“Qarabağ” “Arsenal”la oyundan çox şey öyrənəcək” – Pires

“Qarabağ” “Arsenal”la oyundan çox şey öyrənəcək” – <b style="color:red">Pires</b>
ÖLKƏ FUTBOLU 4 Dekabr 2018 / 12:41 2116
-  A +

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində Bakıya gələn dünya və Avropa çempionu, karyerası ərzində bir sıra məşhur klublarda çıxış etmiş fransalı veteran futbolçu Rober Pires jurnalistlər üçün brifinq keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə ölkəmizə səfəri ilə bağlı təəssüratlarını açıqlayıb:

- Bakıya ilk dəfə gəlmirəm. Futbolçu karyeramda U-20-nin heyətində də paytaxtınızda olmuşam. Bura yenidən gəldiyim üçün xoşbəxtəm. Sevinirəm ki, Azərbaycanda futbolu bu qədər sevən uşaqlar var. Mən hər zaman belə şeylərə diqqət ayırıram.

-Bakı Olimpiya Stadionu ilə bağlı fikirləriniz necədir?

- Bakı müasir, gözəl şəhərdir. Stadion da əladır. UEFA tərəfindən gözəl seçimdir. Azarkeşlər üçün burada hər bir şərait var. İstərdim ki, sabiq komandam “Arsenal” burada final oynasın. Stadionu çox bəyəndim.

- Sizcə, Bakı Çempionlar Liqasını da qəbul edə bilər?

- Əlbəttə. Niyə də yox?! Yeni, gözəl stadiondur. Hər şey mümkündür. Azərbaycanlılar da futbolu çox sevirlər. İnanıram ki, ÇL-in finalı burada keçirilə bilər.



- Avropa Liqasının qrup mərhələsində “Qarabağ” – “Arsenal” oyununu izləmisiniz? Qrupda son görüş də bu komandalar arasında Londonda olacaq. Həmin matçı stadiondan canlı izləməyi düşünürsünüz?

- “Qarabağ”ın “Çelsi” və “Arsenal”la ev oyunlarında gördük ki, Azərbaycanda futbolu sevirlər. İndi “Qarabağ” üçün əsas öyrənməkdir. İnanıram ki, “Arsenal”la oyundan da çox şey öyrənəcəklər. Onlar üçün hazırda təcrübə qazanmaq daha vacibdir.

- Bakıda hansı finalı görmək istərdiniz?

- “Arsenal”da uzun illər oynamışam. “Topçular”ın “Çelsi” ilə finalda oynamasını istərdim. Niyə də olmasın?! Böyük derbi olardı. “Arsenal” barədə fikirlərim müsbətdir. Bu kluba azarkeşlik edirəm. Həm də klubun səfiriyəm. Orada hər şey yaxşıdır. İstərdim ki, finala qədər irəliləsinlər.

- Bəs “Arsenal” – “Vilyarreal” finalını necə, arzu edərdiniz? Siz ispan klubunun da formasını geyinmisiniz...

- Əlbəttə. “Vilyarreal” da yaxşı komandadır. Səviyyəli oyunçuları var. Hazırda onların finala çıxıb-çıxmayacaqlarını deyə bilmərəm. Komandaya yaxşı məşqçi başçılıq edir. Ancaq yarımfinala qədər gələ biləcəklərini düşünürəm.

- Azərbaycan futbolu üçün nə məsləhət görərdiniz?

- Bir neçə ölkədə işləmişəm. Buna görə də xoşbəxtəm. Azərbaycana kiçik bir məsləhətim var. Özünüzə inanın. Uşaqların arzusu futbolçu olmaqdır. Özünüzə inanaraq, işləyin. Hər şey həyata keçəcək.

- “Qarabağ”ın “Arsenal”la görüşdə şanslarını necə dəyərləndirirsiniz?

- Hər şey “Arsenal”dan asılıdır. Onlar gənc futbolçularla meydana çıxsalar, “Qarabağ” üçün asan olacaq. Ancaq əsas heyətlə oynasalar, komandanızın işi çox çətindir. Yenə də bu, “Qarabağ” üçün yaxşı təcrübədir. “Arsenal”da təqvim çox sıxdır. Ona görə də seçim baş məşqçinin əlindədir.

 

Daha çox


Son xəbərlər
13.12.18  17:40

Müller üzr istədi