Rəşad Sadıqovlu U-21-dən nə gözləyək? – Mütəxəssislərin rəyi

Rəşad Sadıqovlu U-21-dən nə gözləyək? – Mütəxəssislərin rəyi
ÖLKƏ FUTBOLU 17 Oktyabr 2018 / 15:11 2607
-  A +

21 yaşadək futbolçulardan ibarət yığmamız dünən Avropa çempionatının seçmə mərhələsindəki çıxışına yekun vurdu. Səfərdə Norveçlə heç-heçə (1:1) oynayan Rəşad Sadıqovun başçılıq etdiyi komanda turniri qələbəsiz və sonuncu sırada başa vurdu. Əsas millinin özəyini təşkil edən U-21-in seçmə mərhələdəki çıxışını dəyərləndirmələri üçün mütəxəssislərə müraciət etdik. Sualı da belə qoyduq ki, “bu komandadan nə gözləmək olar?”.



“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov nəticənin ürəkaçan olmadığını bildirsə də, oyun planında müsbət irəliləyişlərin olduğunu dedi:
“U-21 iki mərhələdən ibarət oldu. Yığmaya əvvəl Yaşar Vahabzadə başçılıq etdi. Yaxşı da başlamışdı. Amma sonradan uğursuzluq oldu deyə müəyyən dəyişikliklərə əl atdı. Sonra isə Rəşad Sadıqov gəldi. Ona görə də həm oyun, həm də heyət baxımından dəyişikliklər oldu. Amma son oyunlar göstərdi ki, komandada perspektiv hiss olunur. Baş məşqçinin özünün də dediyi kimi, son oyunları gələn seçmə mərhələ üçün düşünürdü. Risk də olsa, nəticə düşünmədən daha azyaşlı futbolçulara şans verdi. Bu, növbəti seçmə mərhələdə iştirak edəcək futbolçular üçün təcrübə baxımından faydalı oldu. Nəticə sarıdan isə adət etdiyimiz son pillələrdəyik. Ümid edirəm ki, növbəti seçmə mərhələlərdə belə olmayacaq. Onların arasında yaxşı futbolçular var ki, öz üzərilərində işləsələr, əsas milliyə düşə bilərlər. Qurban Qurbanov da daim onları diqqət mərkəzində saxlayacaq. Məncə, bundan daha yaxşı stimul ola bilməz. Hər biri A milli üçün özlərini yaxşı tərəfdən göstərəcəklər. Bəhlul Mustafazadə, Fəhmin Muradbəyli kimi futbolçular əsas millidə oynaya biləcək gücdədilər. Eləcə də digərləri. Bu, elə yaş dövrüdür ki, həmin futbolçular mütləq öz klublarının heyətində çempionatda çıxış etməlidirlər. Onsuz da bizdə seçim azdır”.

U-21 yığmamızın sabiq məşqçisi Samir Ələkbərov isə hesab edir ki, Rəşad Sadıqovun gəlişindən sonra komandada elə ciddi dəyişiklik olmayıb: “Artıq seçmə mərhələ başa çatdı. Bəzi futbolçuların 21 yaşı tamam oldu. Daha onlardan nə gözləyək? U-23 də yoxdur ki, orada iştirak etsinlər. Qələbə qazanmamağımıza, az xal toplamağımıza baxmayaraq, aralarında yaxşı futbolçular var. Gələcəkdə əsas millidə oynaya bilərlər. Ad çəkmək doğru olmaz. Ancaq Mahir Mədətov, Ramil Şeydayev var idi ki, hazırda A millidə çıxış edirlər. Fəhmin Muradbəyli, Qismət Alıyev, Bəhlul Mustafazadə, Budaq Nəsirov kimi oyunçuların da üzərindən xətt çəkməyək. Öz klublarında inkişaf edib milli komandaya yüksələ bilərlər. İtib-batan futbolçular günahı özlərində axtarsınlar. Elə yaş qruplarımız olub ki, seçmə mərhələdə zəif oynayıblar, amma o komandadan çıxan futbolçular öz karyeralarına davam ediblər. Mən komandanın içində olmadığım üçün müşahidə etmək üçün nəyisə güdməmişəm. Oyunlarına baxmışam, ancaq böyük bir fərq görməmişəm. Rəşad Sadıqov da eyni ssenari ilə öz işini davam etdirir. Əsas gücü növbəti seçmə mərhələyə vermişdi. Əlinin altında hazır futbolçular olacaq. Rəşadın fərqi ondadır ki, futbolçuları tanıyır. Gələn mərhələ üçün komandanı yığmaq asan olacaq. O, komanda ilə yaxşı nəticələr əldə edə bilər. Amma Yaşar müəllimin vaxtında mən də orda idim, inanırsınız, heç kim oynamırdı. Sonradan yaş limiti çıxardılar. Bundan sonra oynamağa başladılar, biz də onları gördük. Belədə seçim etmək asandır.  Şəxsən mən bu yaş qrupunu tanımırdım”.

Futbol meneceri Erkin İbrahimov isə Rəşad Sadıqovun U-21-in sükanı arxasında olmağını böyük üstünlük kimi görür və hazırkı komandaya böyük ümid bəsləyir: “Məncə, bu yaşda uşaqların təkcə Rəşad Sadıqov kimi taktika və psixologiyanı yaxşı bilən məşqçiyə deyil, həm də həyatda onlara yol göstərə biləcək bir qardaşa, böyük dayağa ehtiyacları var. Bizim oyunçular bəzən futbolda da öz dost-tanışlarının, ailələrinin köməyi ilə fayda verirlər. Bu isə heç də həmişə düzgün olmur. Bu baxımdan Rəşad Sadıqov istər futbol oynayarkən, istərsə də məşqçi kimi daim ətrafındakılara nümunə olub. Rəşad Azərbaycanda futbolçu adını və dəyərini müsbətə doğru dəyişən adamdır. Çünki əvvəllər elə hesab olunurdu ki, yerli futbolçular əhli-kefdirlər, ciddi adam deyillər, yalandan pul alırlar. Rəşad isə öz davranışı, personası ilə bu streotipi dağıtdı. O ki qaldı U-21-in çıxışına, hamı hər şeyi gördü. İstər İsrail, istərsə də Norveçlə matçlarda komanda hücum futbolu oynamağa çalışırdı. Səfərdə Norveçə qarşı hücum futbolu oynaya bilməzsən, məşqçi kim olur-olsun, Azərbaycan futbolunun hazırkı durumu buna imkan vermir. Ancaq ev matçlarında komanda düşünülmüş, baxımlı oyun göstərirdi. Komanda şəklində pressinq edir, topu özündə saxlayır, onu itirəndə isə birlikdə rəqibə təyiq göstərib, geri almağa çalışırdılar. Bütün bunları Azərbaycan futbolunu izləyən mütəxəssislər də görür. Çox vacib amildir. Futbolçularda sanki özünəinam artıb. Bu da əvvəldə dediyim Rəşad Sadıqov xarakterindən irəli gəlir. Futbolçular məşqçiyə inanmalıdır. Həm məşqçi, həmdə insan kimi onu bəyənməlidirlər. Hiss etməlidirlər ki, ondan nəsə öyrənə bilərlər. Diqqətlə izləyənlər görə bilərlər ki, Sadıqov daha çox 1998-1999 təvəllüdlü uşaqlara şans verirdi. Bunlar gələn seçmə mərhələdə oynamaq hüququna malik olacaqlar. Gənc futbolçular səhv edə-edə artırmalıdırlar. Səhvsiz insan olmur. Rəşadın gəlişindən sonra çox şey dəyişib. Əsas  odur ki, futbolçular özlərinə inanır, komanda şəklində oynayırlar və kollektivdə gözəl atmosfer var. Deyərdim ki, son 20 ildə Azərbaycan futbolu üçün ən uğurlu qaynaqlardan biri, bəlkə də birincisidir”.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı