"Premyer Liqanın inkişafını istəyiriksə, bu sistemə keçməliyik" - Kamran Quliyev

"Premyer Liqanın inkişafını istəyiriksə, bu sistemə keçməliyik" -  Kamran Quliyev
ÖLKƏ FUTBOLU 4 Dekabr 2018 / 14:52 5111
-  A +

Bu gün AFFA Klublar Komitəsinin iclası keçirilib. Qol.az xəbər verir ki, komitənin sonuncu sədri Kamran Quliyev daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Gündəlikdə duran məsələlərdən biri oyunların keçirilmə vaxtı idi. Əvvəlcə bu barədə məlumat verərdiniz...

- Bununla bağlı PFL-lə məsləhətləşdik. İstədik ki, həftəiçi oyunlarda müəyyən sistem olsun. Həmçinin, şənbə və bazar günləri üçün də fərqli saatın təyin edilməsi müzakirə olundu. Klublara uyğun vaxt olmalıdır. Bunda əsas məqsəd azarkeşlərin stadiona gəlməsidir. Məsələn, bazar günü matçları daha erkən vaxta təyin etmək məqsədəuyğundur. Təbii ki, hava şəraiti də nəzərə alınacaq.

- "Qarabağ"ın Avropa Liqasında "Sportinq"lə matçına cəmi 5500 azarkeş gəlmişdi. Nəzərə alaq ki, hava da soyuq idi. Həftəiçi saat 9-da çempionat oyununa azarkeş gələrmi?

- Məcburiyyətdən ola bilər. Klubların təkliflərini nəzərə alıb, PFL-ə müraciət edəcəyik. Klubları maraqlandıran odu ki, azarkeş oyuna gəlsin. Bununla bağlı məşqçilər də öz aralarında məsləhətləşəcəklər. Yekun təklifi PFL-ə təqdim edəcəyik.

- Hakimlər Komitəsinin yeni sədri Fritz Ştuxlik də iclasda iştirak edirdi. Son vaxtlar kifayət qədər hakim səhvləri olur. Bu məsələ ilə bağlı hansısa müzakirə oldumu?

- Sədr daha çox 3 ay ərzində görülən işlər haqda məlumat verdi. Hakimlərin hazırlıq prosesi, testlər necə keçir... Hamısı UEFA, FİFA standartına uyğundu. Daha çox bunlar müzakirə olundu. Hakim səhvləri barədə fikir mübadiləsi nəzərdə tutulmamışdı. Hakim səhvləri ilə bağlı ötən həftədəki oyunla bağlı rəsmi mövqeyimiz olub. Fritz Ştuxlikin yeni təklifləri oldu. VAR sistemi haqda müzakirələr apardıq. Maliyyə və texniki baxımdan indi bizə uzaq görünə bilər. Amma artıq qonşu ölkələr də bu sistemə keçiblər. Türkiyə çempionatında bu sistem sayəsində nə qədər düzgün qərarların verildiyini özünüz də görürsünüz. Bunun effektliyini bütün dünya qəbul edir. VAR gələcəyin sistemidir. Bundan başqa oyunların protokollarını müvafiq şəxslər əllə doldururlar. Bu, yaxın gələcəkdə yığışdırılmalıdır. Bu sistemi elektron qaydada etsək, həmin şəxslərin səhv etmə ehtimalı azalar. Avropada bu sistemdən istifadə edirlər və protokolları elektron şəkildə doldururlar. Premyer Liqanın inkişafını istəyiriksə, bu sistemə keçməliyik. Bununla bağlı PFL-ə və ya AFFA-ya müraciət olacaq. Tender ola bilər ki, bununla müvafiq təşkilat tapılar.

- Klubların hesabatları bundan sonra rəsmi saytlarda yerləşdiriləcəkmi?

- AFFA-nın Lisenziyalaşdırma Qrupunun bizə verdiyi məlumata görə, klublar yeni ildən maliyyə hesabatlarını elektron şəkildə saytda yerləşdirməlidilər. Bunlar "A" meyarlı hesabatlardı. FİFA-nın, UEFA-nın tələbidi. Fərqin nədən ibarət olduğunu tam deyə bilmərəm. Əsas vaxt məsələsidi ki, buna sərt şəkildə nəzarət olunacaq. Əvvəllər klublara bir neçə günlük güzəşt edilirdi. Ancaq bu şərtlər indi sərtləşib. Klublar təyin olunan vaxta qədər maliyyə hesabatlarını verməlidilər. Bu, şəffaflığın qorunması üçün atılan addımdır. Klublar artıq Lisenziyalaşdırma Qrupu ilə yazışırlar, göndərilən sənədlər var. Bu proses adətən hər il martın sonuna kimi başa çatır.

- VAR sistemi, oyunların keçirilmə vaxtı, lisenziyalaşdırma məsələsi başadüşüləndir. Hakimlərin alt geyim dəstlərinin müzakirəsi o qədərmi vacibdir?

- İclasda ümumi geyim məsələsi müzakirə olundu. Bəzən hakimlərin geyimi komandaların formalarına bənzər şəkildə olur. UEFA da hakimin komandalardan seçilməsini tələb edir. Üst geyim və corablar fərqli olmalıdır. Bəzən şort eyni rəngdə olur. Elə liqalar var ki, hakimlərin geyim dəsti tam eyni olur. İnanın ki, bu məsələnin müzakirəsi heç yarım dəqiqə çəkmədi.

- Adınız məşhur idman geyim firmaları ilə əməkdaşlıqda hallanır. Bu, doğrudumu?

- Mən "Sumqayıt"da da, "Neftçi"də də olanda çalışmışam ki, birbaşa istehsal edən təşkilatla işləyək. Hər iki klub da həmişə formaları təşkilatçılardan alıb. Bütün əlaqə birbaşa istehsalçılarla olub. Mən bu təşkilatları tanıyıram. Mən "Sumqayıt"da işləyərkən "Xoma" şirkəti tərəfindən İspaniyaya dəvət alıb, ora getmişdim. Bu ilin martında isə "Macron" şirkətinin dəvəti ilə İtaliyada oldum. "Neftçi"yə növbəti mövsüm üçün kolleksiya təklif etmişdilər. Ancaq biz "Nike" ilə anlaşdıq. "Xoma"nın mallarını isə birbaşa İspaniyadan aldıq. Vasitəçinin olmaması üçün birbaşa həmin şirkətlərlə işləyirik. Onlarla mənim münasibətim görünür bəzi qüvvələrə vasitədir. Mənim bütün fikrim futboldur. Məni tanıyanlar var, tanımayanlar da ola bilər ki, səhv fikrə düşüblər (matc.az).

Daha çox


Son xəbərlər