"Əsas bizim hücumda oynamağımızdır" - Qurban Qurbanov

"Əsas bizim hücumda oynamağımızdır" - <b style="color:red">Qurban Qurbanov</b>
ÖLKƏ FUTBOLU 19 Noyabr 2018 / 22:07 4213
-  A +

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda Kosovo ilə səfər oyunuöncəsi mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

- Son oyunumuza çıxırıq. Hər iki komanda üçün çox vacib qarşılaşmadır. İlk gündən bu rəqibə böyük hörmət bəsləyirəm. Futboçularının ustalıq səviyyəsi yüksəkdir. Ancaq komandama inanıram və hazırıq.

- Sizdən öncə Kosovonun baş məşqçisi Azərbaycanı favorit gördüyünü bildirdi. Özü də ilk turdan etibarən belə düşündüyünü söylədi. Bəs, siz necə fikirləşirsiniz?

- Rəqib məşqçiyə təşəkkür edirəm. Xatirinizdədirsə, mən də Kosovo yığması haqda yalnız xoş sözlər bildirmişdim. Bu gün bunu təkrarlamayacağam. Sabahkı matçda Kosovonun azarkeş sarıdan da, xal baxımından da üstün olduğunu bilirik. Farer adaları ilə görüşdən sonra da bura qələbə arxasınca gəldiyimizi demişdim. Ancaq mənim üçün ən önəmlisi futbolçuların xarakter göstərməsi, nəticə üçün ən düzgününü etmələridir. Bütün dediklərim alınsa, uğur tərəfimizdə olacaq. Hazırda elə bir fikrim yoxdur ki, deyim favorit Kosovodur, ya Azərbaycan.

- Millimiz cüt oyunlardan birincisini daha uğurlu keçirir. Bu dəfə necə, fiziki cəhətdən 2-ci oyuna gücünüz çatacaqmı?

- Ola bilər yorğunluq olsun. Ancaq bu barədə düşünmürük. Biz də, rəqib də eyni proqramla oynayıb. Amma bəzi amillər bizdə üstün olmalıdır ki, qalib gələk. Heç bir şey bizə mane olmamalıdır. 90 dəqiqə ərzində lazım olanları etməliyik.

- Rəqib nə qədər hücum edəcəyini bildirsə də, aydındır ki, Kosovo müdafiədə oturacaq. Millimizin bu cür müdafiə xəttini yarmaq potensialı varmı?

- Bu komanda hücumameylli oynayır. Üstəlik, evdə oynayacaqlar. Hər bir halda təcrübəli baş məşqçiləri var. Daha düzgün qərarı o, verə bilər. Əlbəttə, biz də hücumda oynamağa çalışacağıq. Əsas bizim hücumda oynamağımızdır. Nə qədər təzyiq göstərə bilsək, onlar bir o qədər müdafiədə oturacaqlar. Ancaq bir daha qeyd edirəm ki, Kosovonun hücum potensialı daha çoxdur.

- Son oyunda Kosovo səfərdə 5:0 qalib gəlib. Bildiyiniz kimi, sabah da anşlaq yaşanacaq. Meydan sahiblərinin hücumlarına qarşı hansı tədbirləri görmüsünüz?

- Bütün oyunlarda Kosovonun hücum potensialının şahidi olmuşuq. Həmişə futbolçularıma demişəm ki, hücumda ola-ola müdafiə olunmağı bacarmalıyıq. Sabahkı matçda müdafiədə daha diqqətli olmalıyıq. Hər bir halda, çalışmalıyıq ki, rəqibin hücumlarının sayı az olsun.

- Pavel Paşayevin vəziyyəti nə yerdədir? Ümumiyyətlə, zədədən başqa kim əziyyət çəkir?

- Pavellə bağlı son qərar sabah veriləcək. Kamran Ağayevin oynamayacağı isə əvvəlcədən bilinirdi. Qalan futbolçularda mikrozədələr olsa da, ciddi problem görmürəm. Bütün hallarda, məni zədələr yox, sabahkı görüş düşündürür. Çünki heyətdəki uşaqların hər birini əminliklə meydana buraxa bilərəm. Olduqca istəkli, həvəslidirlər.

- Farer adaları ilə oyundakıyla müqayisədə çoxmu dəyişiklik gözlənilir? Yeri gəlmişkən, Kamran Ağayev bu gün “CBC Sport”un efirində ağlayaraq, komandaya dəstək olduğunu və lazım olsa, bir ayaqla da qapını qorumağa hazır olduğunu bildirib.

- Düşündüyüm heyət bəllidi. Ancaq hələ vaxtımız var. Həkimlərlə də məsləhətləşəcəyik. Üstəlik, hələ 2 məşqimiz var. Kamran Ağayevi də yanımızda görmək istəyərdik. Efir vasitəsi ilə istəklərini göndərdiyi üçün təşəkkürümü bildirirəm. Hamımız bir kollektivik. Kamrana tezliklə zədəsini sağaltmağı arzulayıram.

 

Daha çox


Son xəbərlər
13.12.18  17:40

Müller üzr istədi