"Camaat 17 yaşlı futbolçunu Çempionlar Liqasında oynadır" - Elşad Əhmədov

"Camaat 17 yaşlı futbolçunu Çempionlar Liqasında oynadır" - Elşad Əhmədov
MÜSAHİBƏ 18 Dekabr 2018 / 16:25 4090
-  A +

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Qol.az-a müsahibə verib. Ölkə kubokunun 1/4 final mərhələsinin "Qəbələ" ilə cavab oyunuöncəsi şansları dəyərləndirən mütəxəssis digər məqamlara da toxunub.

- Dünən Pro kateqoriyalı məşqçilik lisenziya aldınız. Bu münasibətlə sizi təbrik edirəm. Əvvəlcə təəssüratlarınızı bilmək istərdim...

- Təbrikə görə çox sağ olun. Məşqçi üçün çox vacib kateqoriyadır. 9 nəfər Pro kateqoriyası aldı. Təəssüf ki, 2 nəfər (U-19-un baş məşqçisi Vüqar Məmməd və Baba Əsgərovu nəzərdə tutur - E.S) imtahandan kəsildi. Arzu edirəm ki, onlar da bu kateqoriyaya sahib olsunlar.

- Ümumiyyətlə, Pro kateqoriyasını almaq nə dərəcədə çətin oldu?

- Həqiqətən çox çətin oldu. Hardasa 2 ilə qədər çəkdi. Heç vaxt belə olmamışdı. Yəqin ki, bu yay Rusiyada keçirilən dünya çempionatının oyunlarının analizlərinə görə belə alındı.

- Yeri gəlmişkən, bu gün komandanızın kapitanı Cavid İmamverdiyev ölkənin ən yaxşısı futbolçusu adına layiq görülüb. Bununla bağlı nə deyə bilərsiniz?

- Azərbaycanda "10" nömrə mövqeyində yaxşı oynaya bilən 2-3 futbolçu varsa, onlardan biri Caviddir. Düzdür, hazırda tam formada deyil, müəyyən çatışmazlıqları var. Amma o, tək "Sabah" yox, Azərbaycan üçün vacib oyunçudur. İnanıram ki, qış fasiləsindən sonra daha da yaxşı olacaq.

- "Sabah" iki gün sonra ölkə kubokunda "Qəbələ" ilə cavab oyununa çıxacaq. Növbəti mərhələyə adlamaq şanslarını necə qiymətləndirirsiniz?

- Qəbələdəki oyunda uduzsaq da, yaxşı oynamışdıq. Sadəcə, qol şanslarından istifadə edə bilmədik. Hələ heç nə itirilməyib. Məğlub olmuşuq deyə, əlimizi yanımıza salmayacağıq. İnanıram ki, ilk matçın ikinci hissəsindəki kimi oynasaq, "Qəbələ"ni keçə bilərik.

- Əvvəldən də bildirmişdiniz ki, bu mövsüm kubokda qarşısınıza konkret hansısa bir hədəf qoyulmayıb. Bu mənada, yəqin ki, mübarizəni dayandırmaq faciə sayılmayacaq?

- Əlbəttə, ölkə kubokunda əsas məqsədimiz maksimum irəli getməkdir. Uduzsaq, faciə olmayacaq. Amma qələbə qazanmaq hər zaman yaxşıdır. Komandaya müsbət təsir edir.

- "Sabah" mövsümün birinci hissəsini 17 xalla 4-cü sırada tamamladı. Bunu sensasiya adlandırmaq olarmı?

- Təbii ki, debütant komanda üçün bu, sensasiyadır. Amma tam olaraq deyil. Daha doğrusu, gözlənilməz nəticədir. Son oyunlarda uğursuz çıxış etsək də, əvvəlki turlarda qazandığımız xalların hesabına ili 4-cü pillədə başa vurduq. Bu, hələ mövsümün ilk hissəsinin göstəricisidir. Qarşıda ikinci yarı var. Düşə də bilərik, qalxa da.

- Artıq 2 aya yaxındır komandanız qələbə qazana bilmir. Bunu nə ilə əlaqələndirirsiniz?

- Elə oyunlar var ki, əlimizə düşən qol fürsətlərindən yararlana bilmirik. Düzdür, elə də çox olmur. Amma debütant komanda üçün normaldır və bu epizodları qola çevirmək lazımdır. Tək bu deyil. Çatışmayan cəhətlərimiz çoxdur. Əsas hücumçumuz Marko Deviçin oynamaması da nəticələrimizə birbaşa təsir edir.

- Bu mövsüm Şakir Seyidov və Emil Qasımov kimi gənc futbolçuları önəmli oyunlarda meydana buraxmaqla həm risk etdiniz, həm də rəğbət qazandınız. 18 yaşlı bu futbolçuları oynatmağınız heyətdəki itkilərlə bağlıdır, yoxsa onlara da şans vermək üçün bu addımı atırsınız?

- Ümumiyyətlə, gənc futbolçulara şans verib, onları Azərbaycan futboluna qazandırmaq "Sabah" klubunun əsas strategiyasıdır. Yəni, bu, heç də məcburiyyət deyil. Həmin uşaqlara niyə sonradan şans verdik? Çünki onlar daha çox 19 yaşadək futbolçulardan ibarət yığmamızın düşərgəsində olurdular. Komanda ilə məşq etməyə vaxtları olmurdu. Milli Gürcüstandan qayıtdıqdan sonra "Sabah"a qoşuldular. Məncə, 18 yaşlı oyunçunu meydana buraxmağımız normaldır. Camaat 17 yaşlı futbolçunu Çempionlar Liqasında oynadır.

- Topaz Premyer Liqanın son turunun "Keşlə" ilə oyunundan sonra keçirilən mətbuat konfransında demişdiniz ki, artıq göndəriləcək futbolçuları müəyyənləşdirmisiniz. Mümkünsə, adlarını çəkə bilərsiniz?

- Dekabrın 20-də "Qəbələ" ilə kubokda cavab oyunumuz var. Həmin matçdan sonra hamısı açıqlanacaq.

- Vitali Kvaşukun komandadan gedəcəyi ilə bağlı xəbərlər yayılıb.

- Hər şeyə ilin son oyunundan sonra aydınlıq gələcək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı