"Əlinə pul keçdisə, futbolu ikinci plana atmamalısan" - 18 yaşlı hücumçu

"Əlinə pul keçdisə, futbolu ikinci plana atmamalısan" - 18 yaşlı hücumçu
MÜSAHİBƏ 4 Dekabr 2018 / 14:39 4224
-  A +

“Sabah”ın hücumçusu Emil Qasımov Qol.az-a müsahibə verib. Ötən tur Topaz Premyer Liqada debüt edən və “Neftçi”yə qarşı bir hissə meydanda olan 18 yaşlı futbolçu əvvəlcə özü barədə məlumat verib.

- Futbola 2010-cu ildə Ağstafa rayonunda başlamışam. Həmin il orada turnir keçirilirdi. “Ağstafa Avey” komandası ilə birinci yeri tutub Bakı birinciliyində oynamaq hüququ qazandıq. Mübarizəyə qrup mərhələsindən başladıq. Qrupdan çıxıb, “Qəbələ”yə rəqib olduq. Həmin oyunda müxtəlif klubların seleksiyaçıları var idi. 1:3 hesabı ilə uduzduğumuz matçdan sonra “Neftçi”nin seleksiyaçıları yaxınlaşıb, məni öz komandalarına dəvət etdilər. Tez rayona qayıdıb, ata-anamla məsləhətləşdim. Onlar da futbolçu olmağıma icazə verdilər, dedilər ki, get, yolun açıq olsun. 2014-cü ilə qədər “Neftçi”nin aşağı yaş qruplarında çıxış etdim. Hətta U-13 liqasında bombardir oldum. Sonra “Əlincə” klubuna keçdim. 2015-2016-cı illər mövsümündə bu komanda ilə yarışdığımız liqada 2-ci yeri tutdum və komandanın ən sərrast futbolçusu oldum. Bir il sonra “Vətən” klubunda oynadım və çempion oldum. Ardınca “Səbail”ə keçdim və bu klubun U-19 komandasının heyətində liqada 3-cü yeri tutdum. Daha sonra isə “Sabah” klubuna gəldim.

- “Sabah”a keçidin necə alındı?

- “Səbail”lə 1 illik müqavilə bağlamışdım. Müddəti başa çatdı və “Sabah”a keçdim.

- Ötən tur Topaz Premyer Liqasında debüt etdin və ilk oyununu Azərbaycanın köklü klublarından “Neftçi”yə qarşı keçirdin. Təəssüratlarını bilmək maraqlı olardı...

-  Düzü, meydana çıxacağımı gözləmirdim. Matçdan bir gün öncəki məşqdə Elşad müəllim yaxınlaşdı və oynamağa hazır olub-olmadığımı soruşdu. Mən də dedim ki, nə vaxt şans versəniz, oynamağa hazıram. Dedi, start heyətdə meydana çıxacaqsan. Oyun başladı, düzdür, bir az həyəcan var idi. Amma bilirdim ki, belə də olmalıdır. Debüt oyunum idi. Matçın gedişində həyəcanım tam keçdi. Artıq öyrəşdim və yavaş-yavaş öz oyunumu oynamağa başladım. Elə bir problem olmadı. Peşəkar futbolçularla birlikdə elə peşəkar futbolçulara qarşı oynadım. Mənim üçün də yaxşı təcrübə oldu. Belə bir imkan qazandığım üçün çox şanslıyam.

- Elşad Əhmədovun “Neftçi” ilə matçdakı bu addımı həm riskli, həm də təqdirəlayiq idi. Qarşılaşmadan sonra oyununla bağlı sənə nəsə dedi?

- Bəli, fasilədə Premyer Liqadakı ilk oyunum münasibətilə məni təbrik etdi və pis təsir bağışlamadığımı, üzərimdə daha çox çalışmalı olduğumu dedi. Bildirdi ki, həvəsdən düşmək olmaz.

- Gənc futbolçu üçün Premyer Liqada oynamaq necə hisdir?

- Əlbəttə, çox yaxşı hisdir. Əvvəl həyəcanlı olursan, sonradan öyrəşirsən. Debüt oyununu “Neftçi” kimi kluba qarşı keçirmək isə daha məsuliyyətlidir. Bu hisləri yaşadım. Mənim üçün yaxşı təcrübə oldu. İnanıram ki, davamı gələcək.

- Azərbaycanlı gənc futbolçularda belə bir xüsusiyyət var ki, şans veriləndə 1-2 oyun oynayıb, meydanda müsbət nə iləsə yadda qalan kimi artıq özlərini futbolçu sayırlar. Sənin buna münasibətin necədir?

- Belə olmaq lazım deyil. Davamı gəlməlidir. Meydana çıxdın, əlinə pul keçdi, maşın aldın, futbolu ikinci plana atmamalısan. Bununla kifayətlənmək olmaz. Özün, ailən, klubun üçün daim yaxşı oynamalısan. 1-2 oyunluq futbolçu olmamalısan. Belə olsan, heç kimə lazım deyilsən, kənarda qalacaqsan. Gələcəyi də düşünməlisən. Mən də 1- 2 oyunuq futbolçu olmaq istəmirəm. Daim əsas heyətdə meydana çıxıb, özümü hamıya ən yaxşı tərəfdən göstərməyə çalışacağam.

- Elşad Əhmədovun başçılığı altında oynamaqla yanaşı, başqa bir üstünlüyün də var. Komandanızda Marko Deviç kimi hücumçu çıxış edir. Kifayət qədər səviyyəli futbolçudur. Yəqin ki, ondan öyrənəcəyin çox şey var.

- Əlbəttə, ondan çox şey öyrənə bilərəm. 35 yaşı var, indi də dayanmaq bilmir. Hər məşqə 1-2 saat tez gəlir. Hələ də öz üzərində dayanmadan işləyir. Ondan həm məşqdə, həm də kənarda nəsə götürməyə, öyrənməyə çalışıram. Gələcəkdə də ən azı Deviç kimi hücumçu olmaq istəyirəm.

- Deviç məşqlərdə gənc hücumçulara məsləhət verirmi?

- Bəli, nəinki məşqdə, futboldankənar həyatımızla bağlı da bizlərə məsləhət verir. Oyun vaxtı rəqib müdafiəçilərə qarşı hansı hərəkətləri edib qol vura biləcəyimizi söyləyir.

- Son olaraq, elit mərhələyə vəsiqə qazanan U-19 yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki çıxışı barədə danışaq. Qrupdakı ilk oyunda İsrailə böyük hesabla uduzduqdan sonra, açığı, bir çoxları komandamızın növbəti mərhələyə vəsiqə qazana bilməyəcəyini düşünürdü. Ancaq son iki oyunda əvvəlcə Gürcüstanı, ardınca isə Lixtenşteyni məğlub edərək, ikinci yerlə qrupdan çıxmağı bacardınız. O komandanın heyətində sən də var idin. Sonradan nə baş verdi ki, yığma özünə gəldi və qarşıya qoyulan minimum məqsədə çatdı?

- Doğrudan da ilk oyunda İsrailə 1:4 hesablı məğlubiyyətdən sonra artıq inananlar qrupdan çıxacağımıza inanmırdılar. Ancaq biz bütün bunlara baxmayaraq, həvəsdən düşmədik. Hamımız sözü bir yerə qoyduq ki, bundan da artığını etməliyik. İlk oyun həm meydan amili, həm də digər problemlər oldu. Ona görə istədiyimiz kimi alınmadı. İkinci matçda Gürcüstanı məğlub etdikdən sonra komandaya inam gəldi. Həm məşqçilər, həm də kapitanlarımız kollektivi həvəsləndirdi ki, bacara bilərik. Bu il yığmalarımız elə də uğur qazanmadığından buna ehtiyacımız var idi. Gürcülərlə matçda bütün gücümüzü ortaya qoyduq. Bilirdik ki, uduzsaq, hər şey bitəcək. İlk hissədə məğlub duruma düşsək də, ikinci yarıda komanda şəklində sonadək mübarizə aparıb 2 qol vurduq və qalib gəldik. Son matçda isə Lixtenşteyni 3 cavabsız topla məğlub edib, elit mərhələyə vəsiqə qazandıq.

- Bilirik ki, yığma elit raundda nisbətən güclü komandalarla bir qrupa düşəcək. Bəs bu mərhələdəki əsas hədəfiniz nədən ibarətdir?

- Hələlik elit mərhələdəki rəqiblərimiz hələ bilinmir. Bununla belə, orda da əsas hədəf qrupdan çıxmaq olacaq. Bilirsiniz ki, final mərhələsinin oyunları Ermənistanda keçiriləcək. Həlledici mərhələyə vəsiqə qazanıb, himnimizi orada səsləndirmək və bayrağımızı dalğalandırmaq, ölkəmizi layiqincə təmsil etmək istəyirik.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın