Klublar gəncləri niyə oynatmır? – "Futbolçu potensialımız tükənir"

Klublar gəncləri niyə oynatmır? – "Futbolçu potensialımız tükənir"
ÖLKƏ FUTBOLU 10 Yanvar 2019 / 15:00 2560
-  A +

Bu gün əksər ölkələrin klublarında 19, 18, hətta 17 yaşlı futbolçular çıxış edirlər. Biz isə indiki məqamda heç A millidə oynatmağa normal futbolçu tapa bilmirik. Təbii ki, hər şeyin kökündə uşaq futbolunun mövcud durumu dayanır. Amma nəzərə alsaq ki, əvvəlki illərdə ölkədə Zaur Tağızadə, Samir Əliyev kimi oyunçular olub və gənc yaşlarında həm millidə, həm də klublarında uzun müddət yaxşı mənada öz sözlərini deyiblər, deməli, "Azərbaycanda futbolçu yetişmir" ifadəsi doğru deyil. İstedadlı futbolçular var, amma onlar bir yaş dövrünə kimi gözə çarpırlar, sonra isə itib-batırlar. Bəs onların üzə çıxmamasının səbəbi nədir? Niyə klublar gənc futbolçulara şans verməyə qorxurlar?

Mövzu ilə bağlı əvvəlcə AFFA Məşqçilər Komitəsinin sədri, yığmamızın sabiq baş məşqçisi Vaqif Sadıqova müraciət etdik. Vaxtı ilə gənc yaşlarında Zaur Tağızadə Samir Əliyev kimi oyunçuları Azərbaycan futboluna qazandıran mütəxəssis problemi klubların qarşısına qoyulan yüksək hədəflərlə əlaqələndirdi. Sadıqovun fikrincə, bu amil gənc futbolçuların inkişafını arxa plana atır: "Hər bir məşqçi komandaya gələndə rəhbərlik tərəfindən qarşısına hədəf qoyulur ki, çempionatda yüksək nəticə əldə etməlisən. Bunun üçün isə ayrı-ayrı yollar var. Öz yetirmələrindən istifadə edib, bir neçə ildən sonra onları yüksək səviyyəyə çatdırmaqla da nəticə əldə edə bilərsən. Ancaq bunun üçün uzun müddət lazım ola bilər. Biri də var ki, qısa yolla, hazır futbolçuları cəlb etməklə, nəticə qazanmaq. Bu məsələdə klubun fəlsəfəsindən, yanaşmasından çox şey asılıdır. Ona görə də AFFA rəhbərliyi tərəfindən tək Premyer Liqada yox, birinci divizionda da limit tətbiq olunur ki, gənc futbolçulara şans verək, onları üzə çıxaraq. Daha sonra isə həmin futbolçuları milli komandalara cəlb edib, onlardan maksimum şəkildə bəhrələnək. Bu elə-belə deyilməyib ki, çox vacib işlər klubun daxilində aparılmalıdır. Mən bunu belə başa düşürəm. Hərdən mənə deyirlər ki, Vaqif, sən o vaxt öz imicini ortaya qoymaqla gənc futbolçular yetişdirirdin. İstəmirəm ki, bəzi adları açıqlayım. Bu günlə yaşayıb, gələcəyə ümidlə baxmaq lazımdır. Öz istedadlı futbolçularımızı yaddan çıxarmamalıyıq. Bu gün nəticə qazanmaq istəyiriksə, ayrı yol seçirik və tam hazır futbolçularla mübarizə aparırıq. Burada kimisə günahlandırmaq da düzgün deyil. Çünki hər bir klub meydana nəticə əldə etmək üçün çıxır. Bu, aktual mövzu olub, bundan sonra da elə qalacaq. Bu məsələni ancaq AFFA və klub rəhbərləri, məşqçilərlə bir yerdə müzakirə edib, çıxış yolu tapmaq olar. Bununla da istedadlı gənclərimizi üzə çıxarmalı, onların inkişafı üçün əlimizdən gələni etməliyik".

Uşaq fubolundakı problemə də toxunan V. Sadıqov getdikcə ölkədə istedadlı oyunçu potensialının tükəndiyini bildirib: "Bu gün uşaq futbolunda problemlər var və vəziyyət heç də yaxşıya doğru getmir. Aşağı yaş qrupları üzrə yığmaların son vaxtlar pis nəticələr qazanması da bunun göstəricisidir. Mən əvvəllər də bu sualı özümə tez-tez verirdim ki, niyə Azərbaycanda yaxşı futbolçular az yetişir. Amma o vaxtın şəriti ilə indiki vəziyyət də eyni deyildi. İndi AFFA tərəfindən uşaq futboluna diqqət ayrılır, aşağı yaş qruplarında UEFA lisenziyalı məşqçilər işləyir. Məncə, əsas məsələ işin düzgün qurulmamasıdır. Bunu edə bilsək, sayı çoxalda bilərik. Məşqçilər Komitəsi olaraq, hər bir klubun akademiyasını, aşağı yaş qruplarını diqqətdə saxlayırıq. Bu gün digər klublara nümunə kimi "Qəbələ"ni göstərə bilərik. Hər klub uşaq futboluna onlar kimi peşəkar yanaşsa, yeni Zaurlar, Samirlər çıxa bilər. Həm də klub-yığma vəhdəti olmalıdır. Hər ikisi qarşılıqlı şəkildə fəaliyyət göstərməlidir. AFFA tərəfindən uşaq futbolunun inkişafı üçün lazımı şərait yaradılır. Hər il aşağı yaş qruplarından ibarət komandalarımız xarici ölkələrdə təlim-məşq toplanışı keçir, yoxlama oyunlarında qüvvəsini sınayır. Problemin olduğunu istisna etmirəm. Get-gedə potensial tükənir. Amma vəziyyətdən birlikdə çıxmaq olar. O vaxt millidə gənc futbolçulara şans verəndə müəyyən narazılıqlar eşidirdim. Amma bu gün vicdanım rahatdır, çünki həmin uşaqlar uzun illər Azərbaycan futboluna layiqli xidmət ediblər. Slovakiya üzərində qələbədə Cahangir Həsənzadənin inamlı çıxışı, Portuqaliya ilə oyunda Zaur Tağızadənin qolu, İtaliya ilə matçda Samir Əliyevin gözəl oyunu o vaxtkı seçimimdə yanılmadığımı göstərir. Bir neçə il bundan qabaq ölkə çempionatında sırf gənclərdən ibarət komanda çıxış edirdi. Bu təcrübəni Qurban Qurbanov və Rəşad Sadıqovla birlikdə yenidən tətbiq etmək istədik, amma klublar razı olmadılar, etiraz etdilər. Məşqçilər Komitəsi olaraq, uşaq futboluna təkan vermək məqsədilə yeni layihə üzərində işləyirik. Bunu federasiyaya təqdim edəcəyik. Layihənin mahiyyəti ondan ibarətdir ki, klubların U-15 komandalarından ən istedadlı uşaqların həftənin 3 günü yığmada məşq etməsini istəyirik. Digər günlərdə isə onlar öz klublarının düşərgələrində olsunlar. Bu proses onlar 17 yaşına çatana kimi davam etdirilsin, bundan sonra isə həmin uşaqlar U-17 yığması ilə beynəlxalq oyunlarda çıxış etsinlər. Fikrimizcə, layihə uşaq futbolunun inkafına təkan verə bilər. Yenə deyirəm, biz futbolumuzun inkişafını istəyiriksə, klublarla yığmalar vəhdət təşkil etməli, birlikdə, əl-ələ işləməlidir".

"Neftçi"nin sabiq baş məşqçisi, son olaraq birinci divizonda “Sabah”ı çalışdırmış Arif Əsədov da düşünür ki, klublar sırf nəticəyə görə gənclərə şans verib, özlərini riskə atmaq istəmirlər: "Bu gün Azərbaycanda gənc futbolçular öz klublarında oynayırlar ki, A millidə də şans qazansınlar. Bu gün Azərbaycanda futbolçu qıtlığı var. Gənc oyunçuların milliyə yolunu açmaq üçün əvvəlcə klublar onlara şans verməlidir. Gərək, nəticədən çəkinməsinlər, gəncləri oynatsınlar. Bu isə real görünmür. Çünki hamısı nəticə qazanmaq istəyir. Hazırkı limitə əsasən, klubların start heyətində 21 yaşadək, ehtiyatda isə 19 yaşadək futbolçu olmalıdır. Sabah AFFA qərarı dəyişsə, heç onlara da şans verməyəcəklər. "Neftçi"də işləyərkən əvəzedici heyətdən 8 futbolçunu əsas komandaya cəlb edəndə hamı məni qınayırdı. Ancaq buna baxmayaraq, Araz Abdullayev, Mirhüseyn Seyidov, Cavid İmamverdiyev kimi futbolçulara şans verməkdə davam etdim. Nəticəsi də hamıya məlumdur.

Dediyim kimi, əvvəlcə klublar öz yetirmələrinə, gənc futbolçulara şans verməlidir. Daha sonra isə onları mərhələ-mərhələ milli komandalara dəvət etmək lazımdır. Məsələn, U-19 Avropa çempionatında elit-raunda vəsiqə qazandı. Yığma bu nəticəni göstərirsə, oradakı istedadlı futbolçuları əsas milliyə cəlb etmək olar. Oyunlarda iştirak etməsələr belə, təlim-məşq toplanışında olmaları onlara müsbət təsir göstərər, A millidəki ab-havanı hiss edərlər. Bayaq dediyim ki, körpü yaratmaq üçün U-19-da Emil Qasımov, Şakir Seyidov kimi futbolçuları əsas millinin məşqlərinə dəvət etmək olar. Amma bir reallıq da var ki, bu gün İsrailin gəncləri bizim U-21-ə 4 top vurur. Həmin futbolçular sabah gedib əsas millidə necə oynayacaqlar? Strategiyanı dəyişib, futbolçu yetişdirmək lazımdır".

Bu mövsüm gənc futbolçulara şans verməsi ilə diqqət çəkən "Sabah"ın baş məşqçisi Elşad Əhmədov isə bir müddət əvvəl müsahibəsində bu məsələyə toxunmuşdu. O bildirmişdi ki, 19 yaşlı futbolçu ehtiyatda oturmalı deyil, oynamalıdır: "Düşünürəm ki, futbolçunu 17-18 yaşında perspektivli hesab etmək olar. 19-20 yaşında isə o, artıq oynamalıdır. Futbolu inkişaf etmiş bütün ölkələrdə bu yaşda oyunçular artıq yüksək səviyyədə çıxış edirlər. Bizdə 22 yaşlı futbolçuya hələ də perspektivli deyilir. Messi isə 22 yaşında artıq karyerasını bitirə bilərdi. 19 yaşlı futbolçu oynamalıdır. U-19 yığmamız elit raunda çıxdı. Bəs bu gənclər harada oynamalıdırlar? Kimsə gənc oyunçularla maraqlanmadan qısa müddətdə nəticə tələb edə bilər. Onlara şans vermək lazımdır. Amma hər klubun öz prioritetləri var. Aydın məsələdir ki, bu gün Emil Qasımov Marko Deviçdən güclü ola bilməz. Lakin elə anlar oldu ki, ona da oynamaq imkanı verilməliydi. Bir hissə, yaxud da 15 dəqiqə. Bu, Şakir Seyidova da aiddir. Bu gün o da Bəxtiyar Soltanovdan üstün olmaya bilər. Ancaq şans verilməlidir. Gənc futbolçu heç vaxt Premyer Liqada oynamayıbsa, o, necə yüksək liqada çıxış etməyə hazır ola bilər? Futbolçunu tədricən uyğunlaşdırmaq lazımdır. Onlar təcrübə toplamalıdırlar. Bəs bunu harada qazanırlar? Birinci divizionda? Hətta aşağı dəstədə çempion olan futbolçular belə özlərini Premyer Liqada göstərə bilmirlər. Çünki səviyyə fərqi həddindən artıq çoxdur. Ümid edirəm ki, gələcəkdə onlar da Premyer Liqada özlərini göstərə biləcəklər. Gənclərin onlara verilən şansdan istifadə etməsi isə başqa məsələdir. Futbolda şansdan istifadə edib-etməməyindən, bəxtinin gətirib-gətirməməyindən çox şey asılıdır. Hətta Xavi ən yaxşı vaxtlarında deyirdi ki, əgər iki oyun ardıcıl zəif çıxış etsə, dərhal ehtiyata göndərilər və heç kim ona güzəştə getməz. Futbolçu şans qazanırsa, bundan istifadə etməlidir. Söhbət bir oyundan getmir. Bu, müəyyən bir müddət də ola bilər. Amma sonsuz şans da olmur. Futbol şans oyunudur. İmkan düşür, topu qapıya doğru vurursan, normalda hər şeyi üz edirsən, amma top dirəyə dəyir. Hərdən isə uğursuz zərbə qolla nəticələnir".

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı