4 il əvvəl...

4 il əvvəl...
YAZARLAR 28 Noyabr 2018 / 14:32 4125
-  A +

... “La Tribune” qəzetinin birinci səhifəsi “Sent-Etyen” – “Qarabağ” oyununa həsr olunan “Yalnız təəssüflər” başlıqlı yazı ilə açılmışdı. Yerli jurnalistlərin təəssüfü səbəbsiz deyildi. Axı, bir gün əvvəl Qurban Qurbanovun komandası ilk dəfə qatıldığı Avropa Liqasının qrup mərhələsinin Fransa təmsilçisi ilə səfər oyununda bir xal qazanmışdı. Sonradan, 2016-cı ildə Avropa çempionatının final mərhələsinin oyunlarının bir qismini qəbul edəcək bu stadiona ayaq basanda nəyə görəsə xəyalən uşaqlığıma getmişdim. Və yadıma düşmüşdü ki, 1995-ci ilin 6 sentyabrında (15 yaşımın tamam olduğu günün ertəsi) Fransanın başqa bir arenası – Oser şəhərinin “Abbe-Deşam” stadionunda bizim futbolumuz üçün həqiqi faciə baş vermişdi. Fransayla matçda milli komandamız futbol tariximizin ən böyük hesablı məğlubiyyətini (0:10) almış və bu görüş yaddaşlara “Oser faciəsi” kimi düşmüşdü.

Onda isə 2014-cü il idi. İkinci faciə olmasa belə, “Qarabağ”ın ağır məğlubiyyətlə üzləşəcəyini haqlı olaraq ehtimal edənlər az deyildi. Çünki “Sent-Etyen” Avropanın “TOP-5”liyində ilk üçlüyə düşmüş komanda kimi Ağdam  klubuna rəqib olmuşdu. Amma gərək ki, ya Maksim Medvedyevin, ya da Qara Qarayevin əla ötürməsindən sonra indi həvəskarlar liqası səviyyəsindəki turnirdə (taleyin işinə bax da!) oynayan Vüqar Nadirov gözəl qol vuraraq hesabı açmış, qolun sevincindən də göz yaşlarını saxlaya bilməmişdi. Sonra o, bu qolu Qarabağ döyüşlərində canından keçən şəhid atasına həsr etdiyini söyləmiş, Ağdamın yoxluğuna görə isə ağladığını demişdi. Fransızlar birinci hissənin sonlarına yaxın hesabı bərabərləşdirsələr də, Vüqarın, Vüqar da daxil olmaqla “Qarabağ” komandasının futbolçu və məşqçi heyətinin hər bir üzvünün əziyyəti sayəsində bu görüşü 1:1 hesabı ilə yekunlaşdırmaq mümkün olmuşdu. Nəticədə də “Qarabağ” bu heç-heçə ilə Avropa kubokunda sensasiyaya imza atmışdı.

“La Tribune” qəzetinin bu şəklini oyunun ertəsi günü Fransada bir qrup azərbaycanlı jurnalist üçün ayrılan oteldə olarkən çəkmişdim. 3, ya da 4 ulduzlu bu kiçik oteldə bütün qonaqlarını hər səhər doğma fransızcasında nəzakətlə “Bonjur, müsyö”, “Bonjur, madam” kimi sözlərlə salamlayan ortayaşlı nurani bir toppuş xanım söyləyirdi ki, bizim oteldə çox az halda ad günləri olur və siz azərbaycanlıların burada qeyd etdiyi ad günü də onlardan biri idi.

“Qarabağ”ın baş meneceri Asif Əsgərovun 33-cü doğum gününü qeyd etmək təşəbbüsünü klubun istiqanlı direktoru, bu dünyaya sanki hər kəsə mənəvi qardaşlıq etmək missiyası ilə gələn Əmrah Çəlikəl hələ Sent-Etyenə çatmadan, Lionda olarkən mənə zəng vurmaqla bildirmişdi. “Asif bilməsin, ona sürpriz hazırlayaq” deyib təklif irəli sürmüşdü ki, onun doğum gününü məhz jurnalistlərlə birgə oteldə qeyd edək. Jurnalistlər ürək sözlərini həm də vazkeçilməz fransız şərabı ilə söyləmiş, ertəsi gün isə klubun uğurlarının görünməz qəhrəmanlarından olan Asifə ən dəyərli hədiyyəni elə “Qarabağ” özü qazandığı xalla etmişdi...

Fransa səfərim üç gün çəkmişdi. Sent-Etyen kiçik və sakit bir şəhər idi. Beyni “refresh” etməyə köməyi də dəymişdi. Həm bu, həm də “Qarabağ”ın uğurlu nəticəsinə görə Bakıya yaxşı ovqatda gəlmişdim. Aeroportdan çıxan kimi isə şəhər əvvəlcə heç nədən söz anlamayan bəzi həyasız taksi sürücüləri, sonra isə özünün səs-küyü ilə sanki üzərimə hücum çəkmişdi. Feysbukdakı səhifəm xatırlatdı deyə, başqa bir hadisə yadıma düşdü. Bu paylaşımı aeroportdan aralandıqdan sonra elə həmin günü yazmışdım, indi yenidən paylaşıram:– “Üç gun idi Fransadaydım. Beyin, əsəb də sakit. Bakıya düşəndən sonra yolda rastlaşdığım ilk hadisə: “Koroğlu” tərəfdə biri çıxıb körpünün üstünə özunü atmaq istəyir, tıxac da nə boyda... "Gozəl" məmləkət!...”

... Kaş 2014-dəki “Qarabağ” indi də olaydı...

Aydın BAĞIROV
[email protected]

 

MÜƏLLİFİN DİGƏR YAZILARI

14.02.18
11.10.17
17.06.17
10.09.16
24.02.14

Son xəbərlər
21.09.19  22:11

"Yuventus"dan qələbə

21.09.19  17:19

Millimiz yenə uduzdu

21.09.19  14:13

Zidan inamı itirib