"Autsayder olduğumuz üçün çox utanıram” – Amil Yunanov

"Autsayder olduğumuz üçün çox utanıram” –  Amil Yunanov
MÜSAHİBƏ 5 Dekabr 2018 / 15:07 2506
-  A +

“Keşlə”nin futbolçusu Amil Yunanov Qol.az-a müsahibə verib. 25 yaşlı hücumçu həm son turda “Qarabağ”a ağır məğlubiyyətdən, həm də turnir cədvəlinin son pilləsində qərarlaşan komandasının hazırkı durumundan danışıb.

- Son turda "Qarabağ"a 1:5 hesabı ilə uduzdunuz. Səncə, məğlubiyyətə nə səbəb oldu?

- Həqiqətən də üzücü hesab oldu. Bu, bizə çox pis təsir etdi. İstəməzdik belə olsun. İkinci hissədə gözlənilmədən ilk 10 dəqiqədə 3 qol buraxdıq. Sonra da özümüzə gələ bilmədik. Futbolda belə şeylər olur. Amma belə deyib, keçmək də olmaz. Vəziyyətimiz heç yaxşı deyil. Düzəltmək lazımdır. Qış fasiləsinə qədər yaxşı nəticələr qazanmaq istəyirik.

- İkinci hissədə “Qarabağ”a qarşı açıq oynadınız və bunun da acı nəticəsini gördünüz...

- Belə deyim, “Qarabağ” elə bir komandadır ki, onlara qarşı açıq futbol oynasan, sənə çətin olur. Çünki rəqibdə yüksək səviyyəli futbolçular var. Biz də istəməzdik, açıq futbol oynayaq. Sadəcə, vəziyyətdən asılı olaraq belə etməli olduq. Rəqibi analiz edib, oyuna da yaxşı hazırlaşmışdıq. İlk hissədə hər şey istədiyimiz kimi oldu. Yenə deyirəm, ikinci hissə heç nədən qollar buraxdıq və özümüzü toparlaya bilmədik.

- Bu cür ağır məğlubiyyətdən sonra hazırda komandada əhval-ruhiyyə necədir?

- Açıq danışım, psixoloji cəhətdən istər-istəməz hamıda gərginlik var. Amma baş məşqçimiz çalışır ki, bunu aradan qaldırsın. Bununla yaşamaq olmaz. Belə etsək, bizim üçün ciddi problem olacaq. Futbolda belə şeylər olur. “Qarabağ” da “Sportinq”ə böyük hesabla uduzdu. Yəni, bu, hər bir klubun başına gələ biləcək bir şeydir. Amma hər bir halda, bunlar olmamalıdır. Bu cür məğlubiyyətləri vərdiş halına çevirməməliyik.

- Tərlan Əhmədovun gəlişindən sonra öz oyununu tapmısan. Hətta 3 qol vurmusan. Bunu baş məşqçi amili ilə əlaqələndirmək olar?

- Əlbəttə. Bəlkə də, Tərlan Əhmədov gəlməsəydi, yenə ehtiyatda qalmağa davam edəcəkdim. Tərlan müəllim Azərbaycan futboluna bələddir və məni də çox yaxından tanıyır. Hər söhbətimizdə də mənə inandığını vurğulayır. O gəldi, daha sonra mən də oynayıb, qollar vurdum.

- Sabiq baş məşqçiniz Mladen Milinkoviç sənə niyə güvənmirdi?

- Bilmirəm, niyə güvənmirdi. Güvənmirdisə, öz problemidir. Bəlkə də oynatmaq istəyərdi. Elə başa düşürdüm ki, Milinkoviç mənim oyun üslubuma tam bələd deyildi. Çünki o, gələndə, mən komandada yeni idim. Ancaq yenə də onun nə fikirləşdiyini deyə bilmərəm. Bir oyun oynadırdı, üç oyun oynatmırdı. Gah 15 dəqiqə, gah 20 dəqiqə meydanda olurdum. Belədə mənə çətin olurdu.

- “Keşlə” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komandanın mövcud durumunu necə dəyərləndirirsən?

- Şəxsən özüm olduğumuz vəziyyətdən çox utanıram. Nəinki mən, elə komanda yoldaşlarım da. Bu gün bizim komanda 8-ci yerdədir. Həqiqətən, utancvericidir. Hazırkı durum “Keşlə”nin adına da layiq deyil. Komandanın iddiaları, ortaya qoyduğu məqsədlər tamam başqadır. Futbolda hər bir komandada olur ki, bəzən qara zolağa düşürsən və 5 ay, 1 il çıxa bilmirsən. Biz kollektiv olaraq mehriban olmalıyıq və bu vəziyyətdən çıxmalıyıq. Başqa yolumuz yoxdur. Komandamızda ayrı-ayrılıqda yaxşı futbolçular var. Biz bu yerdə olmamalıyıq.

- Necə düşünürsən, qara zolaqdan çıxmaq üçün nə lazımdır?

- Son oyunları udub, qış fasiləsində yaxşı hazırlaşmalıyıq. Fasilədən sonra uğurlu çıxış etməliyik. Həm taktiki, həm də fiziki cəhətdən məşqlərdə əlimizdən gələni etməliyik. İnanıram ki, növbəti ildə bizim üçün hər şey yaxşı olacaq.

- Sabah Azərbaycan kubokunun 1/8 final mərhələsində “Şüvəlan”la qarşılaşacaqsınız.

- “Şüvəlan”da Premyer Liqada oynamış yaxşı futbolçular var. Birinci diviziondakı yaxşı komandalardan biridir. Bu oyuna ciddi hazırlaşmaq lazımdır. Yəni, arxayın olmamalıyıq. Məqsədimiz budur ki, ilk olaraq kubokda turu keçək.

- Qış fasiləsi öncəsi son oyununuz “Sabah”a qarşı olacaq. Həmin görüş barədə nə deyə bilərsən?

- Biz bu oyunda qələbə qazanmalıyıq. Başqa variant yoxdur. Çünki olduğumuz mövqe bəllidir. Zirvəyə daha yaxın yerlərdə olsaydıq, deyərdik ki, uduzsaq belə böyük problem yoxdur. Biz bu oyunu udmalıyıq ki, fasiləyə yaxşı motivasiya ilə yollanaq. Məcburuq ki, 3 xal qazanaq. Başqa çıxış yolumuz yoxdur. İnanıram ki, komanda şəklində bir olub, vəziyyəti düzəldəcəyik.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi