Xorvat qapıçı "Qarabağ", Rəşad və Premyer Liqadakı problem haqda

Xorvat qapıçı "Qarabağ", Rəşad və Premyer Liqadakı problem haqda
MÜSAHİBƏ 25 Dekabr 2018 / 16:40 8118
-  A +

"Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiç Qol.az-a müsahibə verib. 2012-2013 mövsümündə Ağdam klubunun şərəfini qorumuş xorvatiyalı qolkiper maraqlı fikirlər səsləndirib.

- "Qarabağ"dan ayrıldıqdan sonra Almaniyada "Qröyter" və Avstriyada "Horn" klublarında oynamısınız. Vikipediyada hazırkı klubunuz kimi Almaniyanın 5-ci liqasında çıxış edən "Ştutqarter Kikers" göstərilib.

- Hazırda klubsuzam. İspaniyada oynamaq imkanım var. Aşağı liqa klublarının birindən təklif almışam. Tezliklə rəsmi müqavilə bağlayacağam.

- 2012-2013 mövsümündə "Qarabağ"ın formasını geyinmisiniz. Bu komandanı necə xatırlayırsınız?

- Əlbəttə ki, çox gözəl xatırlayıram. "Qarabağ" əla komandadır. Orada yaxşı insanlar işləyir. Yaxşı baş məşqçiləri var. Bu komanda son illərdə xeyli inkişaf edib. "Qarabağ" sözün əsl mənasında böyük klub olub.

- "Qarabağ", Azərbaycan üçün darıxırsınız?

- Bəli, həqiqətən darıxıram. Bakı böyük şəhərdir. Düşünürəm ki, indi daha da gözəlləşıb. Çünki orada inkişaf olduqca sürətli gedirdi. Azərbaycanda bir çox insanla tanış oldum ki, onların arasında dostlarım da var.

- "Qarabağ"a böyük ümidlərlə transfer olunsanız da, cəmi bir mövsüm oynadınız. Açığı, gedişiniz bir qədər gözlənilməz alındı və bəzi söz-söhbətlərə səbəb oldu. Hətta sizin komandanın kapitanı Rəşad Sadıqova görə ayrıldığınız deyilirdi. Düzdür, üstündən 5 ildən çox vaxt keçib. Amma yenə də bəlkə həmin məsələyə aydınlıq gətirəsiniz...

- Hə, belə bir söz-söhbət var idi. Amma təbii ki, bunlar yanlış məlumatlardır. Rəşadla heç vaxt problemim olmayıb. O, həm yaxşı insan, həm yaxşı dost, həm də yaxşı futbolçudur. Mənə qarşı da hər zaman əla münasibətdə olub. Sadəcə, kiçik bir anlaşmazlıq olmuşdu. Oturub danışdıq və öz aramızda hər şeyi həll etdik. "Qarabağ"dan gedişimin Rəşadla heç bir əlaqəsi olmayıb. Bu komanda həmişəlik mənim ürəyimdə qalacaq.

- Sabiq komandanızın oyunlarını izləyirsinizmi? Sizin gedişinizdən sonra "Qarabağ" ardıcıl 5 dəfə ölkə çempionu olub, Avroliqa və Çempionlar Liqasının qrup mərhələsində çıxış edib.

- Əlbəttə, hər zaman "Qarabağ"ı diqqətdə saxlamağa çalışıram. Bu mövsüm əvvəlki illərdə olduğu qədər yaxşı deyillər. Amma əminəm ki, gələn il yenidən güclənəcəklər. Çünki Qurban Qurbanov üçün həm milli, həm də klubda işləmək bir qədər ağır idi. "Qarabağ"a lazımı qədər vaxt ayıra bilmirdi. Bundan sonra hər şey daha yaxşı olacaq.

- Yenidən "Qarabağ"da oynamaq istərdiniz?

- Əgər çağırsalar, bu məsələni müzakirə edə bilərik. Belə bir təklifə hər zaman açığam. "Qarabağ"a Avropa Liqası və Çempionlar Liqasında kömək etmək istərdim. Çünki özümü "Qarabağ"a borclu hiss edirəm.

- Danışdıqlarınızdan da görünür ki, həqiqətən "Qarabağ"la yaxından maraqlanırsınız. Bəs Azərbaycan futbolu haqda nə bilirsiniz?

- Onu bilirəm ki, Premyer Liqada 8 komanda qalıb. Bu isə ölkə çempionatı üçün yaxşı hal deyil. Həmçinin bu, "Qarabağ" və "Neftçi" üçün böyük problemdir. Çünki onlarla rəqabət apara biləcək komanda yoxdur. Buna görə də avrokuboklarda ciddi rəqiblərlə oyunlarda əziyyət çəkirlər. Olduqca ciddi problemdir və düşünürəm ki, bundan çıxış yolu tapmaq lazımdır.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord