“Demişəm, ya məşqçiləri ilə danışsınlar, ya klublarını dəyişsinlər” – Rəşad Sadıqov

“Demişəm, ya məşqçiləri ilə danışsınlar, ya klublarını dəyişsinlər” – Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 12 Oktyabr 2018 / 17:58 5120
-  A +

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov oktyabrın 16-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Norveçlə oyun öncəsi mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə qarşıdakı matçla bağlı fikirlərini bildirib.

- Nəticə baxımından qrupda hər şey istədiyimiz kimi olmadı. Norveçə qarşı son oyundur. Yaxşı əhval-ruhiyyədə oyuna hazırlaşırıq. Norveçin gücü bəllidir. Çətin oyun olacaq. Amma bizim də öz məqsədlərimiz var. Oyuna inamla hazırlaşırıq.

- Səfər planı necədir?

- Federasiya rəhbərliyindən üç gün əvvəldən səfərə getməyimizi xahiş etdik. Orada iki gün məşq edəcəyik. Möhkəm yorğunluq olacaq. Oyunda fiziki durumumuzun yaxşı olmağını istədik.

- Norveçlə Bakıda bacarmamışdıq. Səfərdə nəyə ümid edirik?

- Əsas odur ki, rəqibə öz oyununu oynamağa imkan verməyək. Son anadək eyni istəklə keçirmək istəyirik. Bu gün komanda ilə birlikdə Norveçlə oyuna baxırdıq. Nə oldusa, Bakıda ikinci hissənin beş dəqiqəsində oldu. Diqqətli oynamalıyıq, çəkinməməliyik. Dəyişiklərimiz də olacaq, çalışırıq, bunu komandaya yansıdaq. Ən vacibi o olacaq ki, 5-6 gənc oyunçumuz oynayacaq.  Onların yaxşı təcrübə qazanması vacib amil olacaq.

- Millidəki futbolçuların problemi daim oynamamısıdır?

- Yenə də məni qane etmir. Ən böyük problem də yynamamaqları ilə bağlıdır. Ziya, Ozancan Kökcü, Barış klubunda oynamır. Onlar növbəti seçmə mərhələdə ümid bəslədiyim futbolçulardır. U-20-nin oyunları zamanı da onlara daim şans verirdim. İndi klublarında oynamamaları mənə böyük problem yaradır. Bununla bağlı hər biri ilə ayrılıqda söhbətim olub. Demişəm ki, qışdan sonra maksimum çalışıb oynamaq lazımdı. Ya məşqçiləri ilə danışsınlar, ya klublarını dəyişsinlər. Əgər “18-liy”ə belə düşməyəcəklərsə, başqa kluba keçsinlər. Onların oyunu mənim üçün çox önəmlidir. Belə vəziyyətdə digər komandalarla rəqabət apara bilmərik. 50-60 dəqiqə oynaya bilərsən, 90 dəqiqə eyni formada mübarizə aparmağımız mümkün deyil. Əgər heyətində 4-5 nəfərin oyun praktikası yoxdusa, komandanın tempi mütləq düşəcək. Beynəlxalq matçlarda isə rəqiblər daha yüksək tempdə oynayırlar. Bizim də fiziki cəhətdən optimal formada olmağımız şərtdir.

- Əlaqələri işə salıb həmin futbolçuları Türkiyə, Rusiya və ya Azərbaycana gətirmək mümkündürmü?

- Ümumiyyətlə, növbəti seçmə mərhələnin komandasını çox diqqətlə izləyirəm. Həm bu, həm də növbəti tsikli düşünürəm. Daim fikrimdə gələn tsikldi. Futbolçuların özləri ilə, klubları ilə danışıram. Hələ vaxtımız olduğu üçün heç kimi sıxmıram. Amma planımda var ki, qışdan sonra hansı komanda olursa-olsun, oynasınlar. Çünki oynamadıqdan sonra burda 5 gün hazırlaşdıraq, 100 taktika seçək, ümidimiz yalnız şansa qalacaq. İndiki vəziyyətdə oyun qurmaq, dominantlıq etmək çox çətin olar.

- Qrupda son oyundur və heç bir iddia qalmayıb. Belə bir məqamda futbolçuları necə kökləyə bilirsiz?

- İlk növbədə Azərbaycanı təmsil edəcəyik. Bu özü motivasiya olmalıdı. İstər yoxlama görüşü, istərsə də seçmə mərhələdə sonuncu pillədə olsun, fərqi yoxdur. O formanı 1 dəqiqə də geyinmək futbolçu üçün motivasiya olmalıdır. Üstəlik, özünü yaxşı tərəfdən göstərə bilərsən. Bilirlər ki, əsas millinin baş məşqçisinin də üzərlərində böyük diqqəti var. Açığı, yığmamızın baş məşqçisi dəfələrlə olub ki, 5-6 oyunçu haqda detallı məlumat istəyib. Qurban müəllim hətta məşqləri də gəlib izləyib. Hər bir oyun futbolçular üçün şansdı. Bir çoxları üçün son matçdır. Çalışıb özlərini yaxşı tərəfdən göstərməlidilər ki, noyabrdan əsas milliyə çağırılsınlar.

- Noyabrda yoxlama görüşü keçirmək planınız varmı?

- Bəli, Ukrayna yığması ilə Bakıda qarşılaşacağıq. Daha bir komanda ilə oynamaq istəyirdik. Amma son anda ləğv etməli olduq. Çünki hamı düşünür ki, dekabrdakı püşkatmanı gözləyək, eyni qrupa düşməsək, qarşılaşarıq. Güclü komandalardan biri ilə oynamağa çalışırıq. Serbiya, Xorvatiya ilə danışıqlarımız gedir. Bunda Robert Prosineçki də bizə kömək edir. Növbəti seçmə mərhələyə qədər yaxşı qrafiq cızmaq istəyirik. Yalnız uşaqların klublarında oynamaları qalır.

- Renat Dadaşovun milliyə çağırılmaması nə ilə əlaqədardır? Paşinyanın şəklini bəyənməsi bu məsələdə rol oynadı?

- İlkin siyahımda o var idi. Adını sonradan çıxardım. "Like" məsələsinə görə deyildi. Mənə 14-ü, 19-u oyunu olduğunu dedi. O oyunlarda oynamaq istədiyini gördüm. Ondan sonra adını heyətdən çıxarmağa qərar verdim. Dedim ki, maya qədər milliyə çağırmayacam.

- Rahil Məmmədov əsas millinin heyətində dünən iştirak etdi və səhvlərə yol verdi. Aşağı yaş qruplarımızın ən yaxşısı odu, yoxsa daha yaxşıları var?

- Şəxsən məni Rahilin oyunu qane etdi. Nəzərə alsaq ki, birinci oyunu idi. Böyük təzyiqli oyun idi. Düzdür, inamsız epizodlar var idi. Kimdənsə pis oynadığını deyə bilmərəm. Rahil pis çıxış etmədi. O ki qaldı aşağı yaş qrupundakı materiala, bunu hamımız çox gözəl bilirik. Məncə, hamımız hər şeyi aydın görürük.

- Farer adaları ilə oyunda qapımız qarşısında bu qədər epizod olacağını gözləyirdiniz?

- İkisi də standartdan oldu. Çətin olacağını gözləyirdim. Qol epizodları fərdi səhvlərdən oldu. İkinci qoldan sonra dərin nəfəs aldılar. Onların üzərində böyük təzyiq var idi. Bir çoxu optimal formada deyildi.

- Barış Ekincini Türkiyə Futbol Federasiyası "oğurlasa" necə olacaq?

- Barışı U-19-dan tanıyırdım. Bizim gəlişimizdən sonra debüt etdi. Bu tip problemlər yaşayacağıq. Barışla gözəl münasibətimiz var. Düşünürəm ki, burada oynamaqdan zövq alır. Elə münasibət qururuq ki, hər şey yaxşıdır.  Mən onları itirmək istəmirəm.

Daha çox


Son xəbərlər