Millimiz Farerlə oyunda: müsbət və mənfi məqamlar – mütəxəssislərin rəyi

Millimiz Farerlə oyunda: müsbət və mənfi məqamlar – mütəxəssislərin rəyi
ÖLKƏ FUTBOLU 12 Oktyabr 2018 / 13:29 5019
-  A +

UEFA Millətlər Liqasının 3-cü turunda dünən səfərdə Farer adalarının qonağı olan millimiz vacib qələbə qazandı.

Qol.az-ın məlumatına görə, 3 cavabsız qolla gələn qalibiyyət komandamızın turnir cədvəlindəki mövqeyini yaxşılaşdırdı. Buna qədər 2 heç-heçə ilə 3-cü sırada yer alan yığma indi yalnız lider Kosovodan 2 xal geri qalmaqla 2-ci yeti tutur. Farer adaları üzərində qazanılan nəticə Qurban Qurbanovun komandasının 2 gün sonra Malta ilə ev oyununa nisbətən rahat çıxmasına da kömək edəcək.

Dünənki matça qayıtsaq, oyunda diqqət çəkən bir çox müsbət və mənfi məqamlar var idi. Məhz həmin məqamları təhlil etmək üçün mütəxəssislərə müraciət etdik. 

Milli komandamızın sabiq üzvü, “Neftçi”nin keçmiş baş məşqçisi Vəli Qasımov rəqibin bizdən üstün oynadığını etiraf etsə, qazanılan qələbənin önəmini vurğulayıb:

“Komandaya qələbə lazım idi. Bunu bacardıqları üçün hamımız sevindik. Düzdür, oyun yaxşı alınmasa da, rəqib bizdən üstün təsir bağışlasa da, millimiz lazım olan nəticəni qazandı. Ancaq Farer adaları da qapımız qarşısında kifayət qədər qol imkanı yaxaladı. Bəzi epizodlarda bəxtimiz gətirdi. Mən bu matçı “Qarabağ” – “Arsenal” görüşünə bənzədirəm. Biri oynayırdı, digəri vururdu.


Vəli Qasımov

Dünənki qarşılaşma da demək olar ki, belə alındı. Oyundan əvvəl komandamızda stress var idi. Bilirdilər ki, uduzsalar, çox şey itirə bilərlər. Bu, meydanda da hiss olunurdu. Futbolçular daha çox arxa xətdən oynamağa üstünlük verirdilər. İkinci hissədə isə daha rahat çıxış etdilər. Lakin Farer adaları pis oynamadı. Açığı, 50 minlik əhalisi olan ölkənin komandasından belə oyun gözləmirdim”.

V.Qasımova görə isə Farer adaları ilə oyunda əsas problem orta xətdə yaradıcı futbolçunun olmaması idi: “Əsas problem orta xətdə idi. O mövqedə elə bir yaradıcı oyunçumuz yoxdu ki, bir ötürmə ilə komanda yoldaşlarını qapıçı ilə üzbəüz qoysun, yaxud da uzaqdan qapıya yaxşı zərbələr endirsin. Əsas çatışmazlığı orada görürəm. Almeydanın oyun səviyyəsi bir qədər aşağı düşüb. Düzdür, yaxşı top saxlayır, amma ondan irəlidə olanlar bir qədər individual oyuna üstünlük verirlər. Bu baxımdan bir az axsayırlar. Bundan başqa,Kamran Ağayevdə də stress hiss olunurdu. Amma yenə deyirəm, belə vacib oyunlarda bu cür durumlar normaldır”.

Rüfət Dadaşov haqda da fikirlərini bildirən mütəxəssis “Proyssen”in üzvünün yaxşı hücumçu olduğunu desə də, onu indidən ulduza çevirməyin əleyhinə olduğunu bildirib: “Açığı, Rüfət Dadaşov haqda çox eşitmişdim, amma oyununu az görmüşdüm. Dünən meydanda pis işləmədi, özünü yaxşı tərəfdən göstərdi. Bizə xeyir verə bilər. Çünki Almaniyada oynayır, fərqli futbol görüb, böyük təcrübəsi var. Hiss olunur ki, meydandakı fikirləri də digərlərindən fərqlənir. Pis oyunçuya oxşamır. Ancaq onun haqqında elə danışırlar ki, sanki ulduzdur. Xeyr, Rüfət hələ ulduz deyil. Milli komandada çox şey etməməsinə baxmayaraq, haqqında çox danışırlar”.

AFFA Məşqçilər Komitəsinin üzvü, əməkdar məşqçi Ağasəlim Mircavadov indiki məqamda əsas amilin qələbə qazanmaq olduğunu bildirib:


Ağasəlim Mircavadov


“Mənim üçün əsas qələbə idi. Çünki 2 heç-heçədən sonra qalibiyyət vacib amildir. Zəif oynaya da bilərlər. Ancaq komandanın özünə gəlməsi üçün hansısa qələbə lazımdır. Yığmamız səfərdə yaxşı hesabla qalib gəldi. Əsas olan budur. Mənfi və müsbət məqamlar haqda Malta ilə oyundan sonra daha ətraflı danışmaq olar. Çünki bu qələbə psixoloji baxımdan böyük önəm daşıyır. Bundan sonra Malta ilə matça sakit hazırlaşmaq olar.

Təcrübəli mütəxəssis dünənki oyunda əsasən müdafiə xəttində problemlərin olduğunu söyləyib: “Yaddan çıxarmayaq ki, dünən Rahil Məmmədovla Bədavi Hüseynov ilk dəfə millidə birlikdə oynayırdı. Qurban Qurbanov gənc futbolçuya şans verdi ki, bu da yaxşı amildir. Bunu alqışlayıram. Təbii ki, onların mövqe səhvləri oldu. Çünki 2 topu qapı xəttindən çıxardıq. Bu, bizim səhvimizdir, üzərində işləmək lazımdır. Ümumiyyətlə, görülüsi iş çoxdur. Bir-bir saysaq, vaxt aparar. Fikrimcə, əsas müsbət cəhət odur ki, uşaqlar qələbəyə hazır idilər. Bunu da bacardılar”.

4 illik fasilədən sonra milliyə qayıdan Rüfət Dadaşov haqda da danışan A. Mircavadov komandamızın belə hücumçuya ehtiyacı olduğunu qeyd edib: “Rəqibin müdafiəçilərini təzyiq altında saxlamaq üçün Rüfət kimi mərkəz hücumçusuna ehtiyac var idi. Ötürmələr zamanı topu qəbul edib, cinahlardakı boşluqları yaxşı görürdü. Həmin mövqedə oynayan futbolçular da boş sahəyə yaxşı açılırdılar. Yenə deyirəm, iş çoxdur. Farer adaları ilə oyunda müdafiədə etdiyimiz səhvlər Malta ilə matçda olmamalıdır. Heç nə birdən birə həll olunmur. Zamana ehtiyac var. Əsas qələbə idi, buna görə komandanı təbrik edirəm”.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər