“Üç hücumçu ilə maraqlanırıq” – Elşad Əhmədov

“Üç hücumçu ilə maraqlanırıq” – Elşad Əhmədov
MÜSAHİBƏ 30 Yanvar 2019 / 16:28 2743
-  A +

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Qol.az-a müsahibə verib. Komandasının Antalyadakı təlim-məşq toplanışını dəyərləndirən çalışdırıcı transfer məsələsinə də toxunub.

- Komandanız Antalyada 3 həftlik təlim-məşq toplanışı keçdi. Hazırlıqdan razı qaldınızmı?

- Bir-iki günü çıxmaq şərtilə, təlim-məşq toplanışını qənaətbəxş saymaq olar. Sadəcə, hava baxımından bir az əziyyət çəkdik, yağışlı günlər çox oldu. 2-3 məşqimizi məcburiyyətdən fitnes zalında keçirdik. Nə yaxşı ki, digər komandalar kimi yoxlama oyunlarımız təxirə salınmadı. Matçlarımızın hamısını plan üzrə oynadıq. Dörd yoldaşlıq görüşü keçirdik. İkisində qalib gəldik, ikisi heç-heçə oldu. Deməkj olar ki, 99 faiz  futbolçulara şans verdik. Təlim-məşq toplanışının birinci 10 günlüyündə fiziki hazırlıq, ikinci 10 günlüyündə isə taktiki-texniki məşqlərimiz oldu.

- Qış fasiləsində 3 transfer etdiniz. Hər üçü yerli oyunçulardır. Onların yoxlama oyunlarındakı çıxışı, komandaya adaptasiyası barədə nə deyə bilərsiniz?

- Rəşadla Təmkin əvvəldən bizə qoşuldular. Yanvarın 15-dən komanda ilə birlikdə idilər. Coşqunun Antalya toplanışının əvvəlində bir az qızdırması oldu, məşqlərdə çox iştirak edə bilmədi. Son yoxlama oyununda 45 dəqiqə şans verdik, oynadı. Tanıdığımız futbolçudur, ondan da razı qaldım. Amma əsasən Təmkinlə Rəşadı iş başında daha çox gördük. Demək olar ki, hər üçü komandaya tam uyğunlaşıb.

- Hücumçu transferi məsələsi hələ də gündəmdədir, yoxsa artıq transfer işlərini yekunlaşdırmısınız?

- Hələ ki, bu yöndə işlərimiz davam edir. Deyə bilmərəm ki, transfer işlərini dayandırmışıq. Düşünürəm ki, bir nəfər hücumçu transfer edə bilərik. Amma hələ dəqiq deyil.

- Yəni deyirsiniz ki, hücumçu ala da bilərsiniz, almaya da?

- Ola bilər ki, alaq.

- “Zirə”nin sabiq hücumçusu Riçard Qadzenin məsələsi nə yerdədir? Onunla həqiqətən maraqlanırsınız?

- Hazırda 3 hücumçu ilə maraqlanırıq ki, Qadze də onların içindədir.

- Həftə sonu Topaz Premyer Liqada fasilə başa çatacaq. Mövsümün ikinci hissəsinə “Zirə” səfərində start verəcəksiniz. Onlar da qış fasiləsində heyəti gücləndiriblər. Qarşıdakı oyunla bağlı nə düşünürsünüz?

- “Zirə” 3 hücumçu alıb. Onları tanımıram. Nəsə demək üçün onları iş başında görmək lazımdır. Onsuz da “Zirə” bizim gözümüzdə normal komandadır. Onlara hörmətlə yanaşırıq. Oyuna tam ciddi hazırlaşırıq. Yaxşı nəticə qazanmaq istəyirik.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı