"Samir Abasov haqda bunu demək ayıb olar"

"Samir Abasov haqda bunu demək ayıb olar"
MÜSAHİBƏ 9 Yanvar 2019 / 14:05 1960
-  A +

Bir neçə gün öncə “Zirə”ni “Qəbələ”yə dəyişən Anar Nəzirov Qol.az-a müsahibə verib. Paytaxt klubundan ayrılmasının səbəbini açıqlayan təcrübəli qolkiper maraqlı fikirlər səsləndirib.

- Kapitanı olduğun komandadan ayrılmağın bir qədər gözlənilməz oldu. Belə bir qərar verməyinə nə səbəb oldu?

- Düzü, mənim üçün də gözlənilməz oldu. “Zirə” karyeramda ən önəmli yeri tutan komandalardan biridir. Qərar vermək çox çətin oldu. Amma dəyişikliyə həqiqətən ehtiyacım vardı. Həmin vaxt da belə bir təklif gəldi. “Zirə” rəhbərliyi, baş məşqçi Samir Abasovla oturub danışdıq. Sağ olsunlar, məni başa düşdülər, qərar verməyi öz öhdəmə buraxdılar. 2-3 gün ərzində düşünüb, yenidən onlarla danışdım və dəyişiklik etmək istədiyimi bildirdim. Hər şey belə oldu.

- Bir ara mətbuatda belə bir fikir yayıldı ki, futbolçular “Zirə”ni Samir Abasova, onun ağır məşqlərinə görə tərk edirlər. Sənin gedişinə də bu amilin təsiri oldumu?

- Yox, belə bir şey yoxdur. Kimin nə danışdığını bilmirəm. Komandadan ayrılanda Samir müəllimlə də sağollaşdım. Onunla “Zirə”də yaxşı münasibətim olub, bundan sonra da olacaq. Yenə deyirəm, bu, sırf özümün qərarı idi. Başqasının nə düşündüyünü deyə bilmərəm, amma mən tərəfdən belə bir söhbət ola bilməzdi. Bunu danışmaq mənim üçün ayıb olardı.

- Ümumiyyətlə, Samir müəllimin məşqləri həqiqətənmi çətin olur?

- Kiminsə belə bir şey dediyinə inanmıram. Çünki Samir müəllimin maraqlı məşqləri olur. Kim deyibsə, yalan deyib. Ayxan müəllim də aqressiv, tələbkar idi. Bunlar məşqçilərdə olmalıdır. Çünki onlar 1 yox, 20-30 nəfərə başçılıq edirlər. Komandanın, özünün uğuru üçün tələbkar olmalıdır. Hərə bir yol seçir. Samir müəllim də bu xüsusiyyəti ilə fərqlənir.

- Komandadan getmək istədiyini deyəndə Samir Abasov qalmağın üçün israr etdimi?

- Samir müəllim dedi ki, özün fikirləş, qərar ver. Bildirdi ki, sənin elə yaşındır, seçimi özün etməlisən, 18-19 yaşın olsaydı, məsləhət verərdim. O da başa düşür ki, futbolçu getmək istəyirsə, zorla komandada saxlamağın yeri yoxdur.

- Belə bir ifadə var ki, yaxşı qapıçı komandanın yarısıdır. Anarın gedişindən sonra “Zirə” yarımcan qalmayacaq?

- Yox, niyə ki? Orada Kamal, Abdulla kimi qapıçılar var. Kamal nə vaxt qapıda durub, özünü yaxşı tərəfdən göstərib. Buna heç bir şübhəm yoxdur. İnanıram ki, elə bir problemləri olmayacaq.

- Başqa təkliflərin də var idi? Yoxsa ancaq “Qəbələ”dən dəvət almışdın?

- Nə gizlədim, “Neftçi”dən də təklif var idi. Amma onlar Aqili seçdilər. “Qəbələ” mənə doğma komandadır. Neçə il burada oynamışam. “Zirə”yə də məhz bu klubdan keçmişdim. “Qəbələ”ni seçdim, şükürlər olsun, hələlik hər şey qaydasındadır.

- “Zirə”də əsas qapıçı idin. “Qəbələ”də Dmitri Bezotosnının kölgəsində qalmaqdan narahat deyilsən?

- Bezotosnı haqda çox danışmağa ehtiyac yoxdur. Hər kəs onun “Qəbələ” üçün necə faydalı oyunçu olduğunu bilir. Bizim rəqabətimiz komandanın uğuru üçündür. Əlimizdən gələni edəcəyik. Baş məşqçi kimə güvənsə, o da meydana çıxıb ən yaxşısını etməyə çalışacaq ki, komandaya xeyir versin. Mən də oynamaq istəyirəm. Bunun üçün çox çalışacağam, mübarizə aparacağam. Baş məşqçinin qərarından çox şey asılıdır. Deyim ki, “Qəbələ”də 1 nömrə olacağam, daim oynayacağam, düzgün olmaz. Hər şey verilən şansdan necə istifadə etməyindən asılıdır. “Zirə”yə gedəndə də heç kim mənbə söz verməmişdi ki, əsas qapıçısı olacaqsan. Özünü doğrultsan, sənə güvənəcəklər.

Elnur SALAHOV

 

Daha çox


Son xəbərlər
21.01.19  19:35

"Qəbələ" davam edir

21.01.19  11:09

Suares "TOP-5"də