“Oynamamağım məni qəzəbləndirir” – Bəhlul Mustafazadə

“Oynamamağım məni qəzəbləndirir” – Bəhlul Mustafazadə
ÖLKƏ FUTBOLU 12 Oktyabr 2018 / 18:15 2962
-  A +

“Oyuna yaxşı hazırlaşırıq. Əsas məqsəd əvvəlki matçdakı səhvləri təkrarlamamaqdır”.

Qol.az-ın məlumatına görə, bu sözləri U-21 yığmamızın kapitanı Bəhlul Mustafazadə deyib. Avropa çempionatının seçmə mərhələsinin Norveçlə səfər oyunu öncəsi jurnalistlərin suallarını cavablandıran müdafiəçi qələbə qazanmaq arzusunda olduqlarını söyləyib: "Əslində keçən oyun yaxşı çıxış etmişdik. Sadəcə, müəyyən səhvlər oldu ki, bu da məğlubiyyətə gətirib çıxardı. İnanıram ki, Norveçdən yaxşı nəticə ilə qayıdacağıq”.

Son vaxtlar “Qəbələ”də heyətə düşə bilməyən futbolçu bunun özünü daha da motivasiya etdiyini bildirib: “Oynamamağımla bağlı baş məşqçi ilə heç bir söhbətim olmayıb. Bu amil məni həvəsdən salmır, əksinə, daha da motivasiya edir, belə deyim, qəzəbləndirir. Ona görə də çalışıram ki, özümü sübut edim və növbəti oyunlarda meydana çıxım”.

Yaş limitinə görə gələn ildən U-21-dəki çıxışını başa vuracaq Mustafazadə əsas hədəfinin A milli olduğunu vurğulayıb: “Hamımız burda oynaya-oynaya əsas milliyə keçməyə çalışırıq. Bu, bizim üçün daha böyük addımdır. Əsas hədəf A millidir. Bundan sonra ən qısa vaxtda tam hazır olub, ora dəvət almaq istəyirəm”.

Qeyd edək ki, oktyabrın 16-da keçiriləcək Norveç – Azərbaycan oyunu Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər