Azərbaycanlıların Totti və Del Pyero sevgisi – Avroliqa muzeyindən reportaj

Azərbaycanlıların Totti və Del Pyero sevgisi – Avroliqa muzeyindən reportaj
ÖLKƏ FUTBOLU 26 Dekabr 2018 / 14:50 3620
-  A +

Bakıda UEFA Avropa Liqasına həsr olunmuş muzey fəaliyyətini davam etdirir.

Dekabrın 22-si açılışı olan muzey “Torqovı”da, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında yerləşir. Muzeyə marağın ilk gündən az olmadığını birmənalı şəkildə söyləmək olar. Bu həm iş, həm də qeyri-iş saatlarına aiddir. Bununla bağlı statistik rəqəmi yazının sonlarında  diqqətinizə çatdıracağıq.

Hələliksə..

Muzeyə giriş qapısındaca mühafizənin yoxlamasından sonra qeydiyyatdan keçirsən. Yoxlama zamanı əgər sizdə içində maye olan şüşə qab (su, parfüm və s.) varsa, onunla muzeyə keçməyə icazə verilməyəcək. Şüşə qabı mühafizəyə təqdim edib, sonra ondan ala bilirsən. Maraqlıdı ki, qeydiyyat zamanı hətta telefon nömrəni da istəyirlər. Səbəbini soruşduqda bildirirlər ki, bütün bunlar AFFA-da Avroliqa üçün qeydiyyat bazasına düşmək, yaxın gələcəkdə isə Avroliqanın finalı, bilet satışı ilə əlaqədar sms-lərin göndərilməsi üçündür.

Havanın soyuq, iş vaxtı olmasına baxmayaraq, muzeyə xeyli insanın maraq göstərdiyini görmək mümkün idi. Burada ilk addımda diqqətimi Azərbaycanı Avroliqanın qrup mərhələsində təmsil etmiş hər üç klubumuzun  – “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin bayraqları qarşılayır. Vitrində isə bu komandaların formaları da var. Muzeyin eksponatları arasında divardan asılmış dünyaca məhşur futbolçuların Avroliqa formaları, muzeyin tam ortasında isə bu yarışın tarixinin müxtəlif vaxtlarına aid original, imzalı toplar yerləşdirilib. Burda kimlərin imzalı formaları yoxdu ki. Del Pyero, Totti, İbrahimoviç… Elə onların formaları qarşısında şəkil çəkdirib, selfi edənlər az deyildi. Sıralarında azyaşlı uşaqlardan tutmuş ağsaqqal dayı və əmilər də, gənc oğlan və qızlar da, futbola sevgisi olanlar da və hətta olmayanlar da vardı. Olmayanlar bura niyə gəlmişdi? Yəqin ki, muzeydən çəkdikləri şəkilləri İnstagramda paylaşmaq üçün…

Muzeyin hər tərəfi iştirakçılar üçün demək olar ki, məlumat deposuna çevrilib. Avropa Liqasında ilə bağlı vacib məlumatlar, qeydə alınmış xüsusi hesablar və rəqəmlər stend vasitəsi ilə  formaların asıldığı divarların ətrafında qeyd olunmuşdu. Muzeydən verilən məlumata görə, 25 dekabra kimi buranı 6300-dən çox insan ziyarət edib və bu say artmağa davam edir. Bildirilib ki, ziyarətçilər ən çox “Yuventus”, “Roma” və “Beşiktaş”ın, başqa sözlə, Alessandro del Pyero, Françesko Totti və Rikardo Quarejma kimi futbolçuların formalarına maraq göstərirlər.

Dekabrın 23-ü Argentinanın əfsanəvi futbolçusu Ernan Kresponun UEFA-nın ulduz səfiri qismində Bakıya səfəri zamanı muzeydə iştirak edərək, futbolsevərlə şəkillər çəkdirib, onlara avtoqraf verməsi də muzeyə olan marağın artmasına səbəb olub.

Yanvranın 7-ə kimi fəaliyyət göstərəcək muzey saat 15:00-dan 22:00 kimi ictimaiyyətə açıq olur.

Məftun RƏSULZADƏ

Muzeydən çəkdiyimiz şəkilləri təqdim edirik




















































Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki