"Halldorssonu o qədər dahiləşdirmişdilər ki, məətəl qalmışdım" - Yunis Hüseynov

"Halldorssonu o qədər dahiləşdirmişdilər ki, məətəl qalmışdım" -  Yunis Hüseynov
MÜSAHİBƏ 30 Noyabr 2018 / 16:25 6871
-  A +

“Kəpəz”in sabiq baş məşqçisi Yunis Hüseynov Qol.az-a müsahibə verib. 53 yaşlı mütəxəssis dünən “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Sportinq”ə böyük hesabla (1:6) məğlubiyyəti, komandanın hazırkı durumu və problemləri haqda danışıb.

- İlk olaraq, dünənki oyunla bağlı fikirlərinizi bilmək istərdim.

- Dünənki oyuna baxdım, “Qarabağ” zəif təsir bağışladı. Əlbəttə, hesab da bunu deyir. Əsas səbəbi isə neçə illərdi çempionatın zəif olmasıdır. Bunu da tək mən demirəm. Mütəxəsislər də, jurnalistlər də deyir. 8 komandalı çempionat yavaş-yavaş “Qarabağ”a da təsir edir. Avroliqada da güclü komandalar çıxış edirlər və onlarla mübarizə aparmaq da çətin olur. “Qarabağ” çempionatda hər oyunda bu legionerlərinin hamısından istifadə etmir. Çünki burda yerli futbolçu da oynamalıdır. Ona görə də “Qarabağ”In oyununda eniş gedir. Buna görə dünən zəif təsir bağışladı.

- Belə hesabı gözləyirdiniz?

- Xeyr, gözləmirdim. Mən inanırdım ki, dünənki oyunda “Qarabağ” nəsə edə bilər “Qarabağ”ın bütün oyunlarına baxıram. Hiss olunurdu ki, eniş var. Bunun da səbəbi çempionatın neçə illərdi aşağı səviyyəli olmasıdır.

- Nəzərə alaq ki, hələ bu, “Sportinq”in əsas heyəti deyildi.

- Bəli, “Sportinq” əsas oyunçularının çoxun gətirməmişdi. Gənclərlə gəlmişdi. Amma buna baxmayaraq, necə oynadılar, siz də gördünüz. İstəməzdik belə olsun.

- Qolların çoxu fərdi səhvlər ucbatından vuruldu. Məsələn, götürək elə müdafiə xəttini.

- Birinci bunu deyim, müdafiə hücumdan başlayır. Hamısını müdafiənin üstünə atamaq lazım deyil. Deyim ki, müdafiə pis oynadı, 6 qol buraxdılar, təbii ki, yox. 6 qol buraxılıbsa, deməli, 11 nəfər zəif oynayıb. Elə təkcə bir-iki müdafiəçi zəif oynadı deyə bu qədər qol buraxmırlar ki. Bundan əlavə, fərdi şəkildə də səhvlər etdilər. Hücum xətti də, mərkəz də, müdafiə də çoxlu səhv etdi. “Qarabağ” bildiyiniz kimi, topu özündə saxlayan komandadır. Heç dünənki top saxlaya bilmədi. Mərkəz xətti də zəif oynadı. Dünən yarımmüdafiəçilər heç top saxlaya bilmədilər. Deməli, bütün mövqelərdə səhv oldu.

- Qapıçı Hannes Halldorssonun oyunun necə dəyərləndirirsiniz? Sanki ümumiyyətlə, qapıçı yox idi.  Dünya Çempionatında Messinin penaltisin qaytaran qapıçının belə qollar buraxması barədə nə deyə bilərsiniz?

- O qapıçı “Qarabağ”a gələndə bütün mediada “Messinin penaltisin qaytaran qapıçı “Qarabağ”da” başlıqlı xəbərlər yazıldı. Bir qapıçı Messinin topun qaytarıbsa, demək bu, dahi qapıçıdır?(gülür) Onu o qədər dahiləşdirmişdilər ki… Açığı, mat-məəttəl qalmışdım ki, bunu niyə bu qədər dahiləşdiriblər. “Messinin topunu tutdu”. Əşi, tutub tutub də. Messinin topun dəf edən elə bütün hamının topun qaytarası deyil ki. Futbolçunu bir oyuna görə heç vaxt dahiləşdirmək olmaz. Onun il boyu komandaya verdiyi xeyiri nəzərə alaraq deyilməlidir ki, filan futbolçu komandaya bu il filan qədər xeyir verdi. Mən heç vaxt bununla razı olmamışam ki, bir oyuna görə futbolçuya qiymət qoyulsun. Həmişə gözləmə mövqeyin seçmişəm ki, görəsən, bu futbolçu gələcəkdə nə edəcək. Ola bilər bir oyunda əla oynasın, amma gələn oyunların hamısında zəif oynasın. Pis qapıçıdır demirəm. Hər bir futbolçu səhv edə bilər. Amma Halldorssonu o qədər təriflədilər ki, dedim, yəqin Şehiçdən 10 qat güclüdür. Yəni, elə futbolçu olur ki, öz komandasında zəif çıxış edir, başqa kluba keçəndə özünü tapır, uğurlu çıxış edir və ya əksinə. Yaxşı qapıçıdır. Amma “Qarabağ”da özünü tapa bilmədi.

- “Qarabağ” hazırda Premyer Liqada da liderdən beş xal geridir, Avroliqada da uğursuz çıxış edir. Komandanın bu enişi nə vaxta qədər davam edə bilər?

- Mən inanıram ki, çempionatın sonunda “Qarabağ” yenə çempion olacaq. Oyunlarında eniş ola bilər. Futbolda eniş də, yüksəliş də olur. Amma çempionatın gedişatına baxıram – ümumi oyunlara və “Neftçi”yə. Bu gedişatdan hiss elədiyim odur ki, mövsümün sonunda birinci yer “Qarabağ”ın olacaq. Avroliqa oyunları bitdikdən sonra yəqin ki,  “Qarabağ”ın tək məqsədi Premyer Liqada çempion olmaq olacaq. Ona görə də var güclərini ortaya qoyacaqlar. Amma yenə deyirəm, bu enişin əsas səbəbi çempionatın zəif olmağıdır. Bu zəiflik həm klublarımızın Avrokuboklardakı oyununa, həm də elə millinin oyunlarına da təsir edir. Bax, milli komandamız Kosovoya 0:4 hesabı ilə uduzdu. 21 yaşadək yığmamızdan hansı futbolçu əsas millidə oynamaq gücündədir? Prosineçkinin, eyni zamanda Berti Foqstun da vaxtından bu yana demək olar ki, eyni futbolçular oynayır. İndi Qurban müəllimdir, yenə də eyni futbolçular oynayır.  Bitdi, qutardı getdi. Yəni ki, futbolçu yoxdur. Biz həmişə elə bu nəticələrlə razılaşmalıyıq. Bizim gücümüz həmişə bu olacaq. Yəni, hansısa ortabab komandaya başağrısı olan komanda olacağıq. Deyim sizə, biz hər şeyə sıfırdan başlayıb, yüksək zirvələrə çıxacağıq, yalan sözdür.  Biz həmişə orta səviyyədən bir az aşağıda olacağıq.  Hansısa komandanı uda da bilərik, amma uduzmağımız real olacaq. Qrup mərhələlərində də ən yaxşı yerimiz elə 4-cü yer olacaq. Bu, reallıqdır. Mən bunu 20 yox, 30 il qabaq demişəm. 30 il öncə düzgün işlər qurulsaydı, indi həmin futbolçuların 30 yaşı, artıq karyeraların bitirən vaxtları olacaqdı. O cümlədən də mənim özüm. Mən də o vaxtlar legioner həyatı yaşaya bilərdim. Amma yaşamamışam. Psixologiya belə idi ki, demişəm, evimin içi olsun, elə burda oynayım. Bu dəqiqə bizim futbolçulardan heç kim xarici klublarda oynamır. Bundan başqa, biz inkişaf edəndə digər ölkələr yerində sayacaq? Onlar da inkişaf edəcək də. Deməli, nə olacaq? Yenə eyni vəziyyət olacaq. Oyun baxımından da yenə həminki kimi olacaq – güclü komandalar bizə qalib gələcək, orta komandalarla bəxtimiz gətirsə, vuruşacağıq. Zəif komandalarla da nə edəcəyik, bilmək olmaz. Yerli futbolçular xaricdə oynasaydılar, deyərdik ki, məsələn, bizim 30 futbolçumuz legioner həyatı yaşayır. Heç olmasa, Rusiya, Türkiyə çempionatında oynayardılar. Kosovoya 0:4 hesabı ilə uduzduq. Onların heyətinin 90 faizi xarici klublarda oynayır. Super olmasa da, ortabab klublarda oynayırlar. Bizim futbolçular legioner həyatı yaşamayınca, elə bizim səviyyə eyni qalacaq. İstəyirsən sıfırdan başlayaq, istəyirsən iki dənə sıfırdan başlayaq, boş şeydir.

- Sizcə, belə komandalarla mübarizə aparmaq üçün nə etmək lazımdır?

- Heç olmasa, 10 nəfər yaxşı səviyyəli legioner tapmaq lazımdır(gülür). Yəni, elə klublarla mübarizə aparmaq istəyirsənsə, 10 nəfər yaxşı legioner götür və bir-iki yerli futbolçu.  Ondan sonra mübarizə aparacaqsan. Dediyim kimi, çempionatın səviyyəsinin aşağı olması əsas səbəbdir. Klublarda legionerlər oynayır. Məsələn, “Qarabağ” ÇL-nin, Avroliqanın qrup mərhələsində çıxış edir. Bu, səviyyəli legionerlərin sayəsində olub. Yerli futbolçuların xətrinə dəyməsin, “Qarabağ” 11 nəfər yerli futbolçuyla ÇL-də, Avroliqada qrup mərhələsinə adlaya bilərdilər? Çətin. Mən futbolçularımızı pisləmirəm, onlara canım qurbanAmma reallığı deyirəm.

- “Qarabağ”ın heyətində köklü dəyişikliklər lazım olduğunu düşünürsünüz?

- Yox. Transferi deyirsinizsə, yeni transferlər onsuz da olacaq. Yüz faiz dəyişikliklər olacaq. Heyətində bəzi uyğunlaşa bilməyən futbolçular var ki, yetərincə komandaya kömək edə bilmir. Məncə, “Qarabağ” onlarla yollarını ayıracaq.

- Qurban Qurbanov oyundan sonra mətbuat konfransında etiraf etdi ki, zəifik…

- Mən onu 30 il qabaq demişəm. O vaxtkı qəzet, jurnalları araşdırsanız, görərsiniz ki, bu sözləri o vaxt demişəm. Zəifik, yalandan danışmayaq. Dildə çox şey deyə bilərik, amma reallıq budur. Düzünü demək lazımdır. Amma vaxtında güclü futbolçularımız olub. Onlar heç kimdən geri qalmayıblar. Xarici klublarda oynasaydılar, komandalarının liderlərindən birinə çevrilərdilər. Amma psixologiyaları elə olub ki, getməyiblər. Yavaş-yavaş səviyyə düşüb aşağı, bu günlərə gəlib.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki