"Hərdən fikirləşirəm, mən də şəhidlər kimi hərəkət edərdimmi?" - Rəşad Sadıqov

"Hərdən fikirləşirəm, mən də şəhidlər kimi hərəkət edərdimmi?" -<b style="color:red"> Rəşad Sadıqov </b>
ÖLKƏ FUTBOLU 15 Dekabr 2018 / 11:53 4523
-  A +

Avropa Liqasının "Arsenal"  - "Qarabağ" oyununda Rəşad Sadıqovun Dağlıq Qarabağın separatçı rejiminin bayrağı ilə meydana girmiş erməniyə sərt reaksiyası müzakirə  olunur. Bugünlə səsləşdiyini nəzərə alaraq, Sadıqovun hələ bu ilin fevralında Qol.az-a verdiyi geniş müsahibə zamanı Qarabağ müharibəsi barədə söylədiyi fikirləri yenidən təqdim edirik.

- Deyəsən, Qarabağ muharibəsində baş verənlərə xüsusi bir həssaslığın var. Yadımdadı, “İmarət” fan klubunun bir tədbirində söz alıb xahiş etmişdin ki, Qarabağ qaziləri müharibədə olanlardan danışsınlar.

- Həqiqətən o hadisələr çox maraqlıdı mənə, çox. Onların hər biri bizim böyük qəhrəmanlarımızdır. Adicə küçədə 1 nəfər 10 nəfərə qarşı təkbaşına gedib dalaşıb döyülsə də, daha hörmətli olur, nəinki 10 nəfər 10 nəfərə qarşı dalaşanda. Mənim üçün də o perioddakı şəhidlər, qazilər davaya tək gedib döyülən insanlar kimidilər. Nəyə görə? Çünki onların arxalarında o vaxt güclü dövlət, vahid bir ordu yox idi. Faktiki olaraq ordusuz vuruşurdular. Sədəcə əllərinə silah alıb, gedib vətən üçün döyüşürdülər. Hərdən fikirləşirəm, görəsən, mən də o şəhidlər, qazilər kimi hərəkət edərdimmi? Qarşında arxasında güclü qüvvələrin dayandığı ordu vardı. Bilirik ki, ermənilər tək deyildi. Onların başları və gücləri üçün deyildi bizimlə üzbəüz gəlmək. Hətta biz əlimizdə lopatka, baltayla erməniləri qovardıq. Biz bilirdik, əslində kimlə döyüşürdük. Ciddi, təşkilatlanmış, təcrübəli ordu ilə. Hər gün olmasa belə, ayda yarım saat, bir saat internetdə Qarabağla bağlı videolara baxıram. Amma əsir və girovlarla bağlı kadrlar da olur, onlara baxa bilmirəm. Onda ürəyim sanki yerindən çıxır, partlayır. Elə ermənilər var ki, onları yaddaşımda saxlayıram. Fikirləşirəm ki, bəlkə bir gün nəsib olar, onlarla qarşılaşaram.

- Kimlər var ki yaddaşında?

- Xocalı hadisələrində xüsusilə öndə gedənlər var. Əsas da biri var, saqqallı və yaşlı...

- Zori Balayan?

- Hə. Çox istəyərəm ki, elə insanlar Azərbaycanın əlinə düşsün.

- Xocalı faciəsi zamanı əsirlərin geri qaytarılmasında sənin sələfin – “Qarabağ”ın kapitanı olmuş Milli Qəhrəman Allahverdi Bağırovun böyuk xidmətlərini hamımız minnətdarlıqla xatırlayırıq. Hər oyununuzdan əvvəl azarkeşləriniz onun pankartını açırlar. Bu, sənə necə təsir edir?

- Onun şəklini, “Bağırovun əsgərləri” pankartını görmək xüsusilə təsirli olur. Məndə belə bir xasiyyət var. Oyun başlamazdan əvvəl həmişə bizim azarkeşlərin açdıqları pankartlara göz gəzdirirəm. Adətən, “İmarət”in sektorunda belə pankartlar olur. Azarkeşlərimiz bilsin ki, bunlar nə qədər çox olsa, bizə xoşdu. Xüsusilə də yerli futbolçulara.

- Onun təsiri olur oyununuza?

- Əlbəttə. Ümumiyyətlə, “Qarabağ” komandasının üzərində Qarabağ adının təsiri çoxdu. “Mançester Yunayted”də oyunçular zamanla dəyişirdi, amma klubun ruhu qalırdı. Bizim komandada da Qarabağ ruhu yaranıb. Güclüyük, zəifik, necəyik, nə cürük, amma birinci növbədə vuruşqanlıq yaranıb bizdə. Və hər matçda sanki oyuna yox, döyüşə çıxırıq.

Sizə bir fakt deyim. 2009-cu ildə, “Rusenborq”la oynayırdıq. Rəqib də çox güclü idi, yadınıza gələr. Cavab oyunu Ağdamın işğalı gününə təsadüf edirdi. Onda cəmi bir legionerimiz vardı. Heyətimiz əsasən gənclərdən qurulmuşdu. Qurban müəllim oyundan əvvəl öz söhbətləri, seçdiyi mövzularla bizə Qarabağda baş verən hadisələri yaşadırdı. Deyirdi ki, oyun Ağdamın işğalı gününə düşüb, bu, təsadüfi deyil. Oyundan əvvəl yenə də dedi: “İnsanlar Qarabağda canlarından keçib, qan töküb, yaxınlarını itiriblər, bu qədər qaçqın və məcburi köçkün var. Biz bu gün qazandığımız qələbə ilə onlara bir balaca da olsa təsəlli verə bilərik”. Bu söhbətlərin müsbət təsiri oldu və həmin matçda sensasiyaya imza ataraq qalib gəldik. Mənim həyatımdakı ən önəmli oyunlardan biri idi o matç. Yeganə qolu da mən vurmuşdum.

(27.02.2018)

 

Daha çox


Son xəbərlər
17.06.19  11:00

Larssonun yeni klubu