"Neftçi"ni öz silahı ilə vurmaq lazımdır" - Tərlan Əhmədov

"Neftçi"ni öz silahı ilə vurmaq lazımdır" - <b style="color:red">Tərlan Əhmədov</b>
MÜSAHİBƏ 31 Oktyabr 2018 / 22:09 4095
-  A +

“Bacardığımız qədər çalışdıq ki, müdafiədə səhvsiz oynayaq və rəqibi əks-hücumlarda tutaq. İlk hissədə istədiyimizi edə bilmədik. Amma fasilədən sonrakı epizodlarda qələbə də qazana bilərdik, məğlub da ola bilərdik. Qol buraxandan sonrakı mübarizə məni sevindirdi. İstək var idi. Qarşıda beş tur var. “Qarabağ”dan bir xal almışıq və ədalətli nəticə də heç-heçə idi. Bu heç-heçə bizə motivasiya verir, üç gündən sonrakı matça bizi daha aqressiv edir. Qarşıdakı beş görüşdə daha baxımlı oyun keçirmək və nəticə qazanmaq istəyirik”.

Qol.az-ın məlumatına görə, bunu “Keşlə”nin yeni baş məşqçisi Tərlan Əhmədov evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının 7-ci turundan təxirə salınmış görüşdən sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Sizin üçün ikiqat motivasiya var?

- Həyat belədir, bir gün orda, bir gün burda. Mənim üçün önəmli olan tək “Neftçi” deyil. Bizi çempionatda 19 tur gözləyir. Təkcə “Neftçi”ni düşünsəm, o biri matçları unudaram. Həyatda hər şeyi unuduram. İntiqam hissi ilə yaşamaq insanı kiçildir. Olanlar keçmişdə, tarixdə qaldı. Sadəcə, qarşıdakı görüşə 3 xal üçün çıxacağıq.

- Bunu uğurlu start saymaq olar?

- 3 xal olsaydı, uğurlu start olardı. Heç-heçə də pis deyil. Hər qazanılan xal qızıl xala bərabərdir. Xüsusən də liderlərə qarşı. Mən 1-2 oyun üçün söz verib bura gəlməmişəm. Məşqçinin işi mövsümün sonunda ortaya çıxır. Bu gün də öz sistemimizi ortaya qoymağa çalışdıq. Uğurlu da saymaq olar, uğursuz da. Amma mən uğurlu sayıram.

Matçın sonlarında 4-lü müdafiəyə keçdiniz. Bu nə ilə bağlıdı?

- Xeyr, sistemi dəyişmədik. Sadəcə, Azəri çıxardıb, Slaviki ora keçirdik. Fikrim var idi ki, hücumu gücləndirmək üçün 4-lü müdafiəyə keçim. Amma Azərin zədələnməsi buna gətirib çıxartdı.

- Samir Məsimovun qırmızı vərəqə epizodunda narazılığınız kimə idi?

- Samirin özünə. Hakim qərarını dəyişmir. Onunla mübahisəyə ehtiyac yoxdur. Dördüncü hakimə də bildirdim ki, bilərəkdən olmayan epizoddur. Artıq vərəqəni vermişdi, etiraza gərək yox idi.

- Oyun planında çatışmayan cəhətlər nə idi?

- Çox şey var. Hücumda yaradılan qol epizodlarının az olması məni narahat edir. Komanda topa çox sahib ola bilmir. Yerdəyişmələr, bir-birini sığortalamalar ürəyimcə deyil. Bunlar bir günə yox, zamanla düzəlir. Ən ciddi narahatlıq az qol epizodu yaratmağımız oldu.

- Samirin qırmızı vərəqə alması sizə çətinlik yaratmayacaq?

- Hər bir futbolçu önəmlidir. Amma bunu ciddi itki kimi qəbul etmək istəmirəm. Bu baş veribsə, ən yaxşı alternativdən istifadə edəcəyəm.

- Açıq futbol oynayan “Qarabağ”dan xal aldınız. Qapalı futbol göstərən “Neftçi”yə qarşı necə olacaq?

- Bunu indi açıqlaya bilmərəm. Çünki rəqibə bütün siqnalları verə bilmərəm. Rəqibi öz silahı ilə vurmaq lazımdır. Rəqibin bizə nə hazırladığını bilmirəm. Amma biz də analiz edib, meydana 3 xal üçün çıxacağıq. Düşünürəm ki, bugünkündən bir az da maraqlı oyun izləyəcəksiniz. Bu 1 xal da bizə əlavə motivasiya verəcək.

- Cinah asmalarına çox üstünlük verirdiniz. Amma bunun 99 faizində top rəqib müdafiəçilərinə çatırdı. Vaqif Cavadovu meydana buraxmamağınızın səbəbi nə idi?

- Mənə cinahda əzmkar, cinahı bağlayan futbolçu lazım idi. Çatışmayan cəhətimiz az qol vurmağımızdır. Futbolda 90 faiz qol cinah ötürməsindən vurulur. Bizdə də belə bir problem var. Keçmiş oyunları analiz etmişəm. Oyunun gedişində hiss edirdim ki, hansısa məqamda nəsə ola bilər. Vaqif topla oynamağı sevən futbolçudur. “Qarabağ”la görüşdə bu, bizim ziyanımıza ola bilərdi. Amma qarşıdakı matçlarda ona şans veriləcək.

- Elnur Cəfərov hardadır?

- Dünən komandaya qoşulmuşam. O, sabah əvəzedici heyətlə meydana çıxacaq. Yığmanın oyunları ilə əlaqədar fasilə yaranacaq. Həmin vaxt dəvət edib yoxlayacağıq.

- Zaur Axundov qarşınıza konkret avrokubok hədəfi qoyubmu?

- Ötən il də “Keşlə” avrokubokda iştirak edib, uduzub. Bütün komandalar bunu arzulayır. Mən də komandamın liderlər sırasında yer almasını istəyirəm. Zaur müəllimlə söhbətdə də bunu müzakirə etdik ki, hər şey mümkündür. O hədəfə çatmağa çalışacağıq. Hələ ki, çempionat oyunlarını fikirləşirik. Deyirlər ki, avrokuboka ən yaxın yol kubokdan keçir. Niyə də olmasın? Komandanın bu potensialı avrokuboka çıxmağa imkan verir.

- Bu yaxınlarda bir söhbətdə demişdiniz ki, gözləyirəm, kiminsə quyruğu qapı arasında ilişsin. “Keşlə”nin ayağı qapı arasında ilişib?

- Mən bu sözü heç vaxt deməmişəm (gülür). Sadəcə, “dincəlirəm” demişdim. Demişdim ki, kimin vəziyyəti ağır olacaq, yəqin ki, dəvət olunacaq. İki klub belə durumda idi. “Zirə”yə Samir Abasov yeni getmişdi. Heç “Keşlə”dən də gözləmirdim. Çünki baş məşqçi təzə gəlmişdi. Birdən-birə bu məsələ ortaya çıxdı (Report).

 

Daha çox


Son xəbərlər
12.11.18  16:55

"Real"da ciddi itkilər

12.11.18  12:34

Riberi jurnalisti vurdu

12.11.18  02:00

PSJ-dən darmadağın

12.11.18  00:24

"Vorskla" yenə uduzdu