“Hələlik milli komanda barədə düşünmürəm” – Bəxtiyar Soltanov

“Hələlik milli komanda barədə düşünmürəm” –  Bəxtiyar Soltanov
MÜSAHİBƏ 29 Oktyabr 2018 / 12:14 3463
-  A +

“Sabah”ın hücumçusu Bəxtiyar Soltanov Topaz Premyer Liqanın 9-cu turunda “Zirə”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra Qol.az-a müsahibə verib. Komandanın çıxışını dəyərləndirən təcrübəli futbolçu yenidən Premyer Liqada oynamasından da danışıb.

- “Zirə” ilə görüşdə hər hissənin əlavə olunmuş dəqiqələrində qol vurub, qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsən?

- Görüş ilk dəqiqədən bizim üçün ağır başladı. Oyunumuz alınmırdı. Amma komandamız əzmkarlıq göstərdi, var-gücünü ortaya qoyub qələbə qazandı. Bu münasibətlə hamını təbrik edirəm. İnanıram ki, bundan sonrakı matçlarda da maksimum nəticə üçün əlimizdən gələni edəcəyik.

- “Zirə” sizdən üstün oynadı, qol epizodları da daha çox idi. Bu mənada, səncə, qələbəyə layiq idiniz?

- Düzdür, kənardan baxanlar da gördü ki, “Zirə”nin qol epizodları çox idi. Udulası oyun deyildi. Buna baxmayaraq, şükürlər olsun, qələbə qazandıq. Hardasa bəxtimiz də gətirdi. Ümumiyyətlə, futbolda bəxt amili gözəl şeydir.

- Mövsümün əvvəlində “Sabah”ın yuxarı pillələr uğrunda mübarizə aparacağını desəydilər, inanırdın?

- Düzdür, inanmazdım. Çünki yeni yaranan komandayıq. Amma futboldur, bilmək olmur. Əsas odur ki, komandada hər şey yaxşıdır. Oyunlar da istədiyimiz kimi keçir deyə heç bir problem yoxdur. Rəhbərlik tərəfdən də hər şey yüksək səviyyədədir.

- Bir neçə il aşağı dəstə klublarında çıxış etdikdən sonra Premyer Liqada oynayırsan. Əvvəlki müsahibələrində də demişdin ki, bu qayıdışı arzulayırsan. Yenidən burada olmaq necə hissdir?

- Çoxdandır bu ab-havanı yaşamırdım. Yenidən Premyer Liqaya qayıtdım. Mənim üçün burada çıxış etmək, mübarizə aparmaq xoşdur. Bir neçə il yüksək liqada oynamağa çalışacağam. Sağ olsunlar, dəvət ediblər, hamısına təşəkkür edirəm. Ümidlərini doğrultmaq istəyirəm.

- Milli komandaya çağırılmaq barədə necə, düşünürsənmi?

- Açığı, yox. Çünki hələlik ancaq klubum barədə düşünürəm. Burada özümü sübut etdikdən sonra milli haqda fikirləşmək olar.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord