“Bu "qələbə"lər nə "Allahın hədiyyə"sidir, nə də hakimlərin günahı” - ekspertlər danışır

“Bu "qələbə"lər nə "Allahın hədiyyə"sidir, nə də hakimlərin günahı” - ekspertlər danışır
ÖLKƏ FUTBOLU 22 Oktyabr 2018 / 17:21 4121
-  A +

Topaz Premyer Liqanın son turunun “Səbail”lə oyununda (1:0) adı sifariş ərizəsində olmayan futbolçunu (Abbas Hüseynov) meydana buraxan “Qarabağ”a texniki məğlubiyyət veriləcək.

Cəmi 8 tur keçməsinə baxmayaraq, bu, mövsüm ərzində artıq ikinci belə hadisədir. Dördüncü turda “Zirə” də təxminən bənzər hadisənin qurbanı olub. Yeganə fərq ondadır ki, “qartallar” həmin görüşdə yaş limitini pozmuş, turnirin reqlamentinə əsasən, protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil etməmişdi. Maraqlıdır ki, hər iki komanda “Səbail”lə oyunlarda səhvə yol verib. Təbii ki, peşəkar klub üçün belə yanlışlıq yolverilməzdir. Düzdür, bu, texniki səhv də ola bilər. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə sözügedən oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, bu məsələdə hakimlər də diqqətli olmalıdırlar. O, həmçinin sifariş ərizəsində 23 futbolçunun adının yazılmasının da qarışıqlığa səbəb olduğunu söyləyib.

Azərbaycan futbolunda ölkədaxili matçların protokoluna 18 yox, 23 oyunçu daxil etmək ideyası Vaqif Sadıqovun başçılıq etdiyi Məşqçilər Komitəsinə məxsusdur. Məhz bu komitənin təklifi ilə ötən ilin yayında hazırkı qərar təsdiqlənib və 2017-2018 mövsümündən etibarən tətbiq olunmağa başlayıb. Elə bu səbəbdən məsələylə bağlı öncə V.Sadıqovla əlaqə saxladıq.


Vaqif Sadıqov

Məşqçilər Komitəsinin sədri bildirdi ki, səbəbkarlar günahı başqa yerdə yox, özlərində axtarmalıdırlar. O, bu addımın sırf gənc futbolçuları motivasiya etmək üçün atıldığını vurğulayıb: “Bütün dünya sifariş ərizəsinə 23 nəfərin adını yazır və heç bir problemlə üzləşmir. Bizdə isə bundan yeni istifadə olunur. Necə olur ki, əvvəllər belə şey olmurdu, bu mövsüm problem çıxır? Hər işə bir az məsuliyyətli, ciddi yanaşmaq, cavabdehlik hiss etmək lazımdır. Onda hər şey qaydasında olacaq. Heyf ki, bu sualı 3 ildən sonra verirsiniz. Bir şeyi yaddan çıxarmayın ki, Məşqçilər Komitəsinin tövsiyələri Klublar Komitəsində klub rəhbərləri tərəfindən qəbul olundu. Daha sonra isə İcraiyyə Komitəsinin iclasına çıxarıldı və təsdiqləndi. Klub rəhbərlərindən niyə bu təklifə “hə” dediklərini soruşsanız, onda cavabını da taparsınız. Bunu ona görə etdik ki, hər bir futbolçuya şans verək. Həmin vaxt əvəzedicilərin çempionatının oyunlarını da Premyer Liqa matçlarından bir gün sonraya keçirməyi tövsiyə edirdik. Gənc futbolçuların motivasiyasını artırmaq istəyirdik. Hamısı bundan irəli gəlirdi. Ən vacibi odur ki, bu, tək Azərbaycanda yox, dünya təcrübəsində həyata keçirilən addımdır. Heyf ki, lazım olan nöqtəni tapmırıq, problemi başqa yerdə axtarırıq. Əgər bu, futbolumuza xeyir vermirsə, klub rəhbərləri niyə razılıq verirdilər? İndi isə səbəbkar axtarırlar. Biz ilk növbədə özümüzü dəyişməliyik. Bundan sonra hər şey yaxşı olacaq, qaydasına düşəcək. Burada söhbət işə peşəkar yanaşmadan gedir. Hansısa vəziyyətdən asılı olaraq, texniki səhv baş verə bilər. Amma bu, tək-tük hallarda olur. Hamımız məşqçi işləmişik. Ona görə də tövsiyə verəndə öz təcrübəmizdən istifadə edirik. Bütün dünyanın istifadə etdiyi təcrübəni tətbiq etdik ki, gənc futbolçular şans əldə etsinlər. Tez-tez danışırıq ki, milli komandaya cavan oyunçuları cəlb etməklə onları yaxşı motivasiya edə bilərik. Bu yolla onlar gələcək üçün yaxşı şans əldə edirlər. Heç də pis təklif deyildi. Heyf ki, bu cür səbəblərdən komandalara texniki məğlubiyyət verildi. Yenə deyərəm, bu, ayrı-ayrı səbəblərdən də ola bilər. İlk növbədə səhvi özümüzdə axtarmalıyıq. Bundan sonra çıxış yolu da tapmaq asan olur”.

“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov isə deyir ki, burada məsuliyyəti birbaşa klub daşıyır: “Tək bu mövsüm deyil, son 10-15 ildə texniki məğlubiyyətlər U-21, klub səviyyəsində Avropa yarışlarında da baş verib.



Tahir Süleymanov

Hamının nəzəri Premyer Liqadadır, ümumi futbola baxsaq, texniki məğlubiyyətlər Azərbaycan futbolunda epidemiya halını alıb. Bu da sistemdə, təşkilatçılıqda, idarəçilikdə olan qüsurların nəticəsidir. Premyer Liqa həvəskarlar, uşaq futbol liqaları deyil, ölkə futbolunda ən üst mərhələ sayılır. Yanaşma, tələblər tam fərqli olmalıdır. Tək kağız üzərində lisenziyalaşdırma tələbləri ilə bitməməlidir. Çempionat oyunları canlı yayımlanır, ictimai nəzarət var, hər matçdan sonra mətbuat konfransları, hər turdan sonra təhlillər aparılır. Belə durumda məsuliyyət, işə yanaşma liqanın, klubların adına uyğun peşəkar səviyyədə olmalıdır. Sirr deyil ki, bir çox klubda çalışanlar futbol qaydalarını dərindən bilmirlər. Digər tərəfdən hər bir peşəkar klubda onlarla, hətta yüzlərlə öz sahələrinə cavabdeh insanlar çalışır. Klub/komanda anlayışı hələ Azərbaycanda tam formalaşmayıb. Çoxu klubu baş məşqçi, köməkçilər, futbolçulardan ibarət bilirlər. Bu da futbolda, klublarda təsadüfi şəxslərin çox olmasından irəli gəlir. İstər ümumi təşkilati, istərsə klub səviyyəsi strukurlarında boşluqlar çoxdur.

Hər bir çempionatın, birinciliyin öncədən təsdiq olunmuş əsasnaməsi olur və buna uyğun da yarışlar keçirilir. Nəzarət başqa, məsuliyyət başqa. Hakimlər oyundan əvvəl prosedur qaydalarına uyğun protokola nəzarət edirlər, komandaların heyətlərinin tam məsuliyyətini isə rəsmi imzaları ilə klublar daşıyırlar.  Çempionlar Liqası, Avroliqada hakimlər tərəfindən oyunçuların "futbolçu vəsiqəsi" yoxlanılmır. Çünki bu "vəsiqə"yə ümumiyyətlə ehtiyac duyulmur. Hər yarışdan öncə qaydalara uyğun sifariş vərəqi təqdim edilərək təsdiq olunur və  məsuliyyət tam olaraq klubların üzərindədir. Bir daha xüsusi vurğulayıram, Premyer Liqa həvəskarlar və uşaq liqaları deyil.

22 futbolçu sifariş vərəqinə yazılıb, texniki zonada protokola uyğun futbolçu sayı çox olub. Texniki məğlubiyyət qaçılmazdır. Klubun günahı ilə yanaşı texniki zonada hakimlər futbolçu sayına nəzarət etmədiklərinə görə də cəza almalıdırlar.

Protokola 23 futbolçunun adının yazılması daha çox dünya, Avropa və digər yığcam halda keçirilən yarışlarda effeklidir. Bu tipli yarışlara komandalar tam heyətlə gedir, məskunlaşır, oyunlara hazırlaşırlar. Uzun marafonda buna bir o qədər ehtiyac olmaya da bilər. Bununla yanaşı, sistemin tətbiq edilməsində qəbahətli bir iş yoxdur. Əksinə, klubların seçim imkanı çoxalır. Məsuliyyətlə yanaşı qaydaları bilmək lazımdır. Heç bir kluba məcbur edilmir ki, 23-lük tam olaraq protokola yazılsın. Nəinki 18-lik, 11-lik, komandanın protokola 8-9 futbolçunu qeyd edib oyuna çıxmaq hüququ var.

Baş məşqçinin matça hazırlığına uyğun 18-19 futbolçunun protokola yazıması da yetərlidir. Əgər klub hansısa futbolçudan istifadə etməyəcəksə, protokolu 23-lüklə doldurmağın da mənası yoxdur. Bir daha qeyd edirəm, təçkilatçılar tərəfindən bunun tətbiq edilməsi heyət baxımından komandaların manevr imkanlarını çoxaldır. Yararlanmaq isə klublardan asılı məsələdir”.

T.Süleymanov deyir ki, son oyunla bağlı hakimləri tənqid etmək doğru olmaz: protokola 22 futbolçunun adı qeyd edilib və protokol otağında klub nümayəndələri ilə yoxlamadan keçirilib. Belədə hakim nə etməlidir? Klubun işinə qarışmalıdır ki, niyə hansısa futbolçunu protokola qeyd etmirsiz?!

Texniki zonaya nəzarətə gəlincə isə, hakimlərin bununla bağlı xüsusi instruksiyası mövcuddur və buna uyğun da hərəkət edirlər. Hətta protokolda olmayan futbolçunun meydana buraxılmasını hakim görüb bilsə və oyunda, canlı yayımda qarşısını alsa,  birbaşa matçın son nəticəsinə müdaxilə olar və sanki eyni anda rəqibin qapısına 5 penalti təyin etmiş kimi sayılar. Oyun ərzində hakimlər tərəfindən texniki məğlubiyyətin qarşısının alınması birbaşa kluba kömək deməkdir! Hakimlərin səhvlərinə klublar cavabdehlik daşımadıqları kimi, klubların da səhvlərinə görə hakimlər məsuliyyət daşımırlar. Bu tipli məsələlər feyr-pley qaydalarından da kənardır. Hakimlər texniki zonada əyləşmiş futbolçuları üzdən tanımaq məcburiyyətində də deyillər. Ancaq ümumi saya nəzarət etməlidirlər. Peşəkar klublarda çalışanlar Azərbaycan şərtlərinə uyğun çox böyük məvaciblər alır, təmin edilirlər. Buna uyğun da iş qurulmalıdır. Artıq kütləvi hal alırsa, bu tək "Qarabağ", "Zirə", "Neftçi" və ya digər klublardan çox, ümumi futbolda baş verən çəkişmələrin, futbola yanaşmanın nəticəsidir.

Klublarda isə məsuliyyət, nəzarət, idarəçilik sistemi elə qurulmalıdır ki, ardıcıllıq itməsin. Baş məşqçi, futbolçuların bir problemi olmalıdır - meydanda qələbə qazanmaq. Onların fikiri yayınmamalıdır. Bunun üçünsə klub sistemi mükəmmələ yaxın olmalıdır. Səhvlərdən heç kim sığortalanmayıb, peşəkarlıqda səhlənkarlığa isə yol yoxdur. Komandalar belə "xırda" məsuliyyətsizliklərə görə layiq olduqları, qazandığı xallardan məhrum olmamalıdır. Rəqiblərin "qələbə"ləri nə "Allahın hədiyyə"sidir, nə də hakimlərin günahı. Əgər böyük futbol istəyiriksə, yenidən qruplarda çıxış etmək, millimizi finallarda görmək arzusundayıqsa, tək klublarda deyil, ümumi futbolda da peşəkarlıq səviyyəsi qalxmalıdır”.

Elnur SALAHOV
Qol.az

Daha çox


Son xəbərlər