Qriqorçukun xanımı Qol.az-a danışdı: "... Qayıdacaq"

Qriqorçukun xanımı Qol.az-a danışdı: "... Qayıdacaq"
ÖLKƏ FUTBOLU 6 Noyabr 2018 / 15:52 6246
-  A +

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun həyat yoldaşı Alina Qriqorçuk Qol.az-a müsahibə verib. Ərinin "Astana"dan vaxtsız ayrılığının səbəbini açıqlayan ukraynalı xanım maraqlı fikirlər səsləndirib.

- Başlayaq həyat yoldaşınızın "Astana"dan gözlənilməz gedişindən. Hazırda Qazaxıstan klubunun baş məşqçisi kimdir: Roman Qriqorçuk, yoxsa Qriqori Babayan?

- Təbii ki, Roman. O, sadəcə qarşılıqlı razılıq əsasında şəxsi məsələlərlə bağlı komandanı tərk edib. Buna baxmayaraq, hazırda da "Astana"nın baş məşqçisi mənim ərimdir.

- İlk gündən bu ayrılığın səbəbləri haqda çox yazılır. Şəxsi məsələlər dedikdə konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Hər bir insanın özünə aid işləri, məsələləri olur. Məncə, indi bunu açıqlamağım düzgün olmaz.

- Siz şəxsi məsələ deyirsiniz, mətbuat isə başqa şey yazır. Qriqorçukun klub rəhbərliyi ilə aralarındakı fikir ayrılığına görə "Astana"nı tərk etdiyi iddia olunur...

- Normaldır. Çünki mətbuat sadəcə öz tapmacalarını və fərziyyələrini yazır.

- Bəs yaxşı, deyə bilərsinizmi, həyat yoldaşınız "Astana"dakı işinin başına nə vaxt qayıdacaq?

- Əlbəttə. Roman yeni mövsümün əvvəlində "Astana"ya qayıdacaq.

- Mövzunu dəyişək. Azərbaycan çempionatını, "Qəbələ"nin oyunlarını izləyirsiniz?

- Hə, ailəliklə "Qəbələ"nin oyunlarına baxırıq.

- Komanda Qriqorçukun gedişindən sonra qeyri-sabit çıxış edir...

- Düşünürəm ki, bu, müvəqqətidir. Çünki son oyunlarda yaxşı çıxış edirlər. İnanırıq ki, hər şey "Qəbələ" üçün uğurlu olacaq.

- "Astana" ilə məlum məsələdən sonra həyat yoldaşınız "Qəbələ"dən gedişinə təəssüflənmir?

- O, həyatda heç vaxt nəyəsə görə təəssüf hissi keçirmir.

- Bilirik ki, ailəliklə, xüsusilə də siz Bakını çox sevirsiniz. Maraqlıdır, əriniz "Qəbələ"dən ayrılmaq qərarına gələndə onu fikrindən döndərmək, Azərbaycandan getməmək üçün nəsə etdinizmi?

- Hə, həqiqətən Bakını çox sevirəm. İstefa vermək istədiyini biləndə bunun səbəbini ondan soruşdum. Amma Romanı da başa düşürəm. Bilirəm ki, məşqçi kimi daha böyük hədəflərə çatmaq vacibdir.

- Bakı üçün darıxırsınız?

- Bəli, həm Bakı, həm də Qəbələ üçün çox darıxıram. İnsanlarınız fərqli, qeyri-adidir. Mənim çox xoşuma gəlir. Bakının bənzərsizliyini, qədimliyini sevirəm. Bəlkə də bu şəhərdə minlərlə şəkilim var.

- Qriqorçuk "Qəbələ"dən ayrılarkən konkret səbəb açıqlamadı. Bəlkə siz deyəsiniz...

- Bu suala birmənalı cavab vermək çətindir. Hər bir klubun öz məqsədi və hədəfləri olmalıdır. Ən əsası isə odur ki, klubun hədəfləri ilə baş məşqçinin fikirləri üst-üstə düşsün. Ümid edirəm ki, biz nə vaxtsa yenidən Azərbaycana gələcəyik.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın