Bakıdan Torşavna - Farer adalarından qeydlər

Bakıdan Torşavna - Farer adalarından qeydlər
ÖLKƏ FUTBOLU 10 Oktyabr 2018 / 11:18 3881
-  A +

Atlantik okeanı üzərində yazı yazmaq yerdən daha rahatdır. Təyyarə hərdən hava boşluğuna düşüb, silkələnsə də, burda səni nə telefon zəngi narahat edir, nə sosial şəbəkələrdə gələn mesajlar, nə də digər kənar müdaxilələr.

Okeana qayıdacağıq. İndi başlayaq lap əvvəldən.

Bizi uzaq Farer adalarına səfər, biz isə millimizin baş məşqçisi Qurban Qurbanovu gözləyirik. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısındayıq. Yığmamızın çalışdırıcısı gəlir və  Millətlər Liqasının 3-cü turunda Farer adaları ilə səfər oyunu öncəsi brifinq başlayır. Pasport qeydiyyatına tələssə də, suallarımızı cavablandırır. Həmişəki kimi ehtiyatlı və təmkinli danışır. Millimizin qələbədən başqa heç bir nəticə haqda düşünmədiyini deyir.

***

Təyyarədəyik. Əvvəlcə Danimarkanın paytaxtı Kopenhagenə getməliyik. Millimizin oyunçuları fərqli əhval-ruhiyyədədilər. Məsələn, “Qarabağ” və “Neftçi” futbolçuları nikbin, “Qəbələ”lilər isə bikef görünür. Yəqin ki, bu, onların Premyer Liqamızdakı nəticələri ilə bağlıdı.

Legionerlər isə sakitdilər. Təkcə Riçard Almeydadan başqa. Milləşdirilən braziliyalı həmişəki kimi zarafatlaşır, gülür. Ən çox təyyarədə o baş-bu başa gedən isə Ramil Şeydayevdir. Gənc hücumçu yayda transfer olunduğu Rusiyanın “Krılya Sovetov” klubunda nəinki meydanda, heç oturmağa öyrəşdiyi ehtiyat oyunçular skamyasında da bu qədər aktiv deyil.

Ümumilikdə isə komandamızda bir susqunluq var. Malta və Kosovo ilə görüşlərdə vacib xallar itirən yığmamız təbii ki, Farar adalarına qalib gəlməyi özünə borc bilir. Belə olan halda komanda üzərində təzyiqin olması mütləqdir. Bu amili səfər boyu hiss etmək çətin deyil.

Qapıçımız Kamran Ağayev isə çox rahatdır. Yanından keçəndə düşünürsən ki, yəni, Farer adaları futbolçuları buna qol vura bilər? Əvvəl inanmağın gəlmir, sonra fikirləşirsən ki, gör, kimlərdən qol buraxmışıq. Təki, Bakıya da belə özünə arxayın şəkildə dönsün. 

Qurban Qurbanov isə həmişə olduğu kimi, futbolçulara bir-bir baş çəkir, biz jurnalisləri də unutmur. Gəlir və özünəməxsus tərzdə zarafatından da qalmır. Dərhal da əvvəlki ciddi görkəmini alaraq geri qayıdır.

Beş saatlıq yolçuluqdan sonra təyyarəmiz  Kopenhagendəki hava limanına eniş edir.  Futbolçularımız orda kiçik bir sürprizlə qarşılaşır. Vaxtilə “Qarabağ” və  “Neftçi”də fiziki hazırlıq üzrə məşqçi işləmiş Ruben Selleslə rastlaşırıq. Millimizin əksər üzvləri ispaniyalı məşqçi ilə səmimi görüşür. Ruben hazırda Danimarka klublarından birində çalışır.

Kopenhagendə kifayət qədər vaxtımız var. Qurban Qurbanov futbolçulara oyunöncəsi mətbuatla ünsiyyəti qadağan etdiyindən bizimlə səfərə çıxan veteran futbolçular İsgəndər Cavadov və Vaqif Sadıqovun millimizin həm ümumi, həm də qarşıdan gələn Farer adaları ilə oyunu haqda fikirlərini öyrənmək istəyirik. Cavadov həmişəki kimi təklifimizi rədd edir. Millimizin sabiq çalışdırıcısı isə bu dəfə danışmaq həvəsində olmadığını deyir. Sadıqov indiki məqamda millimizi və onun baş məşqçisi Qurban Qurbanovu nə tərifləyə, nə də tənqid edə biləcəyini düşünür.

Təqribən iki saat gözlədikdən sonra bizi Farer adalarına aparan “Atlantic Airways” şirkətinə məxsus təyyarə sürət yığır. O təyyarə ki, onu Farer adalarının kiçik hava limanına eniş etmək üçün xüsusi ixtisaslaşmış pilotlar idarə edir.

***

Bu reysimizdə artıq 7 saatdır yolda olan təyyarə sərnişinləri yorğun görünürdü. Yalnız gülərüz stüardessalar enerjili idi. Hava gəmisinin qızları özü gözəl olsa da, verdikləri yeməklər bizimkilərə çata bilməz.Çatmaq demişkən, artıq səbirsizliklə görmək istədiyimiz 18 adadan ibarət olan Farer adalarındayıq. Pilotlar sağ olsunlar, uğurlu eniş edirlər.

Yerli vaxtla saat 01:00 olsa da, hava limanından qalacağımız otelə gedərkən gəldiyimiz ölkənin ekzotikasını görürük. Eniş etdiyimiz Voar adasından paytaxt Torşavnın yerləşdiyi Streymoy adasına gedirik.

Avtobusla bir ada ilə hərəkət edərkən təxminən bir kilometr aralıda digər adanı görürsən. Yolları Ağsu aşırımına bənzəyir. Hərdən isə dağın içinə girən 4-5 kilometr uzunluğunda tunellərdən keçirik. Beləsini heç yerdə görməmişəm.

Avtobus bir saatlıq yoldan sonra qaldığımız otelin qarşısında dayananda başa düşürük ki, burda qalacağıq. Buranın hava limanı da kiçikdi, evləri də, otelləri də, otellərin lifti də, otaqları da. Bəs insanları necədi? Qəribə orasıdır ki, hava limanından otelə gələnə qədər o qədər də gec olmasına baxmayaraq, yolda heç bir insana rast gəlmədik. Təbii ki, arxipelaqda cəmi 48 min əhalinin yaşaması da bu məqama təsir edir. İndi saat 03:00-dur (Bakı vaxtı ilə 06:00). 14 saatlıq yoldan sonra dincəlmək lazımdır. İnsanları da səhər açılanda görərik.

Ramiq AĞAMƏMMƏDOV
Farer adaları, Torşavn

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"