"Komandada qruplaşma olmadığına başımla cavabdehəm" – Rail Məlikov

"Komandada qruplaşma olmadığına başımla cavabdehəm" – Rail Məlikov
MÜSAHİBƏ 13 Noyabr 2018 / 17:40 3228
-  A +

“Sumqayıt”ın müdafiəçisi Rail Məlikov Qol.az-a müsahibə verib. Nazim Süleymanovun istefasından danışan futbolçu onun komandadakı bəzi futbolçular haqda səsləndiridiyi fikirlərə də münasibət bildirib.

- Son oyunda gözlənilmədən “Keşlə”yə 1:4 hesabı ilə uduzdunuz.

- Futbolda belə hallar olur. Komanda udar da, uduzar da. Heç kim bilə bilməzdi ki, hesab bu cür olacaq. Biz də 4:1 uda bilərdik. Kim güclü idisə, o da qalib gəldi.

 - Mövsümə yaxşı başlasanız da, sonradan ardıcıl uğursuz nəticələr komandanı geri saldı. Bunun səbəbini nədə görürsən?

- Futbolda qara zolaq deyilən şey var. Hər bir komanda bu zolağa düşə bilər. Dönüş edə bilmək üçün qələbə qazanmaq lazımdır. Hələ “Qəbələ” ilə matçda hər şey öz əlimizdə idi. Ancaq hesabı qoruyub saxlaya bilmədik. Qalib gələ bilsəydik, hər şey fərqli olardı. Qara zolağa düşmüşüksə, burdan birlikdə çıxmalıyıq. Gələcəyə nikbin baxırıq. İnanırıq ki, hər şey yaxşı olacaq.

- Nazim Süleymanovun istefa qərarını necə qarşıladın? Səncə, komandanın uğursuz çıxışının yeganə günahkarı baş məşqçi idi?

- Hər bir insanın özünün şəxsi fikri var. Biz ona hörmətlə yanaşmalıyıq. Nazim müəllimə gələcək karyerasında uğurlar arzulayırıq. Heç kimin boynuna qoya bilmərəm ki, uğursuzluq sırf sənə görə olub.

- Nazim Süleymanovun istefasından sonra səsləndirdiyi fikirlər böyük əks-səda doğurdu. Mütəxəssis mətbuata açıqlamasında üstüörtülü şəkildə də olsa, komanda daxilində bəzi futbolçuların ona qarşı olduğunu, bilərəkdən oynamaq istəmədiklərini söyləyib. Bu fikirlərə münasibətini bilmək istərdim...

- Nazim müəllimin fikirlərinə hörmətlə yanaşıram. Açığı, mən buna inanmıram. Çünki biz bir ailəyik, belə şey ömür boyu ola bilməz. 3-cü ildir “Sumqayıt”dayam. Təcrübəli futbolçu, komandanın ağsaqqalı kimi zərrə qədər də kimdənsə şübhəm yoxdur. Əksinə, məşqçinin kim olmasından asılı olmayaraq, hər zaman bir olub, “Sumqayıt”ın adı üçün oynamışıq. İnanmıram ki, Nazim müəllim belə bir şey desin. Bunlar hamısı cəfəngiyyatdır. Hamı özünü haqlı çıxarmaq istəyir. Bu, “Sumqayıt” ailəsinə yaraşmayan bir işdir. Klubun adına ləkə kimi səslənir. Nəsə varsa, bunu sübut etmək lazımdır. Belə şey ola bilməz. Ən böyük hakim Allahdır. Komandaya, oyunçulara, “Sumqayıt” ailəsinə başımla cavabdehəm.

- Bundan sonrası üçün nə düşünürsən? Baş məşqçi dəyişikliyi komandaya xeyir verəcəkmi?

- Yenə deyirəm, nə olursa, yaxşı olur. İnanıram ki, hər şey düzələcək. “Sumqayıt” bir ailədir, buna ruh lazımdır. Maşını düzgün idarə etsən, hər zaman düz gedəcək. Heyətdəki hər bir futbolçuya, onların təcrübəsinə cavabdehəm. Kimin gəlişindən asılı olmayaraq, bir ailə kimi komandanı vəziyyətdən çıxaracağımıza inanıram. Bu futbolçuların təmizliyinə, saflığına, birliyinə güvənirəm.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı