqil siyasət yürüdə bilmir. Onların fəaliyyətinə sponsor SOCAR-dan da, AFFA-dan da zaman-zaman müdaxilələr olur. Bu amilsə klubun rəhbərliyinə indi olmasa da, gələcəkdə öz işini lazımi səviyyədə davam etdirməyə problem yarada bilər. İdarəetmədəki problemsə heç şübhəsiz komandanın nəticələrinə mənfi təsir göstərəcək.

Komandanın uğurlarının başlıca səbəbkarlarından biri də onun sadiq azarkeşləridi. Xüsusən “Forza Neftçi” azarkeş klubunu qeyd etmək olar. Hansı ki, “Neftçi”nin nəticə baxımından ən ağır dövründə ondan üz döndərmədilər. Belə azarkeşi olan komanda həqiqətən bütün zamanlarda öndə olmağa layiq və qadirdi. Yetər ki, klubun idarəetməsi düz olsun, rəhbərlik onlarla bir cəbhədə olsun, onlara qarşı əks cəbhədə yer almasın.

Eyni sözləri “Qarabağ”ın fədakar fanatları (xüsusən də “İmarət” azarkeş klubu) barədə də söyləmək olar. Azərbaycan futbolunu idarə edənlərdə futbola, komandalarına onlar qədər sevgi olsaydı, futbolumuz indiki yazıq və miskin duruma düşməzdi. Məhz o azarkeşlər var deyə, dünən “Tofiq Bəhramov”da əsl futbol izləyə bildik. Sırf elə azarkeşlər var deyə, bizdə futbol hələ ölməyib deyə bildik. Azarkeş futbola gəlir, gələcək də...

Bəs, siz niyə yerli oyunlara gəlmirsiniz, AFFA rəhbərliyi? Və dünən topa şəkildə “Qarabağ” – “Neftçi” oyununu harda izləyirdiniz? İsti kabinetinizdəmi, dəbdəbəli villanızdamı, bahalı restoranlardamı?

Ümumiyyətlə, siz heç futbol izləyirsiniz?

Aydın BAĞIROV
Email:
[email protected]

 

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.02.18
11.10.17
17.06.17
10.09.16
24.02.14

Son xəbərlər
24.06.19  20:30

"Milan"da ayrılıq